«Azərbaycan» qəzeti «Yeni Müsavat»ın başlatdığı piarı davam etdirir
«Torpaqlarımız məhz Rusiya faktoruna görə işğaldadır»
Gültəkin Hacıbəyli: «Azərbaycan torpaqlarının işğalının təminatçısı olan Rusiya ilə Qərbi eyniləşdirmək kökündən yanlış yanaşmadır»
Artıq bir neçə gündür ki, hakimiyyət mətbuatı ABŞ-la Azərbaycanın münasibətlərinin normallaşmağa doğru getdiyi ilə bağlı təbliğat aparmağa başlayıb. Təbliğat xarakterli yazılarda bir müddət əvvələ qədər aparılan kampaniyadan əsər-əlamət olmasa da, yenə də müraciət olunan tezislər və gətirilən arqumentlər reallıqdan uzaqdır. “Azərbaycan” qəzetinin dünənki sayındakı “Azərbaycan ABŞ-ın barışıq jestinə ”hə" deyir, amma…" başlıqlı məqalə də bu qəbildəndir. Bu məqalə əslində bir neçə gün öncə “Yeni Müsavat” qəzetində dərc olunan oxşar tezisli məqalənin davamı sayıla bilər.
Məqalədə ABŞ-Azərbaycan münasibətlərinin tarixi kobud şəkildə təhrif olunaraq, əlaqələrin qurulması və inkişafının məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf etdiyi iddia olunur. Amma məqalənin əsas qayəsini Rusiya ilə hazırda olan münasibətlər təşkil edir.
“Biz Rusiyapərəst deyilik?!”
Məqalə müəllifləri cidd-cəhdlə sübut etməyə çalışır ki, onlar Rusiya yönümlü siyasət yürütmür: “Ən maraqlısı budur ki, ikitərəfli əlaqələrdə yaranmış soyuqluğun səbəblərini araşdırmaq və bundan nəticə çıxarmaq əvəzinə, Qərbdə Azərbaycanın xarici siyasətinin ”yeni vektorları" haqqında fərziyələr uydurmağa və dövriyyəyə buraxmağa çalışdılar. Bunun bariz nümunəsi kimi Azərbaycanın guya “tamamilə Rusiyaya qucaq açması” iddiasının irəli sürülməsini göstərmək olar. Ancaq bu iddianın müəllifləri anlamalıdırlar ki, Azərbaycan Qərblə olduğu kimi, həm Rusiya, həm də digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olub və heç zaman qütblər, güc mərkəzləri arasında birtərəfli mövqe tutmayıb".
“ABŞ geri çəkildi, hakimiyyətin gücünü ”etiraf" etdi"
Daha sonra məqalədə vurğulanır ki, ABŞ-la münasibətlər normallaşmaqdadır. Bunun təzahürü kimi isə qəzet ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfərini göstərir. Bu səfəri və onun nəticələrini şərh edən məqalə müəllifləri bir qədər irəli gedərək bəyan edirlər ki, ABŞ Azərbaycanın gücünü etiraf edərək geri çəkilməyə məcbur olur: “Azərbaycan iki ölkə arasında münasibətlərin arzuolunmaz məcraya yönəlməsinin və illərlə formalaşmış tərəfdaşlığın pozulmasını istəmir. Bu mənada, iyulun 11-də Azərbaycanda səfərdə olan və dövlət başçısı tərəfindən qəbul edilən ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın fikirləri olduqca maraqlıdır: ”Nulandın səfərindən sonra baş verənləri nəzərə almasaq, demək olar, Amos Hokstaynın dövlət başçısı Ilham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yaranmış anlaşılmaz soyuqluğun aradan qaldırılması üçün real zəmin yaradıb. Belə demək mümkündürsə, ABŞ Azərbaycana barışıq təklif edib. Çünki, son illər ABŞ rəsmilərinin Azərbaycana səfəri zamanı verdikləri açıqlamaların təhlili göstərir ki, cənab Hokstayn ənənəvi “diktat” və “şərtqoyma” ritorikasını təkrarlamadan ikitərəfli münasibətlərin bərpa edilməsi və inkişafında öz ölkəsinin maraqlarını ifadə edib.ÿGörünür, dünyanın ən nəhəng, qlobal proseslərə ciddi təsir imkanları olan dövləti artıq müstəqillik illərində Azərbaycanın uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrildiyini qəbul etməyə hazırdır".
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, “Azərbaycan” qəzetində dərc olunan məqalədə əksini tapanlar o zaman həqiqəti əks etdirərdi ki, Azərbaycanın geosiyasi, iqtisadi gücü, beynəlxalq arenadakı mövqeyi ABŞ-la eyni olmasa da, heç olmasa yaxın olardı. Bu gün ABŞ-ın dövlət, hərbi büdcəsi Azərbaycandan yüz dəfələrlə çoxdursa, Amerika iqtisadiyyatı dünya iqtisadiyyatının böyük bir hissəsini təşkil edirsə, bu gün dünyada olan iqtisadi durum dolların vəziyyəti ilə ölçülürsə, belə olan halda Azərbaycan kimi kiçik dövlət təbii ki, ABŞ-la müqayisə oluna bilməz. Azərbaycan bizim vətənimizdir və bizim üçün Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Amma obyektiv reallıqlar da var. ABŞ-ın nəyəsə görə Azərbaycandan çəkindiyini, Azərbaycana “jest” etdiyini yazmaq ironik reaksiya doğura bilər".
Məqalədə Azərbaycan hakimiyyətinin Rusiyapərəst olmadığının bildirilməsinə gəlincə, G.Hacıbəyli bildirdi ki, məqalədə Azərbaycanın Qərblə, Rusiyaya eyni münasibət sərgilədiyi bildirilir. Əslində bu yanaşmanın özünün kökündən yanlış olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bu siyasət milli maraqlarımıza cavab vermir. Qərblə Rusiyanın Azərbaycan üçün önəminin heç zaman bir ola bilməyəcəyini söyləyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan bütün qonşuları ilə olduğu kimi Rusiya ilə də normal əlaqələrin mövcudluğunda maraqlıdır. Amma bu münasibətlərin sağlam müstəviyə keçilməsi Rusiyanın iradəsindən asılıdır: “Amma Rusiya Azərbaycana münasibətdə sağlam reaksiya sərgiləmir. Rusiya 20 Yanvar, Xocalı faciəsini təşkil edən dövlətdir. Rusiya Ermənistanı Cənubi Qafqazda bir ölkə kimi yaradan dövlətdir. Rusiya eyni zamanda Ermənistanı silahlandıran dövlətdir. Bu günə Rusiya Ermənistana 3 milyard dollardan artıq silah bağışlayıb. Rusiya Qarabağın və ətraf bölgələrin işğal olunmasında Ermənistana birbaşa kömək edib. Bu gün də torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı Rusiyadır. Əgər Rusiya Ermənistanın arxasında dayanmasa, Ermənistanın nə iqtisadi, nə siyasi gücü, potensialı işğalı davam etdirmək üçün yetərli deyil. Bu baxımdan torpaqlarımız məhz Rusiya faktoruna görə işğaldadır. Bundan başqa, Ermənistana ”Isgəndər" raket komplekslərini satan da məhz Rusiyadır".
Amma Qərbin Azərbaycana münasibətdə tam fərqli mövqedən çıxış etdiyini deyən G.Hacıbəyli bildirdi ki, ABŞ, Almaniya və Avropa Birliyinin digər ölkələri Qarabağın işğal olunduğunu və Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır. Ermənistanın açıq formada işğalçı da adlandırıldığının altını cızan G.Hacıbəyli qeyd etdi ki, Avropa Məhkəməsi laçınlı qaçıqanların hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığı qərarını verib: “Qərb BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini tələb etməklə yanaşı, qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın işğalçı olduğunu tanıyır. Işğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarının çıxarılmasını tələb edir. Amma bunun qarşılığında Azərbaycan hər dəfə işğal olunmuş torpaqların azad ediləcəyi bəyanatını verərkən biz bunun cavabını Rusiyadan eşidirik. Yəni faktiki olaraq Azərbaycanın öz torpaqlarını azad etməsinə ”qırmızı işığı" da Rusiya yandırır. Mən Rusiyaya düşmən gözüylə yanaşmıram. Amma Azərbaycan torpaqlarının işğalının təminatçısı olan Rusiya ilə Qərbi eyniləşdirmək kökündən yanlış yanaşmadır. Əgər hakimiyyət Rusiya ilə Qərbə eyni yanaşma sərgiləndiyini deyirsə, bu artıq qüsurlu və yanlış yanaşmadır".
Hikmət