İlham Əliyevin medallı mətbuatı

Mətbuatın inkişafı nə ilə ölçülür? Bilirik, medalların sayı ilə! Məddahlığın əhatəsinin böyüməsi ilə!

İlham Əliyev milyonlar  xərcləsin, sıralarımızı ən müxtəlif  üsullarla seyrəltsin, medallar paylasın, amma həqiqi medianı məhv edə bilməyəcək. Çünki az sayda həqiqi jurnalistin yanında milyonlar  –  bloqçular,  Facebook və Twitter yazarları var, müstəqil ekspertlər, iqtisadçılar, vəkillər, həqiqəti demək istəyən cəsur vətəndaşlar var. Gənclik var. Yalan ayaq tutub yeriyə bilmir. Əllərində bu qədər TV, sayt, qəzet var, lakin bütün yalanlar dərhal ifşa olunur.

Nə inkişaf nağıllarına inanırlar, nə də televiziyalarına baxırlar. Qəzetlərini isə oxuyan yoxdur. Gizlinlər isə bir-bir üzə çıxır. Seçki saxtakarlığından tutmuş iri korrupsiyalara qədər, xaricdəki mülklərdən tutmuş paket maaşlara qədər hər şey sənədli-sübutlu cəmiyyətə çatdırılır. Nə qədər istəsələr də ki, xalq hər şeyə “bir külək idi, əsdi keçdi” kimi baxsın, alınmır…

Medallı məddah mətbuatın ölkədəki ictimai və mənəvi mühitə böyük ziyanı danılmazdır. Korrupsiyanın sözçüsünə dönmüş bu dəstə yaltaqlığın, riyakarlığın, yalanın platformasını quraraq, Azərbaycanı mənəvi bataqlığa çevirməyə ruporluq edir.  Buna baxmayaraq, onların böhtan və şər yayımı xidməti ciddi rol oynamır. Hamısının xorla apardığı bir təbliğat  bir gəncin, bir ekspertin sosial şəbəkədə yazdığı bir neçə cümləlik qeydi ilə darmadağın olur. Yerli vətəndaşı yalandan turist elan etmək belə, dərhal ifşa olunur. Xalq bunların sözünə inanmır. Nəticə olaraq, bu hakimiyyəti saxlayan medallı mətbuatın qələmi yox, polis dəyənəyidir. Medallı mətbuatın qələmi dəyənəyin əlavəsi olmaq qədər cılızdır əslində. Polis dəyənəyi olmasa, bu qələm yazmaz da!

Mətbuata dəstək şousuna gəldikdə, nəticə tarixin gülüşünə səbəb olacaq durumdadır. Hər il “Əkinçi” günündə prezidentin mətbuata və jurnalistlərə dəstəyindən ağızdolusu danışanlar da yaxşı bilir ki, “Əkinçi”nin getdiyi kəndlərə bu gün qəzet getmir. Tarixi rəzalətdir bu! 5000-ə yaxın Azərbaycan kəndinin heç birində qəzet köşkü yoxdur, təkcə dağ kəndlərində deyil. Həm də təkcə kəndlərdə mövcud deyil bu vəziyyət, şəhərlərdə belə əsl qəzet aclığıdır. “Yer üzərindən” köşkləri yığışdırmaqla kifayətlənməyib, yeraltı təmizləməyə keçdilər – metro girişlərində də qəzet satışı qadağan edildi.

Qayğıya baxın:  jurnalistlərə ev paylayıb, qəzet evlərini sökürlər.  Bəs bu jurnalistlər niyə ev ala bilmir, niyə qanuni yolla pul qazana bilmir? “Azadlıq” qəzetinin satışdan gələn pulunu da verməkdən imtina etdilər “Qasid” firmasının əli ilə. Adı da budur ki, dövlətə məxsus “Qasid”in pulu yoxdur. Bakı şəhərində əsas yayım firmasının pulu yoxdursa, onda mətbuatın inkişafı nə ilə ölçülür? Bilirik, medalların sayı ilə! Məddahlığın əhatəsinin böyüməsi ilə!

Jurnalistlərin həbsi də daxil olmaqla, mətbuata o cür dəstək də, jurnalistlərə ev paylamaq da, medallar da yalnız və yalnız mətbuata qarşı repressiyanın tərkib hissəsidir, azad sözün boğulmasıdır. Bura reklamın qadağan edilməsi, köşklərin bağlanması, infrastrukturun hakimiyyətin inhisarında saxlanılması da daxildir.

O qədər şaxəli, hərtərəfli iş gedir ki! Amma nə qədər çox iş görsələr də, nə qədər çox çalışsalar da, bir hədəfə heç cür nail olmurlar. Tənqidçi media, az sayda müstəqil jurnalist, iqtisadçılar, vəkillər, müxtəlif peşə və statusdan olan vətəndaşlar, gənclik internetin köməyi ilə azad medianı və həqiqətin yayımını qoruyub saxlayır. Azadlıqlar və söz azadlığı Azərbaycanda təntənə quranadək belə olacaq!