Uçmaq niyə ucuz olsun ki?.

Əhali “Azal”ın əlindən qan ağlayır. Qiymətləri olduqca bahadır. İllərdir təyyarələrində cibimiz yana-yana uçuruq. Deyinib-söylənməyimizə əhəmiyyət verən də yox. İnadla və höcətliklə dirəniş göstərir  şirkətin sahibləri. Qiymət endirimi az qala fəlakət kimi qəbul edilir. Guya bundan aşağı yeri yoxmuş. İnanan daşa dönsün. Gürcüstan hava yollarının ucuz bilet qiymətlərinə baxanda, bu işin ağ yalanı çıxır. Bu yalanın da içindən o çıxır ki, “Azal” ölkə əhalisini soymaqla məşğuldur. Həqiqətən, bu qədər yoxsulu olan ölkədə belə qiymətlər açıq soyğunçuluqdur. Üstəlik, bu ölkənin yazıq insanları dünyanın bütün aviaşirkətlərində ənənə halını alan güzəşt və bayram kampaniyalarına da həsrətdir. Bütün bunların səbəbi daha çox qazanmaq istəyindən başqa nə ola bilər ki? Sanki müəllimi 150 manat maaş alan ölkədə aylıq dövriyyəsi on milyonlarla ölçülən bir şirkət azacıq qazanc itirmiş olsa, dünya dağılacaq… 

İllərdir “Azal”ın sərnişini olaraq şirkətin xidmət səviyyəsindən bir gileyim yox. İnsafən, xırda detallar nəzərə alınmasa, hər şeyi normal qiymətləndirmək olar. Uçuş təcrübəmdə üç il əvvəl Bakıda baş verən qar çovğunu zamanı reysin təxirə salınmasını çıxsam, ciddi bir gecikmə və ya başqa qanqaraçılıq faktı olduğunu da xatırlamıram. Hələ üstəlik, bir təsadüf nəticəsində “SW TRAVE”in ilk sərnişin biletini alan şəxs kimi tarixə düşmək də varmış yazımda. Bu təsadüfün mənə hər hansı imtiyaz-filan tanıdığını düşünüb, sadəlövhlük etməyəcəksiniz hər halda. Dünya təcrübəsində öz brendinə hörmət qoyan bütün aviaşirkətlər vaxtaşırı “şanslı” sərnişinlərini sürprizlərlə sevindirsələr də, biz belə şeyləri öyrəncəli deyilik. Biz birinci, yüzüncü, mininci, on mininci sərnişin olanda da, gerçək dəyişmir. Bu məkanda insanın hər şeydən ucuz olduğunu unutduran nəsə yoxdur hələ ki… 

Xülasə, “Azal”la  əhalinin əsas dərdi bahalıqla bağlıdır. Çox tanıdığım insanlar var ki, bu bahalıq üzündən günlərlə avtobus yolu gedirlər. Səhhətləri imkan vermədiyi halda belə, ağır yol şərtlərinə qatlanmalı olur çarəsiz insanlar. Şirkətin qiymət siyasətindən narazılıq o həddə çatıb ki, insanlar sosial şəbəkələrdə etiraz kampaniyaları keçirib fəryad edirlər. Hər hansı cavab reaksiyası olmadığına görə, bu fəryadı eşidib-duyan da yoxdu xeyli zamandır. Amma yaxın günlərdə ölkə başçısının “Azal”ın adını gündəmə gətirməsi, şirkəti tərpətdi axır ki. Açıqlanan məlumata görə, iyulun 21-də şirkətin İdarə Heyətinin kollegiyası aviabiletlərin qiymət endirimlərini müzakirə edib. Müzakirələrin sonunda  konkret tədbirlərin görülməsi haqqında qərar verilib. Gəl ki, yekun qərarın nəticələri ucuz bilet almaq istəyən sərnişinləri yenə xəyal qırıqlığı yaşadır. Buna qiymət endirimi yerinə, insanları ələ salmaq da deyilə bilər. Məsələn,  Bakı – İstanbul – Bakı. Gediş – gəliş – 230 manat (əvvəl 330 manat).

1) Yalnız əl baqajı imkanı (5 kq)

2) Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).

3) Uçuş zamanı pulsuz yemək verilmir. Bumu ucuzlaşma? Özünüz qiymətləndirin, bəlkə, mən düzgün anlamadım.

Əslində, bütün məsələlər gəlib ölkənin bərbad durumuna dirənir. Hər şey ancaq insanın birtəhər keçinməsinə, acından ölməmək üçün dirənməsinə hesablanıbsa, nəyə və niyə təəccüblənək ki?  Bir ölkədə sürünmək bu qədər bahadırsa, uçmaq niyə ucuz olsun ki?