abd-kongres

ABŞ Senatında Azərbaycandakı repressiyadan danışıldı

Korrupsioner və insan haqlarını pozan rejimlərə qarşı sanksiyalar sənədi Xarici Əlaqələr Komitəsində müzakirə edildi

“Biz hökumətləri seçim qarşısında qoymalıyıq: ya korrupsionerləri və insan haqlarını pozanları müdafiə edib, rejimlərini təhlükə altında qoyacaqlar, ya da belə adamları hakimiyyətdən uzaqlaşdıracaqlar”

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiya ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki müzakirələrdə gündəmə gəlib. İyulun 16-da keçirilən müzakirələr dünyada insan haqlarının vəziyyətinə həsr olunub.

Müzakirələrdə məruzəşi ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə köməkçisi Tom Malinovski olub. Tədbirdə Human Rights Wathc və Freedom House təşkilatlarının rəhbərləri də çıxış ediblər.

Azərbaycandakı vəziyyəti yada salan da Freedom House təşkilatının prezidenti Mark Leqon olub. O, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyyəti fəallarına qarşı repressiyaların davam etdiyini bildirib.

Leqon vurğulayıb ki, ABŞ bu cür ölkələrin hökumətlərinə açıq seçim mesajı verməlidir: “Biz hökumətləri seçim qarşısında qoymalıyıq. Onlar ya korrupsionerləri və insan haqlarını pozanları müdafiə edib, rejimlərini təhlükə altında qoyacaqlar, ya da belə adamları hakimiyyətdən uzaqlaşdıracaqlar”.

Müzakirələrdə başlıca mövzu “Qlobal Maqnitski aktı” layihəsi olub. Layihə Rusiyalı hüquqşünas Maqnitskinin ölümünə görə vaxtilə Rusiyaya tətbiq olunan sanksiyaların adı işgəncə, korrupsiya və siyasi repressiyalarda keçən bütün rejimlərə tətbiqini nəzərdə tutur.

Senatın Xarici Əlaqələr Komitəsi layihəni ikinci oxunuşda müzakirəyə çıxarmağa hazırlaşır. Sənəd qəbul olunsa, ABŞ hökuməti bütün repressiv rejimlərə qarşı sanksiyalar tətbiq etmək imkanı qazanacaq.

azadliq.info