İnqilab başlayır. Kod adı: «Xədicə hərəkatı»

Azərbaycan hökuməti 90 yaşlı qadını necə təcrid etməyə başlayıb?

Ramazan bayramı ərəfəsində Azərbaycan Xalq Cəbhəsinin üzvləri, dostlarım, eləcə də «Azadlıq» qəzetinin əməkdaşları müxtəlif günlərdə Şamaxı rayonunun Meysəri kəndinə gedərək, anama baş çəkiblər, onun bayramını təbrik ediblər. Onların hər birinə təşəkkür edirəm.

Hələlik, hesab etmək istəyirəm ki, Şamaxının yerli hakimiyyəti və polisi bundan narahat olub və kəndə kimlərin gəldiyini müəyyənləşdirmək üçün casus şəbəkəsi yaradıblar. Meysəriyə, mənim anam, 87 yaşlı Xədicənin qapısını döyənləri, onun əhvalını soruşanları şübhəli şəxs qismində araşdırmağa başlayıblar. Görünür,hesab ediblər ki, Azərbaycan növbəti inqilab ərəfəsindədir və bu dəfə inqilabın lideri Xədicə Əlisahib qızı olacaq. Bizim kəndimizdən Şamaxı rəsədxanasına qədər kəsə yolla, haradasa, 6-7 kilometrdir və bu ilginc proqnozu Rəsədxanada yaradılmış xüsusi münəccimlər qrupu da çıxara bilərdi. Təsadüfi deyil ki, lap bu yaxınlarda Rəsədxananın müdiri heç kimə bəlli olmayan səbəbə görə istefa verdi və oraya yeni müdir gətirildi. Ehtimal edirəm ki, ölkə hakimiyyətinin Rəsədxanada xüsusi missiyalı «Xədicə qrupu» yaratmasını sabiq müdir elm ideyalarına xəyanət sayaraq vəzifəsindən istefa etməklə narazılığını bildirmişdir. Ola bilər ki, sabiq müdir də anamın rəhbərliyi ilə başlayacaq inqilab prosesində yer almış insanlardan biridir, liderinə və ideyalarına xəyanət etmək istəmədən vəzifəsindən istefa verib. Yoxsa, bütün ölkə elitasının həvəslə can atdığı, milyonlarla xərc çəkib villa tikdirdiyi Pirqulu ərazisindən, üstəlik, Rəsədxananın müdiri vəzifəsindən niyə getməli idi ki?! Ona eşq olsun! Gözlənilən inqilab naminə ona təşəkür edirəm!

Amma yerli hakimiyyət anamı birbaşa narahat etməyə cəsarət etməyərək, onu cəmiyyətdən təcrid etmək xəttini seçib: Meysəriyə giriş-çıxış yolları üzərində real və virtual nəzarət postları qurulub.

Bu giriş sizə qeyri-adi, ironik görünə bilər. Mənə də ironik görünür. Amma bu təsvirdə həqiqət payının olduğunu bilsəniz necə? Yenədəmi onu sona qədər ironik sayacaqsınız?

Dünən (iyulun 18-də) mənim Meysəridə yaşayan qardaşılm oğlu Tural Zahidov Şamaxı polisinə aparılıb. Polis İdarəsində ona deyiblər ki, sən Elgiz adlı polis əməkdaşını (çavuşdur, məncə) söyüb təhqir etmisən və Turala 30 gün həbs cəzası verilib.

Anama baş çəkmək üçün Meysəriyə gedən bütün dostlara görə polis nəzarətinin qurulduğunu kəndin bütün sakinləri bilir. Kənd əhalisinin bu faktı hansı anlayış dərəcəsi ilə qarşıladığını bilmirəm. Yəqin ki, «kül hökumət başına» epiteti hər bir meysərilinin ürəyindən keçir. Bu kəndin sakinlərinin hamısının məni şəxsən tanıdığını iddia edə bilmərəm. Çoxları qiyabi tanıyarlar. Çünki, bizim ailə bu kəndə 1979-cu ildə qonşu Qurdtəpə kəndindən köçüb və o zamanlar mən artıq Sumqayıtda təhsil alırdım, daha sonralar isə ümumiyyətlə, kənddə yaşamadım. Amma ailəmizi hər kəs tanıyır. Anamı da hər kəs tanıyır və inanıram ki, sayğı ilə yanaşırlar.

Mən uzun müddət qohumlardan kənarda yaşamışam. Ta 8-ci sinfi bitirəndən indiyə qədər. Onlarla ilgilənməyə, xeyirdə-şərdə müntəzəm olaraq iştirak etməyə zamanım da olmayıb. Buna görə də, qohumlarla mənim aramda müəyyən bir distansiyanın olduğunu fərq etmişəm. İndi həbs edilən Turalla da (baxmayaraq ki, qardaşım oğludur), başqaları ilə də maraqlanmağa zamanım olmayıb. Bunu ona görə yazmıram ki, «polisin-molisin diqqətindən yayındırım», ona görə yazıram ki, daha çox ölkədəki siyasi proseslərdə iştirak edən insanlarla əlaqəmin olduğunu, onlarla daha sıx bağlı olduğumu qeyd edim.

İndi Azərbaycanda 100-dən çox siyasi dustaq var ki, onların hamısı şərlənərək həbs edilib. Yəni, hökumətin şərləmə fantaziyası genişdir. Bu insanların hər biri ölkənin siyasi xəritəsində əhəmiyyətli koordinatlardan biridir. Bu insanların hər birinin həbsi mənə daha çox təsir edir. Təəssüf ki, mənim qohumlarım arasında siyasi mənsubiyyəti olan kimsə yoxdur. Bunu çox arzu edərdim, amma yoxdur… Buna görə təəssüf edirəm.

Görünür, bu da mənim qüsurlarımdan biridir. Zamanında onlarla məşğul olmaq, onların siyasi yetkinliyinin qayğısına qalmaq lazım idi. Edə bilmədim, amma obyektiv səbəb də vardı. Mən Şamaxıda yaşamırdım, işim çox olurdu və qohumlara, məhz, qohumluq etiketlərinə görə ayıracaq qədər vaxtım olmayıb…

İndi hakimiyyət, öz aləmində qohumlarımı mənə görə incitmək fikrinə düşüb. Əbləhlik bütün hallarda göz önündədir. Lap deyək ki, mən onları indikindən fərqli olaraq, həyatımın mənası hesab edəydim, nə baş verəcəkdi ki? Bağır basıb «bağışlayın, bilməmişəm, xəta edirəm, bir daha etmərəm, onlarla işiniz olmasın» deyəcəkdim?

Mən peşəkar jurnalistika ilə məşğulam. Əndazələri aşmaqdan xoşum gəlmir. Söz ehtiyatı və istər yazı, istər də danışıq texnikası mənə imkan verərdi ki, bütün əndazələri də rahatlıqla aşa bilim. Amma çirkin texnologiyaları, elə, çirkin texnologiya sayıram. Anamın narahat edilməsini də çirkin texnologiya sayıram. Heç başqalarının anasını narahat etmədim.

Mənə inanmaya bilərsiniz, amma dalağım hələ dekabr ayında sancmışdı ki, bunlar mənim az qala, 90 yaşını tamam etməkdə olan anama da nəzarət tətbiq edəcək qədər düşükləşiblər. O zaman mən ailəmlə birlikdə Tiflisə getdim və anamın da oraya səfərini təşkil etdim ki, görüşək. Qatarla yola saldılar. Sərhəd- keçid məntəqəsində onu düşürüb geri qaytarmaq istəmişdilər. Bütün sərnişinlərin pasportları qaytarılandan tam iki saat sonra isə onun pasportunu nəhayət, gətirib vermişdilər. O zaman mən bunu açıqlamadım. Bunu tətbiq edən hökumətin əvəzinə, rəqib də olsaq, utandım. Ayıb saydım.

Amma bu günlər nə baş verir? Sizə ayıb olsun!

Əgər bunu Şamaxı polisi öz təşəbbüsü ilə, yuxarıların gözünə xoş görünmək üçün edirsə, onlara ayıb olsun. Lap yuxarıların sifarişi ilə icra edilirsə, o zaman hamısına bir yerdə ayıb olsun!

Bu düşüklüyün nə qədər davam edəcəyini bilmirəm. Açığı, heç düz-əməlli təxmin edə bilmirəm ki, nə qədər yaxın və ya uzaq qohumum var ki, onların incidilməsi mənim üçün təzyiq kimi dəyərləndirilə bilsin. Bilsəm, babat bir arayış tərtib edib göndərərdim ki, məni daha qohum-filan elan- hesab etməsinlər.

İndi mənim həbsdə 100 nəfərə qədər qohumum var. Yaxın qohumlarım. Mən onların azadlığı üçün deyil, onların həbsinin səbəbi olan şəraitin ölkədən rədd edilməsi naminə işləyirəm. Sona qədər də belə olacaq.