Türkiyədə dəhşətli terror FOTO VİDEO

18 yaşlı kamikadze 100-dən çox gəncin arasına girib, özünü partlatdı: 32 ölü YENİLƏNİB

Türkiyənin Şanlıurfa şəhərindəki terakt nəticəsində ölənlərin sayı 32-yə yüksəlib.Bu barədə açıqlamanı Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaş verib. O, partiyadaşlarından təhlükəsizlik tədbirlərini artırmalarını xahiş edib. 

***

Türkiyə mətbuatının yaydığı son məlumatlara görə terror nəticəsində ölənlərin sayı 31-ə çatıb. 100-dən çox yaralı var və onların əksəriyyətinin vəziyyəti ağırdır. Buna görə də ölü sayının artacağı istisna deyil.

***

Artıq Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Şanlıurfanın Suruç rayonunda bu gün saat 12 radələrində (Bakı vaxtı ilə 14) terror hücumu baş verib. İlkin məlumata görə, 28 vətəndaşımız ölüb. İnsan təlafatının artacağından narahatıq. Bölgədəki xəstəxanalara 100-ə yaxın yaralı çatdırılıb.

Ölkəmizin birlik və bütünlüyünü hədəf alan bu terror hücumu qarşısında hər kəsi birləşməyə çağırırıq".

Bu arada ola biləcək ikinci terror aktı ilə bağlı əhaliyə xəbərdarlıq edilib və onlara partlayış baş verən çay bağçasından uzaq dayanmaq tapşırılıb. "Reuters"ə açıqlama verən türk rəsmilər terror aktını İŞİD-ın həyata keçirdiyini açıqlayıblar.

İlkin ehtimallara görə, kamikadze 18 yaşlı bir qız olub. O, gənclərin arasına girərək burada özünü partladıb.

Bu arada ölü sayının 30-a yüksəldiyi xəbər verilir.

***

Türkiyənin Şanlıurfa şəhərində baş verən partlayış nəticəsində ölü sayı artıb. "Reuters" ölü sayının 20 olduğunu açıqlayıb. Türkiyə mediası isə ölənlərin sayının 27 olduğunu xəbər verir. Onlarla insan yaralı olduğundan ölü sayının artacağı istisna edilmir.

Hadisə yerində təcili tibbi yardım briqadaları işləyirlər.

Şanlıurfa Valisi İzzettin Küçük partlayış baş verən zaman İstanbulda olub. Lakin hadisədən dərhal sonra geri dönmək üçün yola çıxıb.

***

Partlayış anını göstərən video:

Türkiyədə terror aktı törədilib. Hadisə bu gün günorta saatlarında Şanlıurfanın Suruç rayonunda, Amara mədəniyyət mərkəzinin qarşısında olub. İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Partlayışı kamikadzenin törətdiyi barədə məlumatlar yayılıb.

Məlumata görə, Türkiyə vaxtı ilə saat 11:50-də (Bakı vaxtı ilə 13:50) Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay baxçasında "Kobaninin yenidən inşaası" mövzusunda mətbuat konfransı keçirən zaman hadisə törədilib.

Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələri də qırılıb.

CHP Ankara Millət vəkili Ali Haydar Hakverdi hadisə zamanı yaralananlar üçun qana ehtiyac olduğunu elan edib.

Hadisə şahidlərinin sözlərinə görə, ölü sayı elan ediləndən daha çoxdur. Belə ki, partlayış bir anda baş verib. Daha sonra hər yer cəsədlə dolub. "Hətta biz cəsədlərin altında qalmışdıq. Bu daha öncədən planlaşdırlan hücuma bənzəyir". (ans press).