Gözəl Bayramlı: «Biz bunun dəfələrlə şahidi olmuşuq»
Vidadi Mirkamal: «Avtoritar rejimdə belə hadisələr normaldır»
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin Bakı Ağır Cinayətlər Məhkəməsində bir aydır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu iş üzrə prokurorun Asif Yusifliyə 8 il həbs cəzası istəməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Fəridə Zülfüqarova CM-in 178-ci maddəsilə ittiham olunan Asif bəydən heç bir şikayəti olmadığını məhkəmədə bildirib.ÿ
Xüsusi olaraq xatırlatmaq yerinə düşər ki, Qarabağ müharibəsində sağlamlığını itirən Asif Yusifli 2-ci qrup əlildir. Onun himayəsində üç azyaşlı uşaq var və onlardan biri də ağır xəstəlikdən əziyyət çəkir. Bütün bunlara rəğmən, prokurorun 8 il həbs cəzası istədiyi Asif Yusifliyə qarşı irəli sürülən ittiham bir müddət əvvəl keçmiş deputat Gülər Əhmədovaya qarşı da tətbiq edilib. Lakin fərq ondadır ki, 1 milyonluq dələduzluq ittihamı irəli sürülən Əhmədovaya 3 il həbs cəzası kəsilsə də, o, az müddət sonra azadlığa buraxılmışdı. Doğrudur, bu iki məsələdə ittihamlar eyni olsa da, yanaşma tərzi tamam başqadır. Necə olur ki, qondarma ittihamla həbs olunan Qarabağ qazisi və siyasi səhnədə tanınan bir şəxsə borcun bir hissəsi qaytarılsa da, 8 il həbs cəzası istənilir, fəqət, milyonluq borcu qaytarmayan sabiq deputat isə üç il həbsə məhkum olunsa da, bir ildən sonra azadlığa çıxır? Qanunların vətəndaşlara qarşı belə ayrı-seçkilik müstəvisində tətbiqi nə deməkdir?
AXCP sədrini müavini Gözəl Bayramlı hesab edir ki, Qarabağ qazisinə heç bir günahı olmadan saxta ittihamlar irəli sürərək 8 il iş istəmək heç bir məntiqə sığmır. Gözəl xanım yada salır ki, narkotik ittihamıyla həbs olunan tanınmış simalara çox, bu ittiham irəli sürülən sıravi vətəndaşlara isə az cəza verilməsi vəziyyətin əslində qərəzə söykəndiyini ortaya qoyur:
“Biz hakimiyyətin qanunları insanların siyasi mənsubiyyətinə görə şamil etməsinin dəfələrlə şahidi olmuşuq. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifliyə qarşı da hakimiyyət, məhkəmə eyni müstəvidən çıxış etdi. Bu, ayrı-seçkilik və qanunların vətəndaşlara qarşı qərəzli münasibət tətbiqinin bir nümunəsidir”.
Hüquqşünas Vidadi Mirkamal söyləyir ki, Gülər Əhmədovanı rüşvət və korrupsiya oyununda iştirak edərək onun qaydalarına riayət edən bir şəxs olaraq başqalarıyla müqayisə etmək olmaz. Vidadi bəy hakimiyyətin özünün dairəsində olan şəxsləri qorumağı bacardığını bildirir:
“Atoritar rejimdə belə hadisələr normaldır. Qarabağ qazisindən başqa, bu gün həbsdə olan Leyla Yunusdan tutmuş, Intiqam Əliyev və digər şəxslər də hakimiyyətin oyun qaydalarını pozmaq üçün müəyyən fəaliyyətlə bulunublar. Ona görə də hakimiyyət belə insanları bağışlamır. Demokratik cəmiyyət qurulanadək belə oyun qaydaları davam edəcək. Vaxtilə Nigar Yaqublunun avtomobillə qəza törətməsi və cəzalanması, Qurban Məmmədovun haqsız olaraq üç il həbsdə yatması və digər faktları da misal çəkmək olar. Bütün bunlar göstərir ki, hakimiyyət öz dairəsində olan şəxsləri qorumaqla məşğuldur. Bu isə Konstitusiya və qanunlara, eləcə də ölkənin inteqrasiya olunmağa çalışdığı beynəlxalq konvensiyalara ziddir”.
Nigar