Mətbuat azadlığı

«Əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır»

Məhəmməd Əmin Rəsulzadə

Milli öncül Məhəmməd Əmin Rəsulzadənin 1911-ci ildə “Irani-nov” qəzetində dərc olunmuş bu məqaləsi mətbuatımızın 140-cı ildönümündə də aktuallığını saxlayır. Oxuyun, o böyük kişinin ötən əsrin o başında yazdıqlarının bugünlə necə səsləşdiyinə özünüz şahid olun: “…bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avara və sərgərdan qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə, necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına çıxarıb, kələfin ucunu əldən verirlər”.
I
Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi durumu da onun mətbuat azadlığı ilə bağlıdır.
O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək.
Yunan filosofu Ərəstun deyir: “Insan ağıllı vücuddur. Onun ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə, həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar”.
Insanın zəkası və fəaliyyəti həmişə irəliyə və yüksəyə can atır. Yaşayan hər şəxs düşünür, daim irəliləyir, dəyişir, onu əhatə edən mühitlə təmasda olur. Ictimai həyat – xarici hadisələr və insanlar arasındakı əlaqədən başqa bir şey deyil. Biz bir-birimizlə bağlıyıq, bir-birimizi duyur, bir-birimizlə fikir mübadiləsi edirik. Beləliklə, ictimai əlaqə saxlayıb ehtiyaclarımızı ödəyirik.
Əlaqə müstəqim və qeyri-müstəqim olur. Gündəlik ehtiyaclar müstəqim əlaqə nəticəsində tədricən ödənilir, bunu da danışıqlar yaradır.
Qeyri-müstəqim əlaqələr isə yazı vasitəsilə yerinə yetirilə bilər. Əlaqələr əvvəlcə insanlar arasında bilavasitə görüşmə, ikincisi yazı vasitəsilə həyata keçirilir. Ikinci halda adamlar bir-birini görmürlər.
Vəziyyət nəzərdən keçirilsə, görürük ki, qeyri-müstəqim əlaqə üçün yazının meydana gəlməsi zəruridir. Bunu dərk etmək çətin deyil. O zamankı insanlar icma halında çox sadə yaşayırdılar, ictimai ehtiyaclarını ödəyə bilirdilər. O vaxt onların yazıya ehtiyacları olduğunu təsəvvür etmək olmaz. Bunu da bilirik ki, ehtiyac onları səy və çalışmağa məcbur etdi. Tədrici və təbii irəliləyiş, cəmiyyətin inkişafı, cəmiyyət üzvlərinin bu və ya digər yerlərə səfərləri və ümumi ehtiyaclarm ödənilməsi zərurəti nəticəsində yazı meydana gəldi. Insanların ümumi ehtiyacları xeyli çoxaldığından ümumi və xüsusi məişət əvvəlki halından çıxdı, fikirlər genişləndi və hissiyyat artdı, onun nəticəsində də yazı ilə insanlar arasında əlaqə genişləndi.
Nə qədər ki, həyat şəraiti, yaşayış tərzi sadə, qeyri-müstəqim idi, yazı da xüsusi və şəxsi səciyyə daşıyırdı. Amma yavaş-yavaş ictimai məsələlər genişləndikcə xəbərlər və yazılar xüsusilikdən çıxdı, ümumi məlumata və ümumi mənafeyə xidmət etdi.
Beləliklə, xüsusilikdən çıxan yazı ümumi mətbuatın mənşəyi oldu, onun ictimai vəzifələri də buradan başladı. Əsrlər boyu mətbuatın təkamül tarixini nəzərdən keçirsək, onun əvvəllər necə olduğunu və simasının necə dəyişdiyini görərik. Mətbuatın əsasını qədimdəki, xüsusi yazı və məktublar təşkil edir. Onlarda həmin dövrə aid məsələlərdən bəhs olunur və ümumi xəbərlər verilirdi. Belə məktublar qəzet, mətbuat rolu oynayırdı. Dostlar, xidmətçilər (katiblər) və məşhur adamlar ətraflı məktublar yazırdılar. Onları oxuyub əldən-ələ ötürürdülər, camaat mühüm hadisələrdən xəbər tuturdu. Bu cür təbliğat və nəşriyyat vasitəsi keçmişimizdən bizə irs qalsa da, bir müddət bu iş yüksək rütbəlilər arasında davam edirdi. Indi də, bilirsiz ki, hər kəs xaricdən vətəninə, ya dostuna məktub göndərəndə “o ölkədən xəbərlər və s…”dən yazır. Eləcə də vətəndən xaricə məktubda istinasız yazır: “Ölkənin xəbərləri belədir… və ilaxir” və ya başqa məsələlərdən bəhs edir.
Nəhayət, yeni mətbuat meydana gəlir. Nəşriyyat yarandıqdan sonra bir neçə məsələ ortadan çıxır.
Mətbuatın tərifi və xüsusiyyətləri haqqında, demək olar, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar, mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, mətbuat sayıla bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, mətbuat azadlığı nədir və ona nə lazımdır?
II
Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birinci – qanunvericilik, ikinci – icraedici, üçüncü – hüquq orqanları. Bundan sonra mətbuat gəlir. Digər bir baxımdan dünyada tutduqları mövqeyə görə beş mühüm dövlətdən – Ingiltərə, Fransa, Almaniya, Avstriya və Italiyadan sonra, altıncı beynəlxalq güc mətbuat sayılır. Yəni altıncı qüdrətli dövlət qələm aləmidir. Bəşər aləmində mətbuatın nüfuz dərəcəsini xalqın ümumi əfkari-ümumiyyəsi də göstərməkdədir. Elə ki, mətbuat ümumin qiymətini aldı, Avropada onun inkişafı üçün geniş meydan açıldı, yayılma imkanı yarandı.
Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək vacibdir. Bu tarixi diqqətlə nəzərdən keçirdikdə görürük ki, onun ibtidada vəzifəsi nisbətən sadə və yüngül olub, əvvəlcə ümuma aid olan faydalı siyasi xəbərləri yayırdı, daxili və xarici xəbərləri oxuculara çatdıran vasitə idi. Nəşrlərdə sevincli saray xəbərləri, şahlara aid, şahzadələrə verilən imtiyazlar barədə xəbərlər dərc edilirdi. Mətbuat səhifələri verilən məqam və rütbə, mənsəb və dərəcə, tərif, şahanə bəzəklər, saray cah-cəlalı və siyasi hadisələrə dair xəbəriərlə dolu idi. Şübhəsizdir ki, həmin məhdud məsələlərin ömrü az olur, yalnız müəyyən dövrü əhatə edir. Mətbuat təzəcə meydana gəldiyi dövrdə ruhsuz siyasi həyat təsvir olunurdu, onun səhifələrində şahlıq sarayından və şahın şəxsi mənafeyindən başqa bir şey yox idi.
Amma mədəniyyət yüksəldikcə mətbuatın da vəzifələri artdı. Elmi məlumatların çoxalması, tənqidin yaranması, ümumi ehtiyacların və təlim-tərbiyənin genişlənməsi mətbuatın da vəziyyətini dəyişdi. O, camaatın tərbiyəçisinə və xalqın fikirlərini yayan vasitəyə çevrildi. Mətbuat bir məktəb rolunu oynamağa başladı. O, həm məktəb, həm də məktəbdən kənar öz işini görürdü. Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olurdu. Mətbuatı hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Öz yazıları ilə tanınan şəxslər də onlara lazım olan məlumatı mətbuat səhifələrindən ala bilirlər.
Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır, öz dövrü, başqa dövrlər barədə lazımi məlumatı camaata çatdıra bilir. Bir və ya bir neçə nəfərin yeni fikirləri min nüsxələrlə çap olunan mətbuat vasitəsilə ictimaiyyətin malı edilir, yayılır. Əlbəttə, yeni fikirlər, səadət və həqiqətin yolunu kəsən köhnə fikirlərlə toqquşur.
Insanların ictimai-siyasi və iqtisadi vəziyyəti yüksək səviyyəyə çatdıqda mətbuat daha böyük əhəmiyyət kəsb edir. O, müxtəlif fikirləri yaymaqla milləti bütün siyasi və iqtisadi sahələrdə məlumatlandırmalı, məşrutə dövründə həmin sahələrdəki bütün məsələləri mütləq millətə çatdırmalıdır. Beləliklə, mətbuatın özü də siyasi və iqtisadi obyektdir. O, ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən, siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir, ictimai fikri həyacana gətirib formalaşdırandır.
Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyanın altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir.
Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Hökuməti nalayiq işlərdən çəkindirən, onun fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən də mətbuatdır. Mətbuatın qayəsi məşrutə hökumətidir. Ancaq bilmək lazımdır ki, bu hökumətin də qanun-qaydası nə qədər düz olsa da, o, xalqın müstəqil hissiyyatmı lazımınca anlaya bilməyəcəkdir. Bu mənada mətbuat mütləq və müstəqil iqtidarlardan üstündür. O, görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir, eybləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır.
Indiki dövrdə informasiya vermək, yaxud əqidə mübahisələri aparmaq üçün ümumi meydanlara və bazarlara getməyə ehtiyac yoxdur. Indi bir şəxsin bütün ömrünü mütləq məktəbdə keçirməsinə, dərin təhsil, təcrübə və kəşflərə sərf etməsinə də ehtiyac yoxdur. Indi ölkənin idarə üsulundan və ya nümayəndələrin rəftarından qorxmaq lazım gəlmir. Mətbuat var. O, bütün bu vəzifələri öz öhdəsinə götürüb. Bundan əlavə, qələm sahibi olan bir dəstə adam vardır ki, onlar insanlıq aləminə aid məlumatları verməklə məşğuldurlar və bu fəaliyyətdən çəkinməyəcəklər.
Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın vəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalın qaranlıq pərdələri qaldırıb onların arxasındakı zülm, sitəm və təzyiqlərin kökünü kəsməyə çalışır.
Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. Inkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, başqalarına nisbətən çoxuna müyəssər olandır.
Bilik və informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyat, əsl həyat deyil, cansızdır, ölüdür.
Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar – bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər.

ardı var