Hakimiyyət Əli Kərimliyə görə cərimələndi

Avropadan AXCP liderinə açıq jest: Cərimə qərarı təşkilatın təsis günü elan olundu
 

“Avropanın ən nüfuzlu məhkəməsi artıq ikinci dəfədir ki, müxalifət lideri olaraq hüquqlarımın pozulduğunu təsdiq edir”

İyulun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədri Əli Kərimliyə pasport verilməməsilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Əli Kərimliyə pasport verilməməsi Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinin (hərəkət etmək azadlığı) pozulması kimi qiymətləndirilib. Avropa Məhkəməsi həmçinin mənəvi ziyana və çəkilmiş digər xərclərə görə Əli Kərimliyə 8600 avro kompensasiya ödənilməsinə qərar verərək Azərbaycan hökumətini cərimələyib.

Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Əli Kərimli Azərbaycanda çox tanınmış müxalif siyasi xadim, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. O, 2006-cı ildən bəri qanunsuz olaraq xarici pasportdan məhrum olunub.

Qərarda məsələnin mahiyyətindən də bəhs olunur. Bildirilir ki, Əli Kərimli 1994-cü il sentyabrın 10-da saxta ittihamla həbs olunub. Ittihamın saxtalığının sübutu kimi, qeyd olunur ki, guya, Əli Kərimlinin pencəyinin cibindən qumbara tapılıb, halbuki, həmin vaxt yeni geyinilmiş kostyumun cibinin heç tikişi sökülməmişdi. Həmin cinayət işinə istinad edərək, 2006-cı ildən bəri Əli Kərimliyə pasport verilmir.

Qərarda o da göstərilib ki, Əli Kərimli 1995-ci ildən 2000-ci ilədək, ardınca da 2000-ci ildən 2005-ci ilədək parlamentin üzvü olub. Onun əvvəl xarici pasportu olub və müxtəlif ölkələrdə çoxlu sayda tədbirlərdə iştirak edib. Amma 2006-cı ildə pasportun dəyişdirilməsi üçün müraciət edəndə, imtina cavabı alıb. Əli Kərimlinin bu məsələlərlə bağlı yerli məhkəmələrə müraciəti isə mənfi qərarların verilməsi ilə nəticələnib.

 
Qərarın mətnini bu linkdən oxuya bilərsiniz:
 
 
Avropa Məhkəməsinin qərarı açıqlanandan sonra AXCP sədri Əli Kərimli özü də “facebook” səhifəsində bu haqda fikirlərini paylaşıb:

“Hökumətə qalib gəldim. Amma hələlik Avropa Insan Haqları Məhkəməsində. Bilirsiniz ki, hökumət 10 ildir mənə xarici pasport vermir. Xarici səfərlərimin qarşısını alır. 2005-ci ilə qədər tez-tez xarici səfərlərdə olurdum. Xarici ölkələrin hökumət, parlament təmsilçiləri, mətbuat nümayəndələri ilə çoxsaylı görüşlərim olurdu. 2006-cı ilin yanvarında AŞ PA-da müxalifət təmsilçisi olaraq çıxış etmişdim. 2005-ci il parlament seçkiləri saxtalaşdırıldığına görə AŞ PA-ya təklif etmişdim ki, saxta yolla deputat təyin olunmuş şəxslərin mandatını tanımasın. Bundan sonra ölkədən çıxışıma qadağa qoyulmuşdu.

Ölkədaxili bütün məhkəmə instansiyalarını keçdikdən sonra, 2009-cu ildə Avropa Məhkəməsinə müraciət etmişdim. Məhkəmə bu gün qərarını açıqlayıb. Hökumət mənə pasport verməkdən imtinanı 1994-cü ildə mənə qarşı başlanmış saxta cinayət işi (məşhur qumbara işi) ilə əsaslandırırdı. Avropa Məhkəməsi təsdiq edib ki, hökumətin bu iddiaları tam əsassızdır. Avropa Məhkəməsi hüquqlarımın pozulduğunu, hökumətin xarici səfərlərimə, o cümlədən siyasətçi kimi işimlə bağlı səfərlərə mane olmasının qanunsuz olduğunu təsbit edib. Avropa Məhkəməsi mənə vurulmuş mənəvi zərərə və məhkəmə xərclərinə görə hökuməti 8600 avro məbləğində cərimələyib. Avropa Məhkəməsinin qərarları Azərbaycanda da icra olunmalıdır. Avropa Məhkəməsinin qərarından sonra xarici pasport almaqdan ötrü Daxili Işlər Nazirliyinə yenidən müraciət edəcəyəm.

Avropa Məhkəməsinin qərarı sırf hüquqi mübahisəyə aydınlıq gətirsə də, bu qərarın siyasi tərəfləri də var. Çoxunuz bilirsiniz ki, Avropa Məhkəməsi 2012-ci ildə qəbul etdiyi qərarla 2005-ci il parlament seçkilərində xalq tərəfindən millət vəkili seçildiyimi, lakin millət vəkili mandatımın qeyri-qanuni ləğv edildiyini təsbit etmişdi. Beləliklə, Avropanın ən nüfuzlu məhkəməsi tərəfindən artıq ikinci dəfədir ki, mənim müxalifət lideri olaraq hüquqlarımın pozulduğu təsdiq olunur. Ən yüksək səviyyədə təsdiq olunur ki, iqtidar öz rəqibi ilə ədalətli rəqabət aparmır. Bəs deyirdilər ki, ölkədə güclü iqtidar və zəif müxalifət var? Nə oldu? Heç güclü, özünə güvənən qüvvə də yarışdığı rəqibin əl-qolunu zorla bağlatdırar? Yarışmadan əvvəl rəqibin əl-qolunu bağlatdıranı kim güclü qüvvə sayar?"

Qeyd edək ki, Avropa Məhkəməsinin qərarını məhz iyulun 16-da açıqlanması bir qədər də simvolik təsir bağışlayır. Belə ki, iyulun 16-ı bilindiyi kimi, Xalq Cəbhəsinin təsis günüdür. Bu mənada Avropa Məhkəəmsinin qərarını AXCP və onun liderinə jest, Azərbaycan hakimiyyətinə isə bir mesaj kimi də qiymətləndirmək olar.