Sərkisyan hakimiyyəti demokratikləşmə məsələsində də Azərbaycanı qabaqlayır
Azərbaycan hakimiyyəti israrla çalışdı və Azərbaycanı düşmən Ermənistana uduzdurdu. Bəli, torpağımızı işğal edən, tarixin bütün dönəmlərində türklərə ağır zərbə endirən, bugün də torpağımızı işğalda saxlayan Ermənistan xarici və daxili siyasətdə Azərbaycan hakimiyyətini üstələdi. Hamıya “erməni” damğası yapışdıran YAP hakimiyyəti ən böyük ermənipərəstliyi özü etdi. Əslində düşməni bu qədər önə çıxarmaq vətənə xəyanətin ən iyrənc formasıdır.
Əvvəla, Azərbaycan hakimiyyəti etraf etdi ki, Ermənistan xarici siyasətdə, təbliğatda xeyli öndədir. Demək olar, bütün beynəlxalq təşkilatları, nəhəng ölkələri erməni lobbisinin əsiri kimi təqdim etdilər. Məlum oldu ki, Azərbaycandan dünyaya axan milyardlar ölkənin təbliğinə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına deyil, hakimiyyətin şəxsi maraqlarına xidmət edib. Nəticə budur ki, heç bir yeraltı-yerüstü sərvəti olmayan Ermənistan lobbi fəaliyyətində, diasporanın effektli işində Azərbaycanı keçdi. Azərbaycan hakimiyyəti isə ermənipərəst ölkələrə maliyyə yardımı etdi, park saldı, muzey təmir etdirdi və s.
Ikinci məsələ düşmən ölkənin daxili siyasətində baş verdi. Belə ki, cinayətkar Sərkisyan rejimi nümayiş etdirdi ki, vətəndaşla razılaşmaq zəruridir. Etiraz aksiyası keçirən minlərlə erməni vətəndaşına heç bir təzyiq göstərilmədi, aksiya iştirakçılarına “vətən xaini”, “xarici dairələrin agenti” damğaları yapışdırılmadı və Sərkisyan hakimiyyəti baş verənlərdə Avropanı ittiham etmədi. Əksinə, vətəndaşa zor tətbiq etmiş polislərə cinayət işi açıldı, Sərkisyan vətəndaşlara müraciət etdi və problemin həllini vəd verdi. Daha sonra məlum oldu ki, Ermənistanda yeni konstitusiya layihəsi hazırlanır. Yeni layihədə ölkədə prezident və parlament seçkilərinin qaydaları dəyişdirilir və seçkilərin proporsional sistem əsasında keçirilməsi nəzərdə tutulur. Irəvanda Konstitusiya Islahatları üzrə Ixtisaslaşdırılmış Komissiya tərəfindən əsas qanunun yeni layihəsinin birinci yeddi maddəsi mətbuatda dərc edilib.
Ermənistan Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş informasiyada deyilir ki, dərc edilmiş fəsillər Konstitusiyanın əsas müddəalarını təşkil edir və ölkədə vətəndaşların əsas azadlıqları, vəzifələri yer alır. Eyni zamanda qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşması mexanizmləri, prezidentin, parlamentin, hökumətin, məhkəmənin hüquq və vəzifələri göstərilir. Qüvvədə olan sistemdən fərqli olaraq, yeni Konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Güman edilir ki, yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma Konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Hərbi vəziyyətlər zamanı baş nazir Ali Baş Komandan olur. Indiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentdir.
Göründüyü kimi, düşmən Ermənistan hakimiyyəti xalqla dost olmaq qərarına gəldi. Demək olar, uzun illlər Azərbaycan hakimiyyətindən tələb olunanları Ermənistan hakimiyyəti həyata keçirdi.
Qeyd edək ki, hər dəfə Qarabağ məsələsi müzakirə olunanda Qərbdən belə bir mesaj verilirdi ki, tərəflərdən hansı daha tez demokratikləşsə, Qarabağ münaqişəsinin həllində üstünlük əldə edəcək. Indiki mənzərə göstərir ki, işğalçı işğala məruz qalandan önə çıxır və beynəlxalq aləmdə imicini artırır.
Azərbaycan hakimiyyəti hətta Qarabağ məsələsinin həllinə görə də geriyə addım atmadı. Əksinə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Qarabağ məsələsində Azərbaycanın xeyrinə mövqe tutan ölkələrlə düşmənçilik apardı. Bugün bütün Qərb dünyası Azərbaycandan imtina edib. Çünki, Azərbaycan hakimiyyəti korrupsiyanı, avtoritarizmi, saxtakarlığı üstün tutdu və dövlətin marağını ayaqlar altına atdı. Daha dəqiq desək, Azərbaycan hakimiyyətinin xarici və daxili siyasəti Ermənistanı gücləndirməyə xidmət etdi. Xarici siyasət dünya ilə düşmənçiliyə, daxili siyasətsə vətəndaşı əzməyə xidmət etdi.
Ermənistan hakimiyyəti Konstitusiyaya dəyişiklik edib islahat apardığı halda, Azərbaycan hakimiyyəti Konstitusiyanı lazımsız bir kağız parçasına çevirdi.
Nəticə budur ki, YAP hakimiyyəti Azərbaycanı bütün mənalarda məğlub vəziyyətə saldı.
Akif


