
İntiqam Əliyev: «Burada baş verənlər ölkədə məhkəmələrin, qanunçuluğun, ədalətin necə rəzil vəziyyətdə olduğunun göstəricisidir»
“Mənim həbsimin arxasında siyasi motivlər dayanır. Eləcə də Xədicə Ismayılın, Asif Yusiflinin və həbsdə olan digər dostlarımın… Çünki bizlər Azərbaycanda insan hüquqlarını müdafiə edirik, azad cəmiyyət uğrunda mübarizə aparırdıq” – bunu dünən Bakı Apellyasiya Məhkəməsində ölkənin ən görkəmli hüquqşünaslarından biri, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vicdan məhbusu Intiqam Əliyev çıxış edərkən deyib.
Intiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.
Intiqam Əliyevin vəkili Cavad Cavadov ilk növbədə müvəkkilinin məhkəmə zalında quraşdırılmış, şüşə, səskeçirməyən kabinədən çıxarılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, bu cür davranış açıq-aşkar şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasıdır: “Vəsatətlər və digər məsələlərlə bağlı vəkilin müvəkkililə mütəmadi məsləhətləşməsinə ehtiyac var. Intiqam Əliyev səskeçirməyən şüşə kabinəyə salınıb. Belə vəziyyətdə biz necə məsləhətləşək? Ədalətli məhkəmə araşdırması hüququ baxımından da Intiqam Əliyevin oradan çıxarılması, vəkillərilə məsləhətləşməsinə imkan yaradılması vacibdir”.
Bu yerdə Intiqam Əliyev özü də şüşəni döyəcləyərək vəkilinin vəsatətinə münasibət bildirmək istədiyini başa sala bildi. Sözügedən kabinədəki şəxsin səsini zaldakıların eşidə bilməsi üçün hakim öz masasındakı xüsusi düyməni yandırmalıdır.
“Belə yerdə insanı saxlamaq ləyaqəti alçaltmaqdır”
Intiqam Əliyev bildirib ki, istənilən şəxsin bu cür yerə salınması üçün ciddi əsaslar olmalıdır. Amma məhkəmə heç bir əsas göstərmədən onu belə bir yerə salıb: “Mənə izah edin görək, məndən bu zaldakılara bir xətər gələ bilər, yoxsa onlardan mənə? Təqsirləndirilən şəxsin vəkili ilə istənilən vaxt məsləhətləşmək hüququ var və buna imkan yaradılmalıdır. Norveçdə onlarla adamı qətlə yetirmiş Breyvik, yaxud Macarıstanda Ramil Səfərov məhkəmədə müdafiəçilərinin yanında əyləşmişdilər. Bura faktiki akvariumdur. Insanı burada saxlamaq başqa məhkəmə zallarınızdakı dəmir barmaqlıqlı qəfəslərə salmaqdan da qat-qat təhqiramizdir. Əslində, bura salmaqda məqsədiniz aydındır – məhkəmə zalındakı insanlarla ünsiyyətə imkan verməmək. Bura faktiki akvariumdur, belə yerdə insanı saxlamaq ləyaqəti alçaltmaqdır. Buranın bircə suyu və balıqları çatışmır. Siz bir az əvvəl soruşdunuz ki, məhkəmə tərkibinə etirazım varmı? Əslində, sizə etiraz üçün kifayət qədər əsaslarım var. Mənim barəmdə həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərardan verilən apellyasiya şikayətinə siz baxmısız və qanunsuz, əsassız qərar vermisiz. Buna baxmayaraq, indi sizə etiraz etmədim. Çünki Azərbaycanda ümumiyyətlə, müstəqil məhkəmə sistemi olmadığından bu işə kimin baxmağının fərqi yoxdur. Kim olsa, sifarişi yerinə yetirəcək. Indi isə mənə cavab verin: məni niyə bura salmısız? Xədicə Ismayılı, Leyla Yunusu, Asif Yusiflini burada niyə saxlayırsız?”
Bu yerdə Mirzəli Abbasov mikrofonu söndürüb və Intiqam Əliyevin kabinənin içində dediklərini zaldakılar eşitməyib. Ardınca isə Abbasov vəsatətin təmin olunmadığını açıqlayıb.
Vəkil Cavad Cavadovun daha bir vəsatəti xətşünaslıq ekspertizasının keçirilməsi barədə olub. Vəkil bildirib ki, Varşava Dövlət Universitetinin professoru bu cinayət işinin materiallarındakı ödəniş göstərişlərində Intiqam Əliyevin adından atılan imzaların ona məxsus olmadığına dair rəy verib: “Həmin rəyə əsaslanaraq, məhkəmə xəttşünaslıq ekspertizasının təyin olunmasını xahiş edirik”.
Müdafiə tərəfinin bu vəsatəti də təmin olunmayıb.
Intiqam Əliyev şüşəni döyəcləyərək, məhkəmə zalında danışılanların kabinədə eşidilmədiyini bir daha hakimlərin nəzərinə çatdırıb: “Bu nə deməkdir? Siz mənim hüquqlarımı açıq-aşkar pozursuz. Burada mən necə rəftar edim? Bununla bir qayda-qanununuz varsa, mənə də verin, bilim…”
“Hakim özü də dərk etdi ki, hansı absurda yol verib…”
Daha sonra hakim çıxışlar mərhələsinə keçildiyini elan edib. Əvvəlcə vəkillərdən Cavad Cavadov çıxış edib: Avqustun 8-də Intiqam Əliyevin həbsinin bir ili tamam olur. Ötən ilin həmin günü o, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılaraq, abstrakt bir ittiham elan olunub. Daha sonra onun təşkilatının ofisində axtarış aparılıb, kompüterlər, sənədlər ayrı-ayrılıqda protokollaşdırılmadan kütləvi şəkildə götürülüb. Hətta Intiqam Əliyevin müdafiəçi kimi Avropa Məhkəməsində apardığı işləri də götürüb aparıblar. Bu günə qədər ofisin qapısı bağlıdır, niyə açılmadığı da bizə məlum deyil. Bütün sənədləri götürüb, bizi müdafiə imkanından məhrum elədilər. Biz niyə Polşadan rəy almalıyıq? Çünki ölkə daxilində imkanlarımız məhdudlaşdırılıb, birinci instansiya məhkəməsində xətşünaslıq ekspertizası ilə bağlı vəsatətimiz təmin olunmayıb. Ittiham verilib ki, qeydiyyatdan keçməmiş qrant müqavilələri üzrə əməliyyatlar həyata keçirilib. Halbuki, biz məhkəməyə notarial qaydada təsdiqlənmiş sənədi təqdim etməklə sübut elədik ki, o müqavilələrin hamısı qeydiyyatdan keçirilib. Amma məhkəmə notarial qaydada təsdiqlənmiş o sənədi sübut kimi qəbul etməkdən imtina elədi.
Əslində, elə bu məhkəmənin də qərarına şübhə ilə yanaşıram. Ona görə heç vaxt sərf edib uzun-uzadı danışmaq istəmirəm".
Digər vəkil Şəhla Hümbətova da çıxışında bildirib ki, apellyasiya instansiyası ədalətli, hərtərəfli araşdırma aparmaq niyyətində deyil. Elə ən adi vəsatətlərin təmin olunmaması da göstərdi ki, bu məhkəmə prosesi də formal xarakter daşıyır: “Birinci instansiya məhkəməsində ittihamların heç biri sübuta yetirilmədən hökm oxundu. Təsəvvür edin, hakim Rasim Sadıxov hökmü elan edərkən deyir ki, ”Intiqam Əliyev fəaliyyət göstərdiyi dövrdə niyə cəbhə bölgələrindəki adamlara hüquqi yardım göstərməyib, Lənkəranda resurs mərkəzi açıb, amma cəbhə bölgəsində yox". Görünür, sonradan özləri başa düşdülər ki, hansı absurda yol veriblər, ona görə hökmün yazılı mətnindən həmin ifadəni çıxartdılar. Birinci instansiyada çoxsaylı vəsatətlərimiz heç bir əsas göstərilmədən rədd olundu. Eyni addımı siz də atdınız. Bu da göstərir ki, bu məhkəmə prosesi formal xarakter daşıyır".
Başqa bir vəkil Fəxrəddin Mehdiyev də Intiqam Əliyevə qarşı ittihamları sübut edə biləcək heç bir dəlilin olmadığını vurğulayıb: “Intiqam Əliyev barəsində hökm sübutlara yox, fərziyyələrə əsaslanır”.
“Siyasi sifarişlə həbs olunmuşam”
Vəkillərdən sonra çıxış üçün söz Intiqam Əliyevə verilib. Hüquq müdafiəçisi belə bir şəraitdə çıxış etməyi özünə qarşı təhqir kimi qiymətləndirib: “Ədalət mühakiməsi standartlara cavab verən şəraitdə həyata keçirilməlidir. Təcridxanada məcburən yerli telekanallara baxmalı oluram. Azərbaycan hakimiyyəti bütün günü Almaniyanı, Ingiltərəni, Amerikanı söküb dağıdır ki, orada ədalət yoxdur, insanların hüquqları pozulur. Azərbaycanda ədalət mühakiməsinin hansı vəziyyətdə olduğu bu gün bu zalda bir daha göründü. Burada baş verənlər bütövlükdə ölkədə məhkəmələrin, qanunçuluğun, ədalətin necə rəzil vəziyyətdə olduğunun göstəricisidir…”
Bu yerdə Mirzəli Abbasov hüquq müdafiəçisinin sözünü kəsib:
– Mahiyyəti üzrə danışın.
– Siz niyə mənə göstəriş verirsiz?
– Mən sədrlik edənəm.
– Hə, nə olsun? Mən elə mahiyyətdən danışıram. Deyirəm ki, mənim həbsimin arxasında siyasi motivlər dayanır. Siyasi sifarişlə həbs olunmuşam. Ilqar Məmmədovun məhkəməsində də vəkili onun siyasi sifarişlə həbs olunduğunu bildirəndə hakim vəkilə deyirdi ki, mahiyyəti üzrə danışın. Avropa Məhkəməsi Ilqar Məmmədovun işi üzrə qərarında onun siyasi motivlərlə həbs olunduğunu qeyd etməklə göstərdi ki, vəkil elə mahiyyəti üzrə danışırdı. Düzdür, beynəlxalq təşkilatların sənədlərini bu ölkədə kağız parçası sayırlar, amma istəsələr də, istəməsələr də Avropa Məhkəməsinin qərarları Azərbaycanda məcburi hüquqi qüvvəyə malikdir.
– Özünüzdən danışın…
– Mən elə özümüzdən danışıram. Normal məhkəmələrdə heç bu cür çıxışlara ehtiyac qalmır. Bu işin siyasi motivli olduğu açıq-aşkar göz qabağındadır. Bunu ölkə rəsmiləri də etiraf edir.
– Şikayətinizə əlavəniz varmı? Ondan danışın.
– Şikayətə əlavə nədir? Xədicə Ismayıl, Asif Yusifli, Leyla Yunus və başqaları niyə həbs olunub? Çünki insan haqlarını müdafiə edirik. Elə siz özünüz də yaxşı bilirsiz bizi niyə həbs eləyiblər.
– Məhkəmədən xahişiniz varmı?
– Mənim məhkəmədən xahişim var. Amma bura məhkəmə deyil axı… Yeri gəlmişkən, mən bu ölkədə ədalətli cəmiyyət qurmaq uğrunda öz azadlığından keçmiş dostlarıma təşəkkür etmək istəyirəm. Indi azadlıqda olub, amma haqq-ədalət uğrunda mübarizəsini davam etdirən dostlarıma təşəkkür edirəm. Bizə dəstək verən, buna görə Azərbaycan hakimiyyətinin “ermənipərəst” damğası ilə üzləşən beynəlxalq təşkilatlara təşəkkür edirəm.
Adətən norma məhkəmələrdə sonda adamlar məhkəməyə təşəkkür edir. Mənim belə məhkəməyə təşəkkür etməyə dilim gəlmir. Çünki bu ölkədə məhkəmə yoxdur…
Bu yerdə Mirzəli Abbasov kabinədəki mikrofonu söndürüb və hakimlər heyəti tələsik zalı tərk edib. Təxminən beş dəqiqə sonra geri qayıdaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanıldığını elan ediblər.
Aytən Məmmədova