Bakı-Tbilisi-Ceyhan təhlükədə

Rusiya Qərbin enerji məsələsində Azərbaycana vacib partnyor kimi baxmasını həzm edə bilmir

Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələrinin iyulun 10-da “sərhəd xəttini” sakitcə irəli çəkərək Bakı-Supsa neft kəmərinin 1600 metrlik hissəsini nəzarət altına alması Qərbdə ciddi narahatlıq doğurub. Virtualaz.org saytı xəbər verir ki, Qərb siyasətçiləri və mediası bir neçə gün gecikmə ilə rusların Gürcüstanda irəliləməsi ətrafında böyük hay-küy qaldırıblar. Artıq BMT baş katibi və AŞ PA prezidenti də bu məsələyə dair narahatlıq bəyanatları ilə çıxış edib.
Fransanın “Le Blog Finance” nəşrinin yazdığına görə, bəlkə də gürcülər Cənubi Osetiyanın inzibati sərhədlərinə nəzarət edən Rusiya hərbçilərinin sərhəd xəttini göstərən lövhələri bir neçə yüz metr irəli çəkməsinə göz yumardılar. Çünki rusların sərhəd lövhələrinin yerini dəyişməsi nəticəsində Gürcüstanın Qori rayonunun onsuz da Tiflisin nəzarətində olmayan iki kəndi Cənubi Osetiyanın nəzarətinə keçib.
Lakin məsələ ərazidə deyil, neftdədir. Əgər Cənubi Osetiyanın nəzarətinə keçən ərazidən strateji əhəmiyyətli Bakı-Supsa ixrac neft kəməri keçməsəydi, gürcülər buna o qədər də əhəmiyyət verməzdi.
“Rusiya hər gün öz piyadalarını bir az qabağa itələyir və havadan güclü neft qoxusu gəlir”, – deyə Fransa nəşri yazır.
Bakı-Supsa ilkin neft kəməri Bakı-Tiflis-Ceyhan kəməri istifadəyə verilənə qədər Azərbaycan neftinin Rusiyadan asılı olmayan əsas ixrac marşrutu idi. Lakin bu kəmərin imkanları məhduddur. Çünki Supsa limanından neft götürən tankerlər Türkiyənin Bosfor və Dardanel boğazlarından keçməlidir.
Türkiyə isə boğazlardan neft tankerlərinin keçməsinə məhdudiyyət qoyub. Buna baxmayaraq rusların kəmərin bir hissəsini nəzarət altına alması daha çox Qərbə mesacdır.
“Rusiya bununla Qərbə nümayiş etdirmək istəyir ki, onun Qafqazdakı strateji layihələrinin təhlükəsizliyinə təminat yoxdur”, – deyə nəşr yazır.
Bakı-Supsa kəmərinin keçdiyi ərazilərin bir hissəsinin separatçı Cənubi Osetiyanın nəzarətində qalması ehtimalı çoxdan yaranmışdı. 2013-cü ildə Gürcüstan hökuməti bildirmişdi ki, əgər kəmərin bir hissəsi bu ərazilərdə qalsa belə ciddi problem yaratmayacaq. Çünki kəmər yerin altına basdırılıb.
Lakin yeganə problem ondan ibarətdir ki, kəmərin həmin hissəsində nasazlıq yaransa onu aradan qaldırmaq mümkün olmayacaq.
Kəmərin cəmi 1600 metrlik hissəsi Cənubi Osetiyadan keçsə də bu kifayətdir ki, istəyəndə bütün kəmərin işini dayandırasan. Rusiya isə Qərbə onun Cənubi Qafqazdakı layihələrini  təhlükəsizliyinin təminat altında olmadığını sübut etmək üçün buna gedə bilər. Təsadüfi deyil ki, sərhəd lövhələrinin irəli çəkilməsi NATO-nun Gürcüstanda irimiqyaslı təlimləri ilə eyni gündə baş vermişdi.
Neftegaz.ru agentliyinin xəbərinə görə, sərhəd lövhələrinin irəli çəkilməsinə görə rəsmi Tiflisin etirazlarına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, lövhələr əvvəldən də həmin yerdə olub. Və Gürcüstanın “Rustavi-2" telekanalı bildirir ki, kəmər əslində Cənubi Osetiyanın SSRI-nin vaxtında müəyyən edilmiş inzibati ərazilərindən keçir. Bunu təsdiq edən xəritələr Tiflisdə var.
Lakin gürcü ekspert Vaxtanq Maisaya yerli qəzetlərdən birinə müsahibəsində deyir ki, Rusiya Cənubi Osetiya ilə Gürcüstan arasında yeni sərhəd bannerləri yerləşdirməklə kifayətlənməyəcək: “Ruslar daha da irəli gedə və Tiflis-Qori avtomobil yoluna da sərhəd bannerləri qoya bilər”.
Tiflis-Qori magistralı Azərbaycanı Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli quru dəhlizidir. Hazırda sərhəd bannerləri magistralın cəmi 350 metrliyindədir.
Gürcü ekspertə görə, Rusiyanın hərbi doktrinası Gürcüstanın strateci əhəmiyyətli iqtisaid obyektlərini nəzarət altına almağa imkan verir. Çünki hərbi doktrinada göstərilib ki, Rusiya onun iqtisadi maraqlarına təhlükə yaradan təhdidlərə qarşı hərbi müdaxilə edə bilər.
Vaxtanq Maisaya deyir ki, Rusiya Bakı-Tiflis-Ceyhan kəmərinə də əl uzada və onu nəzarət altına ala, daha sonra partlada bilər.
Ekspertin fikrincə, bu neft kəmərlərinə xarici konsorsiumların pullarının yatırılması Rusiyanı dayandırmayacaq və o, hər şeyə gedəcək. Xüsusən də ona görə ki, Qərb dövlətləri Rusiyanın “sürüşkən təcavüzünə” qarşı ancaq ümumi məzmunlu bəyanatlarla kifayətlənirlər.
“Uzağı onlar bəyanatlarını bir az sərtləşdirəcəklər. Bu mərhələdə Qərbdən başqa heç nə gözləmək lazım deyil”, -ekspert deyib.
Vaxtanq Maisaya deyir ki, Rusiyanın məqsədi Gürcüstanı beynəlxalq əhəmiyyətli layihələrdən çıxarmaq, onun ərazisindən neft-qaz kəmərlərinin keçməsinin qarşısını almaqdır. “Çünki hərbi doktrinaya görə bunlar Rusiyanın iqtisadi təhlükəsizliyini təhdid edir”, – deyə ekspert bildirib.
Onun fikrincə, Gürcüstan hökuməti Cənubi Osetiya ilə sərhədə qoşun yeritməli və nümayiş etdirməlidir ki, bundan o yana geri çəkilməyəcək.
Rəsmi Bakı Azərbaycan neftini ixrac edən kəmərlərdən birinin separatçı Cənubi Osetiyanın nəzarətində qalmasına münasibət bildirməyib. SOCAR isə bildirib ki, bu məsələ Azərbaycan neftinin nəqlinə problem yaratmayacaq. Çünki Supsa limanına nefti başqa yolla da çatdırmaq mümkündür.
Əslində Bakı-Supsa kəməri ilə neft nəqlini tam dayandırıb bütün ixrac neftini BTC-yə yönəltmək də mümkündür. Çünki BTC-nin  nəql gücü hazırda buna imkan verir. Lakin məsələ daha çox siyasidir və ekspertlərin də hesab etdiyi kimi, rusların məqsədi Qərbə mesaj verməkdir.
Bu məsələni “Azadlıq”a şərh edən ekspertlər bildirir ki, Rusiya bununla ciddi niyyətlərinin olduğunu ortaya qoyur. Məqsəd Qərbə enerjidaşıyıcılarının çatdırılmasını təmin edən şəbəkəyə real təhlükə yaratmaqdır. Ukrayna böhranından sonra Qərb ölkələrinin o cümlədən Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ variantlara çox ciddi diqqət göstərməsi Moskvanı olduqca narahat edir. Enerjidaşıyıcıları sahəsində Avropanın Rusiyadan asılılığını saxlamaq üçün Putin rejimi müxtəlif variantların tətbiqindən çəkinmədiyini sübut etməyə çalışır.
Gürcüstandan keçən kəmər şəbəkəsi Azərbaycan enerjidaşıyıcılarının Qərbə çatdırılmasında müstəsna rol oynayır. Ekspertlər Rusiyanın Gürcüstanda atdığı bu addımı Azərbycana qarşı təhlükəli addım kimi qiymətləndirir. “Rusiyanın bu tipli addımları göstərir ki, Putin rejimi Qərbin Azərbaycana enerjidaşıyıcıları məsələsində vacib partnyor kimi baxmasına kifayət qədər mənfi münasibət bəsləyir. Enerji maraqları Rusiyanı Azərbaycan üçün təhlükəli sayıla biləcək addımlardan çəkindirmir. Yaranmış vəziyyət Azərbaycan hakimiyyətindən Qərblə münasibətləri yaxşılaşdırmağı və Rusiyanın Azərbaycan üçün ziyanlı ambisiyalarının qarşısını birlikdə almağı tələb edir”,- deyə ekspertlər bildirir.