amerika

Hakimiyyətin Amerika yalanı

Hökumətyönümlü media ictimaiyyəti yenə aldatmağa çalışır

Artıq bir neçə gündür ki, hakimiyyət mətbuatı ABŞ-ın Azərbaycanla əlaqələri bərpa etməyə can atdığının təbliğatını aparır. Təbliğat xarakterli yazılarda bir müddət əvvələ qədər aparılan kampaniyadan əsər-əlamət olmasa da, yenə də müraciət olunan tezislər və gətirilən arqumentlər reallıqdan uzaqdır. Hətta məsələ o yerə çatdırılır ki, ABŞ-ın Azərbaycandan çəkindiyi belə vurğulanır. “Yeni Müsavat” qəzetinin dünənki manşet yazısı da bu qəbildəndir. Məqalədə vurğulanır ki, ABŞ Azərbaycanın onu fakt qarşısında qoymasından çəkinib. Azərbaycanın Əfqanıstanla bağlı hərbi əməkdaşlığa son qoymaq hədəsi və ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul oluna biləcəyi Vaşinqtonu “geri addım atmağa” vadar edib.
Bu cür tezislər ABŞ-ın Azərbaycandakı səfiri Sekutanın açıqlamalarına rəğmən tirajlanır. Baxmayaraq ki, həm Sekuta, həm də keçmiş səfir Kozlariç ABŞ-ın Azərbaycandan demokratiya ilə bağlı tələblərinin gündəmdə qaldığını bəyan edir.

“Amerikanın mövqeyində hər hansı dəyişiklik yoxdur”

Əslində bu günlərdə ABŞ Senatında Azərbaycandakı repressiyaların müzakirəyə çıxarılması hakimiyyətlə Qərbin anlaşdığı barədə iddiaları alt-üst edib. Bundan başqa, Sekuta dövlət katibinin köməkçisi Viktoriya Nulandın bəyan etdiyi Azərbaycan-Amerika birgə komissiyasının yaradılması məsələsinin hələ aktual olduğunu bildirib: “Əslində biz demokratiya sahəsində yaradılacaq komissiya barəsində danışırıq. Hazırda bu məsələnin icrası gedir. Bu məsələ çözülmək istiqamətindədir, danışıqlar gedir. Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub, eyni zamanda biz də danışıqlar aparırıq. Siz başa düşüdüyünüz kimi, belə mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələ inkişafdadır”.
Bu məqam göstərir ki, ABŞ Azərbaycan hakimiyyətilə danışıqlarda, iddia edildiyi kimi, demokratiya məsələsini arxa plana salmayıb. Əksinə, Qərb indi daha çox demokratiya məsələsinə önəm verir. Bundan başqa, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Qərblə Azərbaycan hakimiyyəti arasında anlaşma olduğu barədə YAP iqtidarının nəzarətində olan media orqanlarında dərc edilmiş materialı “Facebook” səhifəsində paylaşaraq bütün bunların uydurmadan başqa bir şey olmadığını bildirib.

Fuad Qəhrəmanlı: “ABŞ-ın Azərbaycanla münasibətlərin bərpasına razılaşması  barədə deyilənlər ictimaiyyəti aldatmaq cəhdidir”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, öncə onu vurğulamaq yerinə düşər ki, Vaşinqtonla Azərbaycan arasında münasibətlərin bərpa olunmasına dair iqtidar mediasının ortaya atdığı iddiaları diplomatik mənbələr təsdiqləməyib. F.Qəhrəmanlının qənaətincə, bu fikirləri ortaya atmaqla cəmiyyəti aldatmağa çalışırlar ki, guya Amerika Azərbaycan iqtidarının inadkar davranışını görüb sonunda geri çəkilməli oldu: “Əslində isə Amerikanın mövqeyində hər hansı dəyişiklik yoxdur. Əksinə, ABŞ siyasi məhbusların azad olunması, demokratik azadlıqların təmin edilməsi məsələsində öz əvvəlki israrçı mövqeyini davam etdirir. Amerikanın ölkəmizdəki səfiri Sekuta bildirib ki, Nulandın Bakıya səfəri zamanı razışalşdırdığı birgə komisiyanın yaradılması istiqamətində danışıqlar davam edir. Dövlət katibinin müavini Nuland Ilham Əliyevlə görüşü zamanı ölkəmizdə insan haqlarının durumunu monitorinq edəcək komissiyanın yaradılmasını razılaşdırmışdı. Əslində bu komisiyanın yardılması ABŞ-a imkan verir ki, ölkəmizdə insan haqlarının vəziyyətini Azərbaycan tərəfi ilə birgə monitorinq edərək, anındaca narahatlıq yaradan məsələlərə müdaxilə edə bilsin”.
F.Qəhrəmanlının sözlərinə görə, göründüyü kimi, Ammerika səfiri bu mövqeyin dəyişmədiyini və ABŞ-n birgə komissiya yaratmaq niyyətindən geri çəkilmədiyini bildirməklə, əslində ABŞ-ın mövqeyində hər hansı dəyişikliyin olmadığını nəzərə çatdırır. Ona görə də iqtidar mediasının guya insan haqları və siyasi məhbuslar məsələsinə qarışmamaq müqabilində ABŞ-ın Azərbaycanla münasibətlərin bərpasına razılaşması barədə deyilənlər ictimaiyyəti aldatmaq cəhdidir: “Digər tərəfdən, guya Azərbaycanın Əfqanıstanda hərbi iştirakdan imtina edəcəyi xəbərdarlığından sonra ABŞ-ın narahat olması barədə deyilənlər də ciddi yanaşma deyil. Çünki ABŞ-ın Əfqanıstanda hərbi kontingentini çıxarma ərəfəsində Azərbaycanın bu ölkədə kiçik hərbi qrupunun olması heç bir əhəmiyyət daşımır. Artıq ABŞ əvvəlki kimi NATO missiyası altında koalision güclərin uzunmüddətli quru antiterror əməliyyatını aparmır. Məhz Iraq və Əfqanıstanda bu cür əməliyyatlar zamanı Azərbaycanın müsəlman ölkəsi kimi simvolik hərbi iştirakı daha çox o məqsədi güdürdü ki, bu əməliyyatlar antiIslam hərəkatı kimi görünməsin”.
F.Qəhrəmanlı hesab edir ki, hazırda bu mərhələ arxada qaldığı üçün ABŞ-ın Azərbaycanın hərbi iştirakına marağı da dəyişib. Eyni zamanda Azərbaycan ərazisi Əfqanıstana hərbi yüklərin daşınması məsləsində də artıq heç bir önəm daşımır. Hərbi maraqlara görə ABŞ-ın öz demokratiya tələblərindən geri çəkilməsi barədə deyilənlərin əsası yoxdur: “Bu konteksdə, altılıq ölkələri ilə Iran arsındakı nüvə razılaşmasını da nəzərdə tutsaq, bu, hərbi baxımdan Azərbaycana olan ehtiyacın aradan qalxması deməkdir. Bu razılaşma Azərbaycanın həm tranzit ölkə, həm də qaz ixracatçısı kimi əhəmiyyətini xeyli dərəcədə aşağı salır. Razılaşmadan sonra Iranın iri həcmdə neftinin dünya bazarına ixracı da Azərbaycanın bu səhədə təsir imkanlarını minimuma endirir. Əksinə, Azərbaycan Rusiyanın yanında olmaqla özünü Rusiyaya qarşı yaranmış beynəlxalq koalisiyanın hədəfinə çevirib. Bu isə o deməkdir ki, geopolitik amillərə görə Azərbaycanda demokratiya məsələsinə həssas münasibət bundan sonra da artmaqda davam edəcək”. F.Qəhrəmanlı ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı aparılan təbliğata da münasibət bildirib. “Iddia olunur ki, ölkəmizin bu təşkilata üzvlüyü ABŞ-ı ciddi narahat edib. Bu, gepolitikadan anlayışı olmayanların qeyri-ciddi iddiasıdır. Şanxay Əməkdaşlıq Təşkilatı bu gün nə hərbi, nə siyasi, nə də ki, iqtisadi baxımdan ABŞ-a və Avropa Birliyinə rəqabət yaradacaq gücdə və imkanda deyil. Bura daxil olan və olmaq istəyən ölkələr arasında nəinki strateji maraq birliyi yoxdur, hətta bir çox baxımdan onlar bir-birinə rəqib və düşmən sayılırlar. Bu birliyin əsas nüvəsi Çin və Rusiya hesab olunur. Nə bu birlik elə bir qurum deyil ki, Azərbaycan ora daxil olmaqla rəqib güc kimi rəqabət qabiliyyəti artmış olsun, nə də ki, Azərbaycan elə resurslara sahib deyil ki, onun bu ittifaqa qoşulması ilə Şanxay Əməkdaşlıq Təşkilatı ciddi bir güc qazanmış sayılsın, deyə F.Qəhrəmanlı vurğuladı.
F.Qəhrəmanlı bildirdi ki, bu gün qlobal səviyyədə Qərb Rusiyanı çökdürmək planlarını həyata keçirməkdədir. F.Qəhrəmanlının qənaətincə, Avrasiya bölgəsində gepolitik tarazlığın müəyyənləşməsi də bu siyasətin nəticəsindən asılı olacaq: “Azərbaycan isə bu geopolitik, geostrateji, geoekonomik proseslərdə müstəqil oyunçu deyil, Rusiyanın yandaşıdır. Qərbin təsirilə yaxın gələcəkdə postsovet məkanı Rusiya mərkəzli vahid geosiyasi məkan olmaqdan çıxacaq. Ukrayna məsələsi bu istiqamətdə Rusiyaya vurulmuş çox böyük zərbədir. Bu proses getdikcə Azərbaycan kimi cırtdanların məsələsi də öz həllini tapacaq”.

Hikmət