«Bankı sağlamlaşdırdıqdan sonra satmaq özəlləşdirmənin fəlsəfəsinə ziddir»
Məhəmməd Talıblı: «Büdcədən Beynəlxalq Banka bu qədər vəsait xərclədikdən sonra onu özəlləşdirmək bankı satmaq yox, hədiyyə etmək anlamına gəlir»
Ilham Əliyevin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanmasının hansı nəticələr doğura biləcəyi barədə məlumat vermişdik. Amma imzalanan fərmanla bağlı bir sıra suallar hələ də qalır. Xatırladaq ki, fərmana əsasən, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli, həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.
Fərmana görə, ABB-nin problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, ABB-nin restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planı 6 ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim ediləcək və özəlləşdirmə də bundan sonra başlayacaq.
Bir sözlə, Beynəlxalq Bankın da özəlləşdirilməsi prosesi artıq bundan əvvəl Kapital Bankla bağlı yaranmış ənənəyə uyğun olaraq həyata keçiriləcək.
Nəyə görə Beynəlxalq Bank məhz dövlətin vəsaiti hesabına dirçəldilməli və daha sonra özələşdirməyə çıxarılmalıdır? Anlayırıq ki, Beynəlxalq Bankın əsas səhm sahibi kimi dövlət çıxış edir. Amma özələşdiriləcək banka vəsaitin buraxılması hansı məntiqdən irəli gəlir? Beynəlxalq Bankın problemli kreditləri ilə bağlı bir müddət əvvəl sahibkarlara, hakim ailəyə yaxın biznes strukturlarına qarşı başlanılan təzyiqlər bir daha sübut edir ki, baş verənlərdə hakim ailə özü maraqlıdır. Bu isə onu deməyəəsas verir ki, Beynəlxalq Bankı da son nəticədə ailə bankına çevrilmək aqibəti gözləyir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hər hansı müəssisənin özəlləşməyə təqdim olunmasına səbəb adətən o olur ki, həmin müəssisənin dövlətdə qalması əlavə xərclər tələb edir: “Dövlətlər özəlləşmə prosesini ona görə aparır ki, həm müəssisələrin sağlamlaşmasını həyata keçirsin, həm də özəlləşmədən müəyyən gəlirlər əldə etsin. Əgər həmin müəssisələr rəqabətə davamlı, rentabeli olsalar, dövlət onlardan uzun müddətli istifadə edər. Dövlət resurslarından istifadə edərək Beynəlxalq Bankı sağlamlaşdırdıqdan sonra özələşməyə təqdim etmək əslində özəlləşmənin fəlsəfəsinə ziddir. Çünki özəlləşmə onu tələb edir ki, dövlət öz resurslarından həmin müəssisəyə yönəltməməlidir. Əks halda bu, rəqabətli mühit yaradır. Daha çox həmin sahə məhz dövlətin hesabına ayaqda qalır və sonrakı prosesdə hakimiyyət həmin müəssisəni öz favoritlərinə ötürür”.
M.Talıblı hesab edir ki, indiki halda dövlət büdcəsindən Beynəlxalq Banka bu qədər vəsait xərclədikdən sonra onu özəlləşdirmək bankı satmaq yox, hədiyyə etmək anlamına gəlir: “Belə addım atılacaqsa, bu, dövlətin alıcıya xüsusi himayəsi deməkdir. Himəyadarlıq varsa, deməli, dövlət resurslarından həmin şəxsin biznesinin çiçəklənməsi üçün istifadə olunur”.
Hikmət