22 iyula sözardı…

elnurastanbeyli@gmail.com

Hər il bu günlərdə – 22 iyul Milli Mətbuat Günü ərəfəsi və sonrası! – hamı bir qayda olaraq, Həsən bəy Zərdabidən danışır, onun mətbuatımızın əsasını qoymasından hörmətlə bəhs edir. Ən yüksək səslə danışanlar isə bir qayda olaraq, rejimin qoltuğuna sığınan, ondan leqal və qeyri-qeyri leqal yolla bəslənənlərdir. Belələrinin arasında dünənəcən tənqidçi mətbuatı təmsil edən, bu gün isə 180 dərəcə əksi ilə məşğul olanlar – Sistemə ən ağlagəlməz formada yaltaqlananlar, yalmananlar kifayət qədərdir.
Çox maraqlıdır ki, onlar Həsən bəydən bəhs edərkən utanıb-qızarmadan mütləq belə bir cümlə qururlar: “Zərdabinin min bir məhrumiyyətə dözərək çıxardığı ”Əkinçi" qəzeti…" (arxası artıq maraqlı deyil, ona görə də davam etmək istəmirəm).
Indi bunlardan soruşmaq lazımdır: ay nanəcimlər, Zərdabinin “Əkinçi”ni min bir məzrumiyyətə dözərək yaratmasından, yaşatmasından ağızdolusu, fəxrlə danışırsınız, bəs özünüz niyə dözmürsünüz?! Bəs özünüz komfort həyat, pul-para naminə niyə həqiqəti yalana dəyişirsiniz? Bəs özünüz niyə bir mənzil, bir deputat mandatı naminə Xeyirə qulluğu Şərə nökərçiliklə əvəzləyirsiniz?
Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə qəzetçiliyin missiyası xeyli ağırdır. O yalnız xəbər daşıyıcısı deyil. O həm də Şərə qarşı çevrilmiş süngüdür. Bu ona baha başa gəlir, bu onu inanılmaz məhrumiyyətlər qarşısında qoyur. Amma nə etməli? Zülmün qaranlığı hər yeri çulğayıbsa, toplumu aydınlatmaq, onu işığa doğru aparmaq həm də mətbuatın borcudur. Hansı ki, Zərdabi də yola elə bu missiya ilə çıxmışdı. Ondan sonra adını Azərbaycan mətbuatı tarixinə həkk edənlər də ilk növbədə özlərini həqiqətin əsgərləri kimi görürdülər, süngüyə çevrilmiş qələmləri ilə cəhalətə, xürafata, dövrün bütün iyrəncliklərinə, eybəcərliklərinə qarşı savaşırdılar.
Son vaxtlar bizdə çağdaş media prinsiplərindən basıb-bağlayan xeyli müdrik, mütəfəkkir peyda olub, bilirəm ki, onlar yuxarıdakı sətirləri oxuyub qəzəblənirlər. Onlar hesab edirlər ki, guya biz eşşəyik, günümüzdə medianın tərəfsiz, obyektiv, siyasi, yaxud ideoloji tərəfkeşlikdən uzaq olmaq kimi standartlarından bixəbərik. Qəribədir ki, belələri adətən nümunə kimi Qərbi Avropa ölkələrinin təcrübəsini göstərirlər, amma heç vaxt da oturub düşünmürlər:
1. Azərbaycan kimi çağın çox gerisində qalmış, dünyada “jurnalist həbsxanası” kimi ad çıxarmış despotik bir ölkə ilə hansısa Norveçi, Danimarkanı, Fransa yaxud Almaniyanı tərəzinin eyni gözünə qoymaq, bərabəryanlı müqayisələr aparmaq nə qədər doğru, nə qədər məntiqli, nə qədər vicdanidir?
2. Standartlarını misal göstərdiyiniz ölkələrin indiki səviyyəyə hansı ağrılı, acılı, çətin, məşəqqətli mərhələlərdən keçərək gəldiyini niyə unudursunuz? Nə vaxtsa həmin ölkələrdə də sözün, qələmin, qəzetçiliyin indiki standartlardan çox fərqli olaraq, siyasi-ictimai missiya yükləndiyini niyə yaddan çıxarırsınız? Axı gəlişmiş ölkələrin indiki səviyyəyə gəlib çatmasında vaxtilə orada da qələmini süngüyə çevirənlərin az rolu olmayıb, hətta birbaşa rolu olub!
Indi hər kəsin öncəliyi Azərbaycanı hüquqi-demokratik, modern, mədəni dünya ölkəsinə çevirmək və bu yolda əngələ, maneəyə çevrilənlərə qarşı dirəniş olmalıdır. Hər kəs bacardığı qədər çağdaşlığın önünü açmağa, Şərə qarşı dayanmağa çalışmalıdır. Peşəkar olduğu qədər vətəndaş olmağı da bacarmalıdır.
Azərbaycan kimi zülmün, səfalətin, cəhalətin tapdağında inləyən ölkələrdə vətəndaş mövqeyi, münasibəti olmadan “dəqiq, qərəzsiz” olanların axırda hansı rüsvayçı aqibət yaşadıqları göz önündədir. Gəlin artistlik eləməyək. Heç saxta müdrikliyə, özünü guya dəhşət çoxbilmiş kimi göstərməyə də ehtiyac yoxdur. Hamımız Azərbaycanın ağrıyan yerini də bilirik, ona nəyin dərman olacağını, onun necə sağalacağını da!