Azərbaycan BMT-də ABŞ-a qarşı çıxdı

Rəsmi Bakı Nikaraqua, Rusiya, Venesuela kimi ölkələrlə eyni mövqedə dayanıb

Birləşmiş Ştatlar “Freedom Now” qeyri-hökumət təşkilatının BMt-də akkreditasiyası üçün kampaniyaya başlayıb. Bu təşkilat bütün dünyada vicdan məhbuslarının azadlığa buraxılması üçün çalışır. Lakin onun cəhdləri xüsusən Çin hökuməti tərəfindən müqavimətlə qarşılanır.
Keçən ay BMT-nin QHT-lərin qeydiyyatıyla məşğul olan komitəsi Vaşinqtondan olan qrupun müraciətini rədd etmişdi. Lakin Birləşmiş Ştatlar məsələni komitənin ali orqanı müstəvisinə çıxarmaq qərarına gəlib. Ictimai və Sosial Şura adlanan bu qurumun 54 üzvü məsələni iyulun 20-də səsverməyə çıxaracaq. Qrupun BMT-nin xüsusi məsləhətçisi statusunda qeydiyyatdan keçməsi üçün çoxluğun səsini almaq vacibdir.
“Freedom Now”nun fəxri sədri, Nobel mükafatı laureatı Desmond Tutu Şuranın hər bir üzvünə məktub yazaraq, onları səsvermədə “hə” deməyə çağırıb. Çünki bu təşkilatın fəaliyyət və missiyası BMT-nin ruhuna, təməl prinsiplərinə tam uyğundur.
“Freedom Now” zorakılığa məruz qalan, öz baxışlarına görə həbsxanaya düşən ayrı-ayrı şəxslərin müdafiəsilə məşğul olur.
Bu təşkilatın azadlığı üçün kampaniya apardığı şəxslərdən biri də 2010-cu ildə Nobel mükafatı laureatı olmuş, Çində “hakimiyyət çevrilişinə cəhd” ittihamı ilə 11 il azadlıqdan məhrum edilən Liu Xiaobodur.
ABŞ səfiri Samanta Pauer Konqressdəki dinləmələrdə bildirib ki, keçən ay məsələ BMT-nin QHT-lərin qeydiyyatıyla məşğul olan komitəsində müzakirəyə çıxarılarkən onun əleyhinə çıxanlar öz ölkələrində QHT-lərin fəaliyyətini məhdudlaşdıran ölkələrdir. Səfir əlavə edib ki, bu cür müqavimətlə qarşılaşmalarına baxmayaraq, geri çəkilməyəcəklər.
Qeyd edək ki, BMT Komitəsində “Freedom Now”un akkreditasiyasının əleyhinə səs verən ölkələr Çin, Rusiya, Kuba, Venesuela, Sudan, Iran, Nikaraqua və Azərbaycan olub. Bu ölkələrin bir neçəsinin hökumətləri “Frredom Now”nun kampaniyalarının hədəfi olub.
Təşkilatın yetkilisi “Associated Press”ə açıqlamasında bildirib ki, bu qurumun fəaliyyətinə beynəlxalq səviyyədə ciddi ehtiyac var.

Informasiya şöbəsi