İran neft bazarını çökdürəcək

Tehran hasilatı təxminən 2 dəfə artırmağa hazırlaşır; ekspertlər əvvəlki səviyyəyə uzağı 1 ilə çatılacağını deyir

Iranın Neft naziri Bican Zanganeh, Tehranda Almaniyanın Baş nazirinin müavini Sigmar Qabriel ilə keçirdiyi birgə mətbuat konfransında gündəlik neft hasilatını mümkün olan ən qısa müddətdə 4.7 milyon barrelə çıxarmağı planlaşdırdıqlarını deyib.

Zanganeh, həmçinin qaz hasilatının bu il gündəlik 120 milyon kub metr artırıldığını da qeyd edib.

Zanganeh deyib ki, Iranın yeni neft kontraktları dekabr ayında Londonda keçiriləcək konfransda müzakirə ediləcək. Iran iyun ayında gündəlik 2.85 milyon barrel neft hasil edib.

Keçmişdəki örnəklərə baxılsa, Iranda sanksiyalar səbəbindən azalan neft hasilatı hamının düşündüyündən daha sürətli şəkildə əvvəlki səviyyələrinə qayıda bilər.

Analitiklər və treyderlər, Tehranın sanksiyalar aradan qalxdıqdan sonra 2012-ci ildən əvvəlki hasilat səviyyələrinə çatmaq üçün ən azı bir ilə ehtiyacı olmasında həmfikirdilər.

Amma bəzi faktlar Iranın istehsalı daha tez müddətdə əvvəlki səviyyəyə qaytara biləcəyinə işarə edir. OPEC üzvləri Liviya və Venesuelanın gözləniləndən daha sürətli şəkildə neft hasilatını bərpa etməsi Irana nümunə ola bilər.

2002-ci ildə “Petroleos de Venezuela” dövlət neft şirkətində tətil keçirilmişdi. Tətil zamanı avadanlıqlara böyük ziyan vurulmasına və şirkətin minlərlə işçisini işdən çıxarmasına baxmayaraq, Latın Amerikası ölkəsi istehsalını dörd ay ərzində gündə 2 milyon barrelə qaldıra bilmişdi. O dövrdə Beynəlxalq Enerji Təşkilatı (IEA) hasilatın bərpasını “gözləniləndən daha kəskin” adlandırmışdı.

Ikinci örnək isə Müəmmər Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən vətəndaş müharibəsindən sonra Liviyada hasilatın bərpa edilməsidir. Münaqişələr ərzində Liviyada istehsal tamamilə dayandı. Analitiklər, treyderlər və Liviyalı üsyançılar hasilatın gündə təxminən 1 milyon barrel səviyyəsinə çıxmasının 18 ay alacağını deyirdilər. Ancaq 6 ay ərzində istehsal əvvəlki səviyyəyə çatdı.

“Wood Mackenzie” və “Standard Chartered” də daxil olmaqla bir çox analitikin birgə qənaəti Iranın hazırda 2,8 milyon barrel səviyyəsində olan istehsal gücünü sanksiyalardan əvvəlki səviyyə olan gündəlik 3,8 milyon barrelə çıxara bilməsi üçün ən azı bir ilə ehtiyacı olduğu istiqamətindədir.