Nəqliyyat Nazirliyi və Tarif Şurası niyə məsələyə müdaxilə edə bilmir?
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Idarə Heyətinin kollegiya iclası keçirilib. QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən keçirilən iclas zamanı ölkə başçısı Ilham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar ciddi şəkildə müzakirə olunub.
Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda Idarə Heyətinin sədri, prezident Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.
Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib.
Bununla yanaşı, C. Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb.
AZAL prezidenti məlumat verib ki, hazırda AZAL-ın və Iqtisadi Inkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayır.
Idarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin.
Azərbaycanda aviabiletlərin baha olması bir müddətdir ki, müzakirə mövzusudur. Lakin ölkə başçısı Ilham Əliyevin bu məsələyə toxunmasına qədər Cahangir Əsgərov müzakirələrə heç bir reaksiya verməyib. Ölkə başçısının AZAL-ı sərt tənqid etməsinə gəlincə, ötən sayımızda xəbər vermişdik ki, buna səbəb qurumun aviabiletlərin baha olmasını Avropa Oyunları ilə əlaqaləndirməsi olub. AZAL rəsmisi haqqin.az saytına bildirib ki, qiymət artımı AZAL-ın minlərlə idmançını və onların məşqçilərini havayı gətirmələrilə bağlıdır.
Bu açıqlama ilə bağlı ölkə başçısına məruzə edilib. Ilham Əliyev AZAL-ın bu mövqeyindən hiddətlənib və beləliklə, Cahangir Əsgərov hədəfə gəlib.
Bu məsələdə maraqları məqamlardan biri də nəqliyyat naziri Ziya Məmmədovun sükutudur. AZAL Nəqliyyat Nazirliyinə tabe olan strukturdur. Lakin Cahangir Əsgərovun Ziya Məmmədovla hesablaşmaması naziri baş verənlərdən kənarda qoyub. Bu da Azərbaycanda anormal idarəçiliyin çoxsaylı nümunələrindən biridir. Digər tərəfdən nədənsə sərnişindaşımada qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, AZAL-la bu məsələdə müstəqildir. Bəzi məlumatlara görə, Cahangir Əsgərovun müstəqilliyinin kökündə onun hakim ailəyə yaxınlığı dayanır. Digər tərəfdən AZAL-da daşınmalarla Silk Way şirkəti məşğul olur. Bu şirkət isə hakim ailəyə məxsusdur.


