Hakimiyyəti nə gözləyir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün "facebook" səhifəsində Azərbaycan hakimiyyətini gözləyən təhlükələrdən yazıb. Həmin yazını təqdim edirik:
 
İlham Əliyev hakimiyyətini bu günə qədər ayaqda saxlayan üç əsas faktor vardı:
 
1) Beynəlxalq dəstək.
2) Neftdən gələn böyük pullar. 
3) Neft pulları hesabına xalqın loyallığının təmin edilməsi.
 
İndi bu üçü səbəbin ikisi aradan qalxıb, sonuncu səbəb də dəyişmək üzrədir:
 
1) Bu gün Qərb nəinki İlhamƏliyev hakimiyyətinə loyallıq etmir, hətta kordinasiya olunmuş şəkildə ondan siyasi represiyaları durdurmağı, demokratik azadlıqları təmin etməyi tələb edir. Hazırda Rusiyaya qarşı yaranmış beynəlxalq koalisiya paralel olaraq, həm də Azərbaycan iqtidarına təzyiq etməkdədir və aydındır ki, burada həm də gepolitik maraqlar mühüm rol oynayır.
 
Qərb ölkələri və beynəlxalq təşkilatlar paralel olaraq Qarabağ məsələsində Azərbaycanın mövqeyinə dəstək verməklə hakimiyyətin bu təzyiqləri erməni lobbisi ilə bağlamasının da qarşsını alırlar. Ona görə də arqumentsiz qalan hakimiyyət "Qərb bizə paxıllıq edir" (Bizm nəyimizə?) deyəndə, ən sadəlövh insan belə bunu ciddi qəbul etmir.
 
2) Neftədn gələn pulların əhəmiyyətli şəkildə azalması "metastaz" verərək iqtisadi böhran yaradıb. Bu ilki neft gəlirlərindən nəinki Neft Fonduna yığım daxil olmayacaq, əksinə, bu ilki gəlirin üstünə Neft Fondundan 4 milyrad manata yaxın vəsait qoyub büdcəyə daxil etmək lazım gələcək. Artıq neftdən yığım dövrü bitib və indi ancaq Fonddakı vəsaitlərin xərclənməsi prosesi gedir. Qarşıdakı 3 il ərzində, büdcəyə transfert və TAP layihəsi xərcləri də nəzərə alınsa, demək olar ki, Neft Fondunun vəsaitləri tam sərf olunub qurtarsa belə, bu xərcləri ödəmək mümkün olmayacaq.
 
8 milyarda yaxın rezervi olan Milli Bankın manatın kursunu saxlamaq üçün aylıq 1-1,5 milyard dolar sərf etdiyini də nəzrə alsaq, ilin sonundək valyuta ehtiyatının ciddi şəkildə tükəncəyi və manatın üzən məzənnəyə keçəcəyi gözlənilir. Bu isə hökumətin maliyyə bazarını və manatın kursunu tənzimləmə imkanından məhrum olması, manatın sürətlə dəyər itirməsi deməkdir. Ölkənin qeyri-neft sektorunda ixracatın qonşu Gürcüstanla müqayisədə 400 milyon dollar az olması, əslində onu göstərir ki, iki- üç ilə neft bitdikdən sonra "anoloqsuz iqtisadi inkişaf"ın nəticələri daha qabarıq üzə çıxacaq.
 
3) Əslində cəmiyyətdəki loyallığı hər nə qədər bizm mental xüsussiyyətlərimizlə əlaqələndirməyə çalışsalar da, burada neftdən gələn böyük pulların daxildə iri korrupsiya layihələrinə xərclənməsi nəticəsində əhalinin bir xeyli hissəssinin gündəlik keçimini təmin etdiyini inkar etmək olmaz. Məhz neft gəlirlərinin düşməsi nəticəsində ənənəvi təmir tikinti layihələrinin dayandırılması, əvvəlki kimi Rusiyada qazanc əldə etmək, iş qurmaq imkanlarının olmaması, manatın devalvasiyası nəticəsində əhalinin gəlirlərinin dəyər itirməsi və parlalel olaraq idxalatdan asılı bazarda qiymətlərin artması istər istəməz sosial narazılığı gücləndirəcək və hakimiyyətə qarşı kütləvi xalq etirazlarına yol açacaq. Artıq o zaman meydana siyasətlə maraqlananlar deyil, dolana bilməyənlər, iqtisadi çətinliklərə görə iqtidara qəzəbli olanlar çıxacaqlar.
 
Təbii ki, belə şərtlər altında bu hakimiyyətin davam etməsi imkansız görünür və sadaladığımız faktorlar labüd iqtidar dəyişikliyi ilə nəticələncək prosesi doğuracaq.