Milli Şura üzvündən “Oyun məddahları”na tutarlı cavab

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Avropa Oyunlarından hələ də “uğur hekayəsi” kimi bəhs edən hakimiyyət təbliğatçılarına maraqlı bir müqayisə ilə tutarlı cavab verib. O, facebook səhifəsində yazıb.

"8 milyard manatlıq I Avropa Oyunlarından hələ də eyforik ekstazda olan vətənşüvənlərin nəzərinə:

– Azərbaycanın ÜDM-i 74 milyard dollar, adambaşına düşən gəlir 7812 dollar, büdcəsi 21 milyard dollar.
– Yaponiyanın ÜDM-i 4 trilyon 616 milyard dollar, adambaşına düşən gəlir 36332 dollar, büdcəsi 95882 milyard ien və ya
təxminən 800 milyard dollar (bizim ÜDM-dən 11 dəfə çox).

İlkin olaraq Tokio 2020 Yay Olimpiya Oyunlarının Yaponiyaya 3,8 milyard dollara başa gələcəyi hesablanmışdı, lakin Yaponiya hökuməti sonradan bu rəqəmi 1,7 milyard dollara endirməyi nəzərdə tutub.
Bu gün (18 iyul – red.) isə Nazirlər kabineti Tokioda tikiləcək Olimpiya stadionunun tikintisini dayandıraraq, bu tikinti ilə bağlı bütün planları dəyişdirməyi qərara alıb. Səbəb, son bir il yarım ərzində nəzərdə tutulan tikinti xərclərinin iki dəfə artaraq 2 milyard dollara çatması olub.
Bununla əlaqədar Yaponiyanın baş naziri Sindzo Abe deyib: "Stadionun tikinti xərcləri çox artıb. Nəticədə Yaponiya ictimaiyyətində, o cümlədən elə idmançılar arasında ciddi narazılıqlar baş qaldırıb. Bu bizə imkan verdi ki, anlayaq – bu qiymətə başa gələcək Olimpiadaya bizim ölkədə şad deyillər".
İndi oturub fikirləşirəm – bu yaponlar niyə bu qədər xəsisdirlər. Bəyəm onlar öz ölkələrini bütün dünyanın tanımasını istəmirlər? Bunların ki hökumətləri özlərini dünyaya tanıtmaq üçün büdcənin 40%-ni yox, cəmi 0,2%-ni xərcləyirlər".