İsa Qəmbərlə Rauf Arifoğludan bir-birinə sərt ittihamlar

İ.Qəmbər: “İlham Əliyevlə barışmaq haqsızlıqla barışmaqdır”; R.Arifoğlu: "Adı onların əvəzindən İlham Əliyev verib"; A.Ayxan: "Girin həbsxanaya, zatən əlinizdən bir iş gəlmir"

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefasına və İlham Əliyevdən mükafat almasına münasib ət bildirib. O, özünün facebook səhifəsində yazıb:

“Gənc dostlarımızdan Turxan Qarishga mənə belə bir sualla müraciət edib.
“İsa bəy, Gözlər həm də sizdədir. Rauf Arifoğlunun partiyadan istefası və sizin rəqibiniz olan İlham Əliyevdən mükafat alması haqda nə deyə bilərsiz? Günün ən çox müzakirə olunan məsələsidir”.
Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz mənzərə tamamlanardı.
Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.
Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil”.

“Yeni Müsavat” cəbhəsindən İsa Qəmbərə cavab özünü çox gözlətməyib. Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan yenə “Facebook”dan sabiq başqanı ağır sözlərlə ittiham edib (lent.az): “Bu günə kimi bir öz barışdıqlarınıza baxın, bir bizim barışdığımıza. Rəsul Quliyevdən, Lalə Şövkətə, Əli İnsanovdan, Gültəkin Hacıbəyliyə, Rəhim Qazıyevdən Etibar Məmmədova, Rüstəm İbrahimbəyovdan Əli Ömərova kimi onlarca Əliyevçilərə qucaq açmısınız. Bu adamları Heydər və İlham Əliyevlər dövlətə sözün birbaşa və dolayı mənasında qurşun sıxdıqlarına görə, siyasi dönüklük etdikləri üçün vəzifədən, təmsil olunduqları postlardan qovub. Onlar həmin adamları qovduqca, siz bunların reabilitasiyasını icra edib yenidən siyasi həyata döndərmisiz. Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz”.
Azər Ayxan ad çəkmədən yazıb ki, İsa Qəmbərə “Yeni Müsavat”çıların onun əvəzinə hakimiyyətlə vuruşub, həbsxanaya düşməsi sərf edir: "O isə bəyanat versin ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız”.

Rauf Arifoğlu özü də İsa Qəmbərə cavab verib. O, lent.az-a açıqlamasında deyib ki, ortada gözlənilməyən bir ssenari yoxdur.
Baş redaktor Müsavat Partiyasının sabiq başqanından belə münasibət gözləyib-gözləmədiyi ilə bağlı suala cavabında deyib ki, “filankəsdən bunu gözləmirdim” cümləsini ünvanına işlədəcəyi dostlarının sayı həddindən çox azdır.
İ.Qəmbərin bir zamanlar “Rauf Arifoğluna hücum Müsavat Partiyasına hücumdur” yanaşmasının niyə dəyişdiyi barədə isə baş redaktor bildirib ki, İ.Qəmbər bu sözləri deyəndə Müsavat Partiyasının başqanı idi, indi isə başqan deyil.

Rauf Arifoğlu başqa bi açıqlamasında isə aldığı mükafata görə Arif Hacılı və İsa Qəmbərdən təbrik gözlədiyini ifadə edib. Bildirib ki, ona gələn təbrik zəngləri və mesajları minlərlədir, lakin onların içərisində Arif Hacılı və İsa Qəmbərin təbrikləri yoxdur. "Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacılı prezident olsaydılar, onlar da mənə qəzetçiliyin "usta" titulu hesab olunan əməkdar jurnalist adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olaydılar, edəydilər… Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993-2013! 20 il. 2 dəfə də türmə yatmışam. Yeri gəlmişkən, indi mənimlə bu qədər "maraqlananlar", hər addımımı izləyənlər mən türmədə yatan zamanlar ortada qalmış 3 uşağımla, ailəmlə heç maraqlanmadılar. Həbsdə olduğum 17 ay ərzində partiyanın indi "önəmli liderləri" olanlar bir dəfə qapımı açmadılar, bir dəfə də uşaqlarımla, valideynlərimlə görüşmədilər, ilgilənmədilər. Bunca vəfasızlığı mən etməzdim, yenə də etməm. Ad çəkib, irad da bildirib, utandırmaq istəmədim, birilərini”, – deyə o, qeyd edib.