Böyük davanın qisası

Keçən yazıların birində yazmışdım. Kənardan məlumatsız biri gəlib 10-15 dəqiqə AzTV-nin xəbərlər proqramına qulaq assa, almanlarla elan edilmiş müharibə vəziyyətində olduğumuzu düşünər. Rəsmən elan olunmasa da, müharibə gedir və bu işdə artıq bütün hakimiyyət komandası yer alır. Amma buna “soyuq müharibə” də demək olmaz. Çünki onun da bir qayda-qanunu, ədəb-ərkanı var. Ən azından, biz “böyük dava” və “soyuq müharibə” haqqında yaxşı məlumatlı nəsilik. O davada hər birimizin ailəsindən ən azı bir nəfərin qara kağızı gəldiyinə görə, ordan açılan güllələrin hara qədər uçduğunu uşaqlıqdan yaxşı bilirik. Hələ məktəbdə oxuduğumuz kitabları, televiziyalarda bizi böyüdən saysız-hesabsız  müharibə filmlərini demirəm. Yəni biz həmin “nemes” sözü ilə “düşmən” sözünün sinonim sayıldığı bir düşüncə mühitində tərbiyələnib böyüyən nəsil olmuşuq. Bu hardasa o qanlı davanın ardınca başlayan “soyuq müharibə” rüzgarı bitən tarixə – 90-cı illərə qədər davam edib…  
Əslinə baxsaq, müharibələr heç zaman bitmir. Elə o “soyuq müharibə” də 5 il sürən böyük davanın ardınca başlamışdı. Az qala yarım əsr davam etmişdi sovetlərlə qərb dünyası arasında sürən bu ideoloji savaş. Sonra film və oyun davaları bitdi, özümüzü gerçək davanın ortasında gördük. Azadlıq və Qarabağ savaşında yaşadığımız acı gerçəklər “böyük dava” haqqındakı təsəvvürlərimizi də kökündən dəyişdi. Çünki o faciələrin yaradıcısı illərlə böyük davanın qalibi kimi öyüb durduğumuz ölkənin özü idi elə. Ancaq biz unutqan millətik, təbii. Üstündən 25 il keçəndən sonra o qədər qurbanlara və ərazimizin işğalına bais olan ölkənin ətəyini yenə buraxmırıq. Hakimiyyət Avropanı, qərbi və xüsusilə, “əzəli düşmən” olan almanları söyməklə müstəqil siyasət havasına girib. Elə belə yarıtmaz siyasətlə də olsa-olsa Şanxaya gedib çıxmaq olar. Bu siyasətlə bütün qərb dünyasına “kafa tutub”, işğalçı erməniləri silahlandıran Rusiyanın qarşısında Qurbanəli bəylik etmək olar uzaqbaşı. Gülünc şəkildə almanları Hitlerlə şantaj edərkən, Xocalı qatili Rusiyanın Putin şovinizminə haqq qazandırmaq olar. Axı böyük müharibədən sonra dağıntılar altından qalxıb gücünə güc qatan, yenidən birləşən və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilən Almaniyanın insan haqlarına hörmət çağırışları düşmənçilik üçün heç cür əsas sayıla bilməz. Bunun nə qədər gülünc olduğunun fərqindəmisiniz? Bəlkə böyük müharibənin qisasını alırsınız bizdən xəbərsiz? Bizim qisas alınacaq düşmənimiz hamıya məlum olmalıdır axı, prinsipcə…
Biz illər öncə azadlıq yoluna çıxıb bu ölkənin gələcəyi üçün gözəl xəyallar quranda qarşımıza böyük əngəllər çıxacağını bilirdik. Böyük sınaqlarla üzləşəcəyimizin, qurbanlar verəcəyimizin, əziyyət çəkəcəyimizin də fərqində idik. Bu yolun uzun, ağır, tikanlı və qanlı olduğunu da anlayırdıq. Amma biz nə olursa-olsun, ölkəmizin inkişaf etmiş bir yerə gəlməsinə, modern dünya dövləti kimi tanınmasına nail olacaqdıq. Sadəcə, biz nə zamansa xalqın səsi ilə hesablaşmadan ağlına gələni edən məsuliyyətsiz hakimiyyətlə üz-üzə qalacağımızı xəyal etməmişdik. Biz irəli gedib dünyanın bir parçası olmaq arzusuyla çalışıb-vuruşan zaman, özbaşına bir hakimiyyət üzündən 50 il geri düşəcəyimizi hesablamamışdıq. Molla Nəsrəddinin bir lətifəsində deyildiyi kimi, biz bunların necə yeridiyini bilməmişik, sadəcə…
P.S.Bir gün Molla Nəsrəddin tarlada əkin-biçinlə məşğul olan zaman yoldan keçən bir nəfər soruşur: “Ağsaqqal, qarşıdakı kəndə neçə saata gedə bilərəm?” Molla suala cavab vermir. Adam eyni sualı üç dəfə təkrarlayır, amma hər hansı bir cavab ala bilməyincə yoluna davam edir. Bir az getdikdən sonra arxadan Mollanın səsini eşidir: “Oğul, gəl!”. Adam gəlincə də Molla belə cavab verir: “Sən düz üç saata ora çatarsan” deyir. Adam əsəbi bir şəkildə: “Bir halda bunu bilirdiniz, başdan söyləsəydiniz”- deyir. Molla cavab verir: “Yaxşı, mən sənin necə yeridiyini haradan bilə bilərdim ki…”