“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun ölkə başçısı İlham Əliyevdən mükafat almasını Azərbaycanın demokratik ictimaiyyəti kəskin qınaqlarla qiymətləndirdi. Sosial şəbəkələrdə bu hadisəyə verilən reaksiyaların əksəriyyəti belə olub ki, baş redaktor bununla azad sözü, demokratik düşərgəni, əqidəsini satdığının təsdiq etdi.
Maraqlıdır ki, bu hadisəyə reaksiya eyni qiymətləndirmə ilə Azərbaycan sərhədlərini aşıb da. Azərbaycan demokratik ictimaiyyəti ilə dost olan, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil İlham Əliyevin Rauf Arifoğlunun yaxasına medal taxdığı yerdə şəkilini facebook səhifəsində belə bir qeydlə paylaşıb: “Dərindən təəssüf edirəm”. Müzakirə zamanı isə bu mənzərədən nəyə görə təəssüf etdiyini açıqlayıb: “Ona görə məyusam ki, Rauf Arifoğlu onun bir neçə həmkarının, jurnalistin və bloqçunun türmədə olduğu vaxtda İlham Əliyevdən medal aldı…”.