
Son üç gündə Qənimət Zahidin iki qardaşı oğlu və bir əmisi oğlu saxta ittihamlarla həbs olunub
“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahidin qohumlarına qarşı repressiya dalğası başlayıb. Qənimət Zahid özü Fransada mühacirətdə olduğundan hakimiyyət onu Azərbaycandakı qohumlarına qarşı repressiyalar həyata keçirməklə cəzalandırmaq yolunu seçib. Son üç gündə Qənimət Zahidin üç qohumu şərlənərək həbs edilib. Bunlardan biri əmisi oğlu, digər ikisi isə qardaşlarının oğullarıdır.
Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov dünən həbs olunub. Şamaxı rayonunun Qurdtəpə kənd sakini olan Rövşən Zahidova saxta ittihamla 25 sutkalıq inzibati həbs cəzası verilib.
Dünən Şamaxıda bu hadisələr baş verərkən paralel olaraq Bakıda da Qənimət Zahidin başqa bir qohumu – qardaşı oğlu Rüfət Zahidovu şərləyərək həbs ediblər. Rüfət Zahidovu dünən paytaxtın Yasamal rayonu ərazisində işlədiyi şirkətdən aparıblar. Bu barədə Rüfət Zahidovun atası Fərasət Zahidov məlumat verib.
“Üç gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. Telefonuna zəng edirəm, zəng çatmır. Iş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə Idarəsindədir”, – deyə Fərasət Zahidov “Azadlıq” radiosuna açıqlamasında bildirib.
Dünən gün ərzində yaxınları idaradən Rüfət Zahidovla bağlı məlumat almaq istəsələr də, onlara heç bir açıqlama verilməyib.
Bir neçə gün öncə – iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu – Tural Zahidov da saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə günahlandırılaraq 30 sutka həbs cəzası alıb.
Qənimət Zahid qohumlarına qarşı başlanmış həbsləri birbaşa “Azərbaycan saatı” verilişinin fəaliyyətilə əlaqələndirib.
“Şübhə etmirəm ki, bu həbs və təqiblər ”Azərbaycan saatı" proqramı ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir", – deyə Qənimət Zahid bildirib.
“Qənimət bəydən tirajladığı həqiqətlərin qisasını alırlar”
AXCP sədri Əli Kərimli Qənimət Zahidin qohumlarına qarşı repressiya dalğasına münasibət bildirib. Bu barədə fikirlərini “facebook” səhifəsində paylaşan Əli Kərimli hakimiyyəti bu qanunsuz əməlləri dayandırmağa çağırıb:
“Bu nə səviyyəsizlik, bu nə aşağılıqdır? Şamaxının Meysəri kəndinə gedib, Qənimət Zahidin 87 yaşlı anası Xədicə xalanın qapısını döyənləri, onun əhvalını soruşanları şübhəli şəxs qismində araşdırmağa başlayıblar. Bu yaşlı qadını faktiki polis nəzarətinə götürüblər. Amma bununla bitmir, Qənimət bəyin digər qohumlarına qarşı daha ciddi repressiyalar başlayıb.
Iyulun 18-də Qənimət bəyin Meysəridə (Şamaxı) yaşayan qardaşı oğlu Tural Zahidov Şamaxı polisinə aparılıb. Onu şərləyərək, 30 sutka həbs cəzası veriblər. Bu gün (dünən-red.) isə Qənimət bəyin daha bir qardaşı oğlu Rüfət Zahidovu Yasamal rayonunda işlədiyi şirkətdən Daxili Işlər Nazirliyinin Narkotiklərlə Mübarizə Idarəsinə aparıblar. Yəqin ki, indi ona sifarişə uyğun olaraq cinayət işi düzüb-qoşurlar. Eyni zamanda, Şamaxının Qurdtəpə kəndində Qənimət bəyin əmisi oğlu Rövşən Zahidovu da saxlayaraq, 25 sutka inzibati həbs cazsı veriblər. Məlumatlar gəlir ki, ailənin digər üzvləri də təhlükə qarşısındadır.
Məsələ aydındır. Qənimət bəydən redaktoru olduğu “Azadlıq” qəzetində, xüsusilə də müəllifi olduğu “Azərbaycan saatı” proqramında tirajladığı həqiqətlərin qisasını alırlar. Siyasi rəqibin söylədiklərinə, etdiklərinə görə onun ailə üzvlərindən, yaxın qohumlarından qisas almaq iyrənc və yalnız geridəqalmış Şərq diktaturalarına xas olan keyfiyyətdir.
Deməli, Qənimət bəyi bunlar da dinləyirmiş. Hər proqramda danışdığı, tirajladığı həqiqətlərin hakimiyyəti necə ifşa etdiyinin fərqində imişlər. Amma proqramlarına çox baxsalar da, Qənimət bəyi yaxşı tanımayıblar. Tanısaydılar, bilərdilər ki, heç bir təzyiq Qənimət bəyi doğru bildiyi mübarizə yolundan döndərə bilməz.
Siz belə hərəkətlərinizlə xalqın olan-qalan rəğbətini də itirəcəksiniz. Qənimət bəyi isə susdura bilməzsiniz, amma qəzəbləndirə bilərsiniz. Yadınızdadır, “Azərbaycan saatı”nın əməkdaşlarını bir-bir tutmağa başlayanda, yazmışdım ki, elə etməyin, Qənimət bəy özü proqramlara aparıcılıq etmək məcburiyyətində qalsın? Eşitmədiniz və Qənimət bəy kameranın qarşısına özü şəxsən keçəsi oldu. Proqramlara Qənimət bəyin özünün aparıcılıq etməsindən uduzan hökumət olmadımı? Indi də yazıram ki, Qənimət bəyi onsuz da susdura bilməyəcəksiniz, amma onu daha da qəzəbləndirə bilərsiniz, bu da sizə sərf etməz, günahsız adamlardan əl çəkin.
Heç bir qırmızı xətt, filan tanımırlar. Ölkəyə də, özlərinə də, öz yaxınlarına da necə pislik etdiklərinin fərqində deyillər. Gözlərini pul və hakimiyyət ehtirası örtüb. Yalnız xalqın bütün təbəqələrinin müxtəlif formalarda ifadə olunan etirazları bu təhlükəli tendensiyanı durdura bilər. Hakimiyyət belə amansız və əxlaqsız hərəkətlərilə hamımızı seçim qarşısında qoyur. Baş verənlərə biganə qalmaq, susmaq isə mümkün deyil. Belə yerdə etiraz etmək hamımızın borcudur!"
Qənimət Zahidə qarşı yeni təzyiqlər Türkiyə mətbuatında…
Qənimət Zahidə qarşı təzyiqlərin yeni dalğasına start verilməsi barədə məlumatlar artıq Türkiyə mətbuatında da yayılıb. “Haberhergün” internet qəzeti Qənimət Zahidin bu xüsusda “Azadlıq” qəzetinin saytında bir gün əvvəl dərc etdirdiyi yazını tirajlayıb.
Qeyd edək ki, Qənimət Zahid onu susdurmaq üçün Şamaxının Meysəri kəndində yaşayan 87 yaşlı anasını necə təcrid etməyə çalışdıqları və qardaşı oğlu Tural Zahidova 1 ay inzibati həbs cəzası verdikləri barədə yazıb.
Qənimət Zahidin əmisi oğlu və daha bir qardaşı oğlu həmin yazıdan sonra saxlanılıb.
Mühacirlər Qənimət Zahidə dəstək bəyanatı verdi
Qənimət Zahidin qohumlarına qarşı repressiyalar Avropadakı siyasi mühacirləri bir araya gətirdi. Mühacirlər bu hadisədən dərhal sonra xüsusi bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:
«Biz bu sənədi imzalayanlar repressiv və avtoritar Əliyev hakimiyyətinin ucbatından dünyanın müxtəlif ölkələrində məskunlaşmaq məcburiyyətində qalanlarıq. Biz Azərbaycanın azad və demokratik olması üçün sivil qaydalara və eləcə də beynəlxalq hüquqa əsasən bacardığımız mübarizəni aparırıq, fundamental dəyərlərə qarşı hakimiyyətin yürütdüyü siyasətlə barışmırıq, ona tənqidi yanaşırıq. Bu bizim başlıca amalımızdı, bu mövqemizə görə vicdanımızdan başqa heç bir instansiya qarşısında öhdəçiliyimiz yoxdu.
Çox təəssüflə bəyan edirik ki, Azərbaycan hakimiyyəti öz tənqidçiləri, azad və fərqli fikrli vətəndaşları ilə normal mükalimə davranışlarını mənimsəyə bilməyib və buna görə də uzun illərdir, bizim ölkədə repressiv mühüt hökm sürür. Əliyev hakimiyyəti heç bir norma gözləmədən xoşuna gəlməyənləri şərləyir, həbs edir, onları işgəncələrə məruz qoyur. Son vaxtlar isə rejimin fəaliyyətində daha bir qaba davranış təzahür eləməkdədir, bizi də oxuduğunuz sənədi hazırlamağa vadar edən bu qabalıqdı.
Belə ki, Azərbaycan hökuməti həbs etməyə macal tapmadığı ölkədən kənarda yaşayan müxaliflərinin siyasətə aidiyyatı belə olmayan qohumlarını, yaxınlarını öz repressiyasına hədəf seçib. Son vaxtlar, ayrı-ayrı mühacir fəalları susdurmaq üçün onların Azərbaycanda yaşayan qohumları polis və digər hüquq-mühafizə orqanlarının təzyiqinə, eləcə də hökumət mediasının “qara PR”-na məruz qalır. Biz bu kimi hüquq və əxlaqdan kənar davranışları qətiyyətlə pisləyir və nə qədər gec deyil, hakimiyyətə belə davranışdan əl götürməyə çağırış edirik. Xatırlatma edirik ki, belə hərəkətləri azərbaycanlılar tarixən heç öz fərdi düşmənlərinə də rəva görməyib. Mərd-mərdanə mübarizə, davranış hesab edirik ki, heç kimə, o sıradan bu gün hakimiyyətdə təmsil olunanlara da aşağılıq gətirməz. Biz nə qədər gec deyil, bu sarsaq siyasəti dayandırmağı tələb edirik, əks halda bu xoşagəlməz davranışın inkişafı çirkin siyasi texnologiyalardan istifadə edənlərin özünə başağrısı verəcək. Siyasi rəqiblərinin, tənqidçilərinin yaxın qohumlarını əlindəki repressiya alətlərindən istifadə edərək zülm verən məmurlar, siyasətçilər başa düşməldir, bu hərəkətə təkcə qeyri-etik deyil, eləcə də cinayətdir və bu gec-tez qurulacaq demokratik Azərbaycan məhkəmələrində onlara baha başa gələ bilər. Eyni zamanda iqtidar unutmamalıdır ki, onların da azad Avropada və ABŞ-da doğmaları var və bizim sırf demokratik üsul və metodlarla həmin şəxslərlə hesablaşacağıq. Biz həmin insanların yaşadıqları, işlədikləri, təhsil aldıqları yerlərdə aksiyalar keçirib onların valideynlərinin, yaxınlarının Azərbaycanda hansı yaramaz və kriminal fəaliyyəti ilə Avropa ictimaiyyətini tanış edəcəyik. Eyni zamanda Avropadakı səfirliklər, konsulluqlar, xaricə səfər edən məmurlar Azərbaycan hakimiyyətinin “girov götürmə siyasətinə” görə cavab verməli olacaqlar.
Sadəcə biz hələ də siyasətin iştirakçısı olmayan insanları ağır siyasi konfliktlərin subyektinə çevirməməkdə israrlıyıq. Amma bu israrın ömürü indiki halda Əliyev hakimiyyətinin tutacağı yoldan asılıdır. Biz eyni zamanda beynəlxalq təşkilatlardan, diplomatik korpusdan rica edirik ki, Azərbaycan hökumətinin bu ərköyün hərəkətləri ilə bağlı qətiyyətli mövqe tutsunlar. Azərbaycan Respublikası hələ ki, Yer Planetində yerləşir, onun İnsan Hüquq və Azadlıqları ilə üzərinə götürdüyü öhdəlikləri var, onun öz vətəndaşlarının ləyaqətli həyat sürməsinə təminatçı olmaq kimi vəzifəsi var və bütün bunlar ölkəni idarə edənlərin diqqətinə aydın və prinsipial formada çatdırılmalıdır!».
Bəyanatın müəllifləri bildirirlər ki, sənəd imzalamaq üçün açıqdır və indi o, müxtəlif dillərə tərcümə edilir.
Informasiya şöbəsi