Türkiyə tranzit ölkə olmaqda yox, birgə ixrac sisteminin yaradılmasında maraqlıdır
Ilham Şaban: «Türkiyənin yaranmış situasiyada seçdiyi mövqe ən düzgün olanıdır»
“Moskva bizi yalnız tranzit ölkə kimi görür. Bunun bizim üçün heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq”. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Qazprom” şirkəti ilə Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya çatdırmalı olan “Türk axını” layihəsinə dair danışıqları şərh edərkən belə deyib.
T.Yıldız bu məsələyə dair razılaşmanın əldə olunduğunu bildirib. Amma əlavə edib ki, Rusiya bu məsələdə geriyə addım atıb.
Türkiyəli nazirin sözlərinə görə, “Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir: “Biz maraqlarımıza təhdid yaradan güzəştlərə heç vaxt razı olmayacağıq”.
T.Yıldız əlavə edib ki, bu problem yalnız qaza görə güzəştlərin verilməsi ilə həll oluna bilməz.
“Türk axını”nın tikintisi barədə qərar 2014-cü ilin dekabrında bağlanmış “Cənub axını” layihəsi üzrə işlər dayanandan sonra qəbul olunub. Bu kəmərin illik ötürmə gücü 60 milyard kubmetr təşkil edəcək (Virtualaz.org).
“Türk axını” ilə bağlı Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik bir sıra suallar doğurur. Hazırda Rusiya Türkiyəyə təzyiqi bir qədər artırmaqdadır. Amma Türkiyənin maraqlarından geri çəkiləcəyi görünmür.
Iqtisadçı ekspert Ilham Şaban hesab edir ki, əslində türk rəsmilərinin verdiyi açıqlamalar, Ankaranın göstərdiyi reaksiya Rusiyanın qərarına sərt təpki sayılmalıdır. Əslində Türkiyə bu addımı atmaqla göstərir ki, Ankaranın “Türk axını” layihəsindən gözləntiləri “Qazprom”un təklif etdiyindən daha çoxdur: “Türkiyə bu layihənin gerçəkləşəcəyi təqdirdə Rusiya qazından 15 faiz güzəşt əldə etməyi düşünürdü. Türkiyə bəyan edirdi ki, o ”Türk axını" gerçəkləşəndən sonra “Trans-Balkan” kəməri ilə qaz almayacaq. Rusiya “Türk axını”ndan istifadə etməklə Ukrayna, Rumıniya, Bolqarıstan kimi ölkələrin tranzit xərclərindən azad olurdu. Ona görə Türkiyə Rusiya qazını birbaşa aldığından o endirim sırf iqtisadi hesablama əsasında olmalı idi. Türkiyə bəyan edirdi ki, bu məbləğ sırf əlavə tranzitin aradan qaldıırılması hesabına başa gələn məbləğ idi".
Türkiyə Rusiyanın Qara dənizdə “Türk axını”nı reallaşdırmasına imkan yaratmaqla Kremlin proyektinə ikinci həyat verdiyini deyən I.Şaban vurğuladı ki, Rusiyanın baş verənlərə yanaşması çox qəribə oldu: “Dünya bazarında təbii qazın qiyməti enir. Çünki qazın qiyməti neftin qiymətinə bağlıdır. Rusiya bu amili əsas götürərək bəyan edir ki, yalnız 10 faiz güzəştə gedə bilər, çünki qazın qiyməti aşağı enir. Amma türklər bazarlaşma məsələsində daha təcrübəlidir. Türkiyə bəyan edir ki, hazırda qiymət aşağı olsa da, bir müddət sonra qiymətdə müsbətə doğru dəyişiklik baş verə bilər. Ona görə Türkiyə xərclərin müəyyənləşməsində fərqli formulun tapılmasını təklif edir”.
I.Şaban hesab edir ki, Türkiyənin yaranmış situasiyada seçdiyi mövqe ən düzgün olanıdır. Türkiyə Rusiyanı baş verənlərlə bağlı tələsdirir. Çünki çox gözəl bilir ki, Kremlin başqa alternativi yoxdur: “Kreml görür ki, vəziyyət mürəkkəbdir. Ona görə Rusiya Sankt-Peterburq iqtisadi forumunda bəyan edir ki, onlar ”Şimal axını-2" layihəsini həyata keçirmək niyyətindədirlər. Amma bu proyekt milyardlarla xərc tələb edir. Digər tərəfdən isə Avropanın şimal hissəsində qaza o qədər də ehtiyac yoxdur. Bu, sadəcə olaraq danışıqlar prosesində Türkiyəyə təzyiq formasıdır. Hər bir ölkə danışıqlar prosesində bu və ya digər vasitə ilə təzyiq metodlarından yararlanır".
Iki ölkə arasında yaşanan gərginliyin sonuna gəlincə, I.Şaban vurğuladı ki, bu bir neçə faktordan asılıdır. “Münasibətlərin necə olacağı regiondakı vəziyyətdən, Rusiya ilə Avropa arasındakı münasibətlərdən, Ukraynadakı hərbi əməliyyatların sonluğundan asılıdır. Rusiya elan edirdisə ki, Ukrayna üzərindən heç bir nəql olmayacaq, hazırda bu mövqeyə yenidən baxıldığı hiss olunur”, deyə ekspert vurğuladı.
Xəyal


