Qənimət Zahidin qardaşı oğluna narkotik ittihamı verildi

«Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar»

Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qnunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə “Turan”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bəlli olub. Maddənin sanksiyasında 5 ildən 12 ilədək həbs nəzərdə  tutulur.

Rüfət Zahidov iyulun 20-də Bakıda saxlanılıb.

Atası Fərasət Zahidov “Turan”a bildirib ki, oğlu əvvəlcə Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idadəsinə aparılıb. “Guya onun cibindən və avtomobilindən 5 qram heroin götürüblər. Bu ittiham tam uydurmadır. Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar. Bunu digər qardaşımın oğlunun, əmimin oğlunun həbsi də sübut edir. Hazırda qardaşım Əfqanın oğlunu da axtarırlar”,- deyə o, qeyd edib.

Qeyd edək ki, iyulun 21-də Şamaxıda Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov saxlanılıb. Elə həmin gün məhkəmə onu 25 gün müddətinə həbs edib. Ondan əvvəl isə baş redaktorun digər qardaşı oğlu Tural Zahidov polisə müqavimət ittihamı ilə həbs edilib. Ona 30 sutka həbs cəzası verilib.

Qənimət Zahid bildirib ki, bu həbslər ona “Azərbaycan saatı” proqramının yayımını dayandırması üçün təzyiq göstərmək məqsədi daşıyır. Qohumlarına qarşı repressiyalara baxmayaraq, Fransada mühacirətdə olan Qənimət Zahid fəaliyyətini dayandırmaq niyyətində deyil.