Rauf Arifoğlu ifşanın finişində

Yaxud haqsızlığa əmək sərf etməyin mükafatı

Axır ki, Rauf Arifoğlunun arzuları çin oldu. Ölkə başçısı “Yeni Müsavat” şefinin qəribsəyən yaxasına “nəmər” taxdı.  Qədim zamanlarda  mübariz insanlarla çiyin-çiyinə durub, sonradan çiynini şərin çiyninə söykəmək ağır məsələdi. Indi o təkcə “həci” deyil, həm də əməkdar jurnalistdi. Rauf Arifoğlu çox addımladı, çox çaba göstərdi, hökumətin könlünü şad etdi və nəhayət Azər Həsrətlə yanaşı dayandı.
Görünür, Rauf Arifoğlu Ilham Əliyevin sınaqlarından üzüağ çıxdı. Indi o vüsala çatmış aşiq kimidir. Fotolardan da görünür ki, çox təsirlənib. Biz də Rauf Arifoğlunu təbrik edirik. Amma heç kimə belə təltif arzulamırıq. Zarafat deyil, “Yeni Müsavat”ın əməkdaşı, Rauf Arifoğlunun partiyadaşı Tofiq Yaqublunu saxta ittihamlarla həbsdə saxlayan adamdan mükafat alıb. Bu yaxınlarda Rauf Arifoğlunun yazarlarından biri yazmışdı ki, biz 90 dərəcə dəyişmişik. Amma real vəziyyət onu göstərir ki, bu fırlanma ən azı 180 dərəcədir.
Media kapitanı gənc əsgər kimi prezidentin qənşərində dayandı və keçmişini keçmişdə söydüyü hökumətə təhvil verdi. Rauf Arifoğlu mətbuata açıqlamasında deyib ki, bu mükafat mənim üçün önəmlidir və 26 illik xidmətimə verilən qiymətdir. Ən maraqlısı isə budur ki, Rauf Arifoğlu bu mükafatı Ilham Əliyevin azad sözə, tənqidi mediaya dözümlü münasibəti kimi qiymətləndirib.
Rauf Arifoğlu ötən müsahibələrində də demişdi ki, mübarizəyə qazanc yeri kimi baxıb və perspektivin olmadığını görəndə  səngəri dəyişərək düşmənə pənah aparıb.
Rauf Arifoğlu axır ki, qalib gəldi. Bəli, bu adam keçmişi, mübarizəsi, əqidəsi üzərində qələbə qazandı. Indi o bütün dəyərləri məğlub etdiyinə görə sevinir. Əslində baş verənlərə sevinmək lazımdı. Rauf Arifoğlu hamıya göstərdi ki, onun üçün Allahın və xalqın mükafatı deyil, Ilham Əliyevin mükafatı önəmlidir.
Bu gün hökumət düşərgəsində xeyli adam var ki, bu mənzərəyə ikrahla baxır. Etiraf edək ki, düşərgəsini satanlara heç yerdə hörmət etmirlər. Sadəcə olaraq istifadə edirlər. 26 illik mətbuat yolçuluğundan sonra “azad sözə xəyanətə görə” mükafatı ilə təltif olunmaq “fenomenal” hadisədir. Bu qədər müddətdən sonra bir şəxsin jurnalistinə çevrilməyi uğur hesab etmək olarmı?
Artıq gecdir, dünya malı bu adamı bihuş etdi. Bugündən sonra o daha da şövqlə çalışacaq və vicdanlı insanlara qarşı “sveji” böhtanlar istehsal edəcək.
Zaman həqiqətən də böyük və ədalətli hakimdir. Rauf Arifoğlu öz dili ilə “mən kiməm” sualına cavab verdi.
Insafən, Rauf Arifoğlu bu mükafata layiqdir. Çünki, bu adam haqqın səsinin batırılması, siyasi məhbusların unutdurulması, avtoritar rejimin imic qazanması, vicdanlı adamların ləkələnməsi üçün çox əmək sərf edib. Özünün də dediyi kimi, əkdiyini biçməklə məşğuldu. Açığı, hökumətin ən çox oxunan müxalifət qəzetinin rəhbərinə təşəkkür də düşür. Adam xeyli insanı tərəddüddən qurtardı, xeyli suallara cavab verərək nöqtə qoydu. Məlum oldu ki, o, uzun müddətdi rejimin əsgəridi. Düşünürük ki, Raufun bu təltifindən ən çox “Səs”, “Yeni Azərbaycan” kimi qəzəetlər məyus olub. Çünki, Rauf Arifoğlu onların bazarını məhv edərək, “müstəqil şərləmə” sektorunu monopliyaya alıb. O sübut etdi ki, hakimiyyətin qiymətli ənamlarına görə ən yaxın silahdaşlarını da güllə qabağına verə bilər.
Bundan sonra Rauf Arifoğlu çox selfielər çəkdirəcək. Çünki bu adamın yalnız özünə baxmağa üzü qalıb. Inanırıq ki,  “Yeni Müsavat” bundan sonra AXCP-ni, Milli Şuranı daha tez-tez “yad” edəcək və yeni mükafatlara imza atacaq.
O başa düşdü ki, şeytana daş atmaq yanlış imiş. Indi həmin daşları bir-bir haqqın carçılarına atacaq. Amma bir həqiqət də var ki, bundan sonra Raufun atdığı daşlar baş yarmağa  kifayət etməyəcək. Ən pis halda ayaqları cızacaq.
Allah heç bir istədiyi bəndəyə belə yüksəliş nəsib etməsin. Çünki, bu yüksəklik hər tərəfdən təpə kimi görünür.

Akif