Zakir Həsənov niyə “vur” əmri verdi?

Üzeyir Cəfərov: «Ermənilər yenidən mülki şəxslərə hücumları aktivləşdiriblər, müdafiə nazirinin açıqlaması xəbərdarlıqdır»

Cəbhə xəttində gərginliyin artdığı bir dönəmdə Azərbaycan tərəfinin də müharibə ritorikası güclənir. Müdafiə naziri Zakir Həsənovun son açıqlaması bu qəbildən sayıla bilər. “Yaşayış məntəqələrimizin atəşə tutulması halında düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və hərbi obyektlərə iriçaplı silahlardan dərhal zərbə endiriləcək”.
Z.Həsənov əvvəllər də bu cür açıqlamalarla çıxış edib. Amma hazırda həm cəbhə bölgəsində vəziyyət gərgindir, həm də beynəlxalq aləmdə Qarabağ müharibəsinin həll olunması istiqamətində təşəbbüslər artıb. Istər ATƏT həmsədrləri, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar, dövlətlər səviyyəsində Azərbaycanın haqlı mövqeyi dəstəklənir.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, torpaqları işğal altında olan dövlətin müdafiə naziri məhz bu cür bəyanatlar səsləndirməlidir. Ü.Cəfərovun sözlərinə görə, düşmənə daim xatırlatmalıyıq ki, onların həm torpaqlarımızda olması qanunsuzdur, həm də ermənilər son zamanlar mülki əhaliyə hücum edirlər: “Tovuz və Qazax istiqamətində dinc əhaliyə atəşin açılması daha çox müşahidə olunur. Əslində bu bir təxribat xarakterli addımdır. Məqsəd odur ki, Azərbaycan Ermənistana addımlarına görə sərt cavab versin və ermənilər də bundan istifadə edərək, beynəlxalq aləmdə təbliğat aparsın. Beynəlxalq mətbuatda mən hələ rast gəlməmişəm ki, Azərbaycan əsgərinin dinc sakinə atəş açması barədə xəbər verilsin. Amma ermənilər mütəmadi dinc əhalini atəşə tutaraq, hətta uşaqları belə qətlə yetiriblər. Hazırda da ermənilər yenidən mülki şəxslərə hücumları aktivləşdiriblər. Ona görə Azərbaycanın müdafiə naziri bu cür xəbərdarlıq etməkdə məcbur qalıb”.
Müharibə ritorikasına gəlincə, ekspert hesab edir ki, beynəlxalq qurumlar münaqişənin həllində özlərinin nəyə qadir olduqlarını göstəriblər. Ona görə gec-tez hərbi əməliyyatlara başlamaq qərarı verilməlidir: “Azərbaycan düşmənə layiq olduğu yerini göstərməlidir. Çünki Azərbaycanın bundan sonra xeyli gözləmək imkanı yoxdur. Beynəlxalq qurumlar bu məsələni bir qədər də uzatsalar Qarabağla bağlı təhlükəli presedent yarana bilər”.

Xəyal