
İran İnqilab Keşikçiləri Korpusu Tehranın «altılıq» ölkələri ilə əldə etdiyi nüvə anlaşmasına qarşı çıxıb. Korpus komandiri general Məhəmməd Əli Cəfəri hesab edir ki, anlaşma İranın keçməməli olduğu «qırmızı xətlərlə» ziddiyyət təşkil edir. İran xarici işlər naziri Cavad Zərif parlamentdəki son çıxışında generalın bu iradına cavab olaraq «qırmızı xətlərin» əksəriyyətinin qorunduğunu və Tehranın bu anlaşmadan qazanclı çıxdığını bildirib. Anlaşma ilə bağlı İran tərəfinin çox güzəştlər etdiyinə dair irada gəlincə, Zərif qeyd edib ki, qazanmaq üçün nələrisə fəda etmək lazımdır: «Anlaşmanın tamamən bizim lehimizə olduğunu demirik. Bəzi güzəştlər olub. Dini liderimizə söylədiyimi sizə də deyirəm. «Qırmızı xətlərin» çoxunu qorumaq üçün əlimizdən gələni etdik. Unutmayaq ki, hər bir anlaşmada almaq və vermək var. Hər iki tərəf əsas tələblərini həyata keçirmək üçün nələrdənsə vaz keçməlidir. İran bu anlaşma ilə açar sayılacaq hədəflərinə çatdı».
Gültəkin