Xəzər Aslanov və Ismayıl Vəliyevin qohumu vətəndaşın 482 min dollarını necə mənimsəyib?
1994-2012-ci illərdə hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş Əbülfəz Əliyevin AzPolitika.info-ya verdiyi məlumata görə, Xızı Rayon Icra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon Icra Hakimiyyətinin başçısı Ismayıl Vəliyevin qaynı və şəriki Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib.
Əbülfəz Əliyevin sözlərinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, ötən il etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, həyata keçirib.
Zərərçəkənin sözlərinə görə, uzun illər əvvəl tanış olduğu Rövşən Aslanovu özünə yaxın dost bilib. Ailəvi get-gəlləri olub. 2011-ci ilin avqustunda Rövşən Aslanov guya bu münasibətləri daha da möhkənləndirmək məqsədilə, Əbülfəz Əliyevə onun Türkiyənin Istanbul şəhərində “Misspoli” və “Cassena” markalı geyimlər istehsal edən “1001 Rakip” adlı şirkətinə və fabrikinə şərik olmağı təklif edib: “Rövşən Aslanov mənə Türkiyənin Istanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. O, mənə dedi ki, fabrik atlas parcadan paltar istehsal edir. Işlərini genişləndirmək üçün həmin markalardan pambıq parçalarla da paltar istehsal etmək istəyirlər. Və bunun ucun əlavə şərikə, malliyəyə ehtiyacları var.
Fabriklərinin istehsal etdiyi geyimləri Azərbaycana, Ərəb ölkələrinə, kecmiş SSRI-nin bir çox respublikalarına ixrac edirlər. Istanbulda şirkətlərinə məxsus fabriklə yanaşı 3 mənzil, “Koza plaza” adlanan binada 2 otaqlı ofis, “Kuyumcu kənd” adlanan yerdə 150 kv.m. sahəsi olan anbar, həmçinin “Tekstil kənd” adlanan yerdə 3 mərtəbəli iş ofisi, həmin yerdəki topdansatış ticarət mərkəzində 50 kv. metrlik mağazası var".
Rövşən Aslanov Əbülfəz Əliyevə bildirib ki, fabriki bacısının əri olan Neftcalanın icra bascısı Ismayıl Vəliyevlə şərikli işlədir: “Dedi ki, bu işdə yaxşı pul var, mənim də gəlir göturməyimi istəyir. Ismayıl Vəliyevlə razılaşıb, məni də fabrikə şərik götürə bilər. Əgər fabrikin 30 faiz hissəsinə şərik olaramsa, hər ay ən azı 20-30 min dollar gəlir əldə edəcəyəm. Rövşən Aslanov fabrikin kapital dəyərinin 2 000 000 (iki milyon) dollar dəyərində olduğunu, mənim 30 faizə şərik olmağım üçün 500 000 (beş yüz min) dollar verməyimin kifayət edəcəyini söylədi.
Mənim verəcəyim pulla isə daha çox gəlir götürməkdən ötrü pambıq parçadan geyimlər istehsal etmək üçün avadanlıqlar və xammal alacaqlarını dedi".
Əbülfəz Əliyev də Rövşən Aslanova inandığından və onun yüksək vəzifəli qohumlarının da bu işdə olduğunu nəzərə alaraq, təkliflə razılaşır. O, Rövşən Aslanova şəriklik üçün tələb etdiyi vəsaiti toplayıb, hissə-hissə ona ötürməyə başlayır. Rövşən Aslanov qurbanını şübhələndirməmək üçün, pulu hissə-hissə və hər dəfə də bir bəhanə göstərərək, almağa başlayır.
Əbülfəz Əliyev ümumilikdə Rövşən Aslanova 482 min dollar pul verir. Bu pulu toplamaq üçün özünün, anasının evini satır, qohumlarının obyektlərini banklara girov qoyur. Lakin sonda Rövşən Aslanov tərəfindən aldadıldığını anlayır.
Əbülfəz Əliyev dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, R.Aslanovun nüfuzlu vəzifəli qohumları buna mane olur. Zərərçəkənin verdiyi məlumata görə, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların Ismayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verilən vədlər olur.
Əbülfəz Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı Ismayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək, pulun silinməsini tələb ediblər.
Bununla razılaşmayan Əbülfəz Əliyev, özünü polis əməkdaşı kimi təqdim edən şəxslər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib.
Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin Istanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faizlik hissəni, nə də 482 min dollar pulunu veriblər.
Bundan sonra onlardan ümidini üzən Əbülfəz Əliyev, 30 mart 2015-ci il tarixində etdiyi müraciətlərdən sonra Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin yüksək vəzifəli şəxsi (həmin vəzifəli şəxsin adının çəkilməsini istəmir) tərəfindən qəbul olunub: “O, mənə bildirdi ki, sizin işiniz nəzarətə alınıb və lazımi addımlar atılacaq. Bundan sonra mənim işimlə idarənin işçisi Əsəd Əliyev məşğul olmağa başladı. O, mənimlə görüşdə bildirdi ki, istintaqa mane olmamaq üçün mətbuta açıqlama verməyim. Elə də etdim. Amma sonradan gördüm ki, aparılan istintaqa Rövşən Aslanovun himayədarları ciddi maneə törədir. Işin araşdırılıb yekunlaşmasına imkan vermədilər”.