Onlar Eldar Əzizovun himayəsi altında bu işi görürlər
Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizovdan “Azadlıq”a göndərilən şikayət məktubları bitib-tükənmir. Sumqayıt şəhəri 14-cü məhəllə sakinlərinin şikayət məktubunda şəhər Icra Hakimiyyətinin özbaşınalığından bəhs edilir. Sakinlər bildirirlər ki, E.Əzizovun tapşırığına əsasən həyətlərindəki yaşıllıqlar məhv edilir.
Ümumiyyətlə, başçı bu şəhərə gələndən çoxsaylı yaşıl “soyqırıma” imza atıb. Adam yaşıllığı və ağacları sevmir. Illah da adına adaş olan Eldar şamlarını. Dəfələrlə Mehriban Əliyevaya, Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə yazdıqları şikayət nəticəsiz qalıb. Ekologiyadan gələn əməkdaşın IH başçısı E.Əzizovun şəriki, tikinti maqnatı Aslanla anlaşmasıdan sonra həyətlərindəki çoxillik ağaclar qırılaraq yerində göydələnlər tikilib.
14-cü məhəllə sakinləri ilə söhbətləşərkən kəsilmiş ağacların şahidi olduq. 14-cü məhəllə Sumqayıt şəhərində ilk salınan məhəllərdəndir. Ahıl sakinlərin öz əlləri ilə əkdiyi ağacların gözləri qarşısında qırılmasını qəbul etmirlər. Məhəllədə artıq körpələrin istirahəti üçün, demək olar, təhlükəsiz yer yoxdur. Şikayətçilər bildirir ki, 14-cü məhəllədə bir kafe var. Bu kafe priton kimi fəaliyyət göstərdiyindən məhəllə sakinlərinin qəzəbinə səbəb olub.
Həyətlərində priton kimi fəaliyyət göstərən kafe haqqında dəfələrlə adiyyəti qurumlara şikayət edilsə də, nəticəsi olmayıb. Kafeyə gələn yüngül əxlaqlı insanlarla sakinlər arasında da dəfələrlə dava-dalaş olub.
Eldar Əzizov Sumqayıta təyinatından sonra Aslan adlı sahibkarla şərikli inşaat işlərinə girişib. “Aslan”ın əli ilə müxtəlif əraziləri zəbt edərək göydələnlər tikib. Şikayətlərindən sonra Sumqayıt IH nümayəndələri sakinlərlə görüşərkən, həyətlərinin nümunəvi həyət kimi yenidən qurulmasını əsas gətiriblər. Sonradan “həmin nümunəvi həyət”lərində göydələnlər tikilib. Bundan əlavə, sakinlərə məxsus (sənədli) qarajlar, binaların qızdırılması üçün nəzərdə tutulan qazanxana yerlə-yeksan edilərək yerində binalar tikilib. Hazırda tikinti meydançası hasarsız olduğundan azyaşlıların həyatına təhlükə var.
Sakinlərin şikayətini dinlədikdən sonra şəhərin mərkəzinə üz tutduq. Sumqayıt Şəhər Təhsil Şöbəsinin 10 addımlığında piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səki hasarlanmışdı. Qoltuğu papkalılarla mübahisəsinin şahidi olduq. Tez hasarı sökün deyirdilər. Fəhlə papkalıya: “Müəllim, başçının bu işdən xəbəri var, gedin işinizlə məşğul olun”. Özlərini Sumqayıt şəhər Icra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən şəxslər bu sözdən sonra suyu süzülə-süzülə ərazidən uzaqlaşdılar.
Bələdçimiz bizi Heydər Əliyev prospektinin köhnə xəstəxana deyilən ərazisində yolu zəbt edərək “Bioloji Təbabət” Klinkası kimi sakinlərin “xidmətində” duran səhiyyə “ocağı” ilə də tanış etdi. Bu kimi qanunsuz obyektlər Sumqayıtda onlarladır.
Sakinlər dəfələrlə ölkə başçısı Ilham Əliyevə bu özbaşınalıqlar barədə şikayət məktubları göndərsələr də, heç bir nəticəsi olmayıb.
Kənan


