Azərbaycan mövzusunun içində olan təcrübəli Amerika diplomatı bütün bunların uydurma olduğunu bildirdi
Bu günlərdə ABŞ Senatında Azərbaycandakı repressiyaların müzakirəyə çıxarılması hakimiyyətlə Qərbin anlaşdığı barədə iddiaları alt-üst edib. Bundan başqa ABŞ səfiri Robert Sekuta “Amerikanın səsi”nə müsahibəsində dövlət katibinin köməkçisi Viktoriya Nulandın bəyan etdiyi Azərbaycan-Amerika birgə komissiyasının yaradılması məsələsinin hələ aktual olduğunu bildirib:
“Əslində biz demokratiya sahəsində yaradılacaq komissiyanın barəsində danışırıq. Hazırda bu məsələnin icrası gedir. Bu məsələ çözülmək istiqamətindədir, danışıqlar gedir. Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub, eyni zamanda biz də danışıqlar aparırıq. Siz başa düşüdüyünüz kimi, bu kimi mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələ inkişafdadır”.
Bu fakt göstərir ki, ABŞ Azərbaycan hakimiyyətilə danışıqlarda iddia edildiyi kimi demokratiya məsələsini arxa plana salmayıb. Əksinə Qərb indi daha çox demokratiya məsələsinə önəm verir. Bundan başqa ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Qərblə Azərbaycan hakimiyyəti arasında anlaşma olduğu barədə YAP iqtidarının nəzarətində olan media orqanlarında dərc edilmiş materialı Facebook səhifəsində paylaşaraq bütün bunların uydurmadan başqa bir şey olmadığını bildirib.
Qeyd edək ki, qəzetimizin ötən sayında Prezident Administrasiyasından (PA) deputatlara, hökumətyönlü QHT-lərə və iqtidarın nəzarətində olan media orqanlarına bununla bağlı xüsusi tapşırıq gəldiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, tapşırığa əsasən xüsusilə müxalifət düşərgəsini ruhdan salmaq üçün Qərbin hakimiyyətlə separat danışıqları barədə məlumatlar dövriyyəyə buraxılmalıdır.
Bildirmişdik ki, bu proses artıq başlayıb. Hakimiyyətin nəzarətində olan bəzi KIV-lər Qərblə Azərbayncan iqtidarı arasında hansısa yeni razılaşmalara barədə məlumatlar dərc edir.



