Yaxud «Yeni Müsavat»ın «müstəqil kurs» fəlsəfəsi
Haqlı olmaq böyük qazancdır. O qədər böyükdür ki, arqumentsizlikdən əziyyət çəkmirsən, hansısa ittihamların qarşısında məzlum görkəmi almırsan və hədəfdən yayınmaq istəmirsən və s. Amma haqsız olanda bütün ittihamlara çiynənmiş fikirlərlə, yalanla, böhtanla cavab verirsən.
“Yeni Müsaavt” qəzeti indi haqsız adamın halını yaşayır. Ittihamlara verilən cavablar bumeranq effekti verir. Bu dəfə də “Azadlıq” qəzetinin “Ramiz Mehdiyevdən gələn təlimat” yazısına, “Rusiyanın əli kimin üstündədir” məqaləsi ilə cavab yazıblar. Amma cavab arqumentləri özünüifşadan, qərəzdən, yaddaşsızlıqdan ibarətdir.
Əvvəla qeyd edək ki, biz məlum məqalədə Müsavat partiyasını hədəf seçməmişik. “Yeni Müsavat”la hökumətyönlü deputatın eyni mənbədən qidalandığını sübuta yetirmişik. Amma bir halda ki, müəllif söhbəti Müsavata qədər uzadıb, biz də bir neçə xatırlatma etmək istəyirik.
Müəllifə xatırlatmaq istəyirik ki, Rüstəm Ibrahimbəyovun Milli Şuranın sədrliyinə namizədliyini Müsavat başqanı Isa Qəmbər irəli sürmüşdü. Bundan sonra Isa bəyin Gürcüstanda Rüstəm Ibrahimbəyovla 2 saatlıq təkbətək görüşü də olmuşdu. Hazırkı Müsavat başqanı Arif Hacılı isə Milli Şura sədri Cəmil Həsənlinin seçki qərargahının həmsədri olub. Hazırda Milli Şura əleyhinə çirkin kampaniya aparan “Yeni Müsavat” şefi Rauf Arifoğlu isə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin vəkili qismində çıxış edirdi. Yəni bu adam debatlarda iştirak edərək Cəmil Həsənlinin mövqeyini müdafiə edirdi. Belə olan halda sual meydana çıxır? Milli Şura Rusiya proyekti idisə, sizin orda nə işiniz var idi? Rusiyanın yaratdığı qurumun sədrinə vəkillik etmək, seçki qərargahına rəhbərlik etmək, Ibrahimbəyovun namizədliyini irəli sürmək haradan ağlınıza gəlmişdi?
Başa düşürük ki, ağır suallardı. Amma qarşı tərəf həddindən artıq yüngüllük edəndə ağır sual vermək məcbuiyyətində qalırsan. Ona görə də müəllif belə nağılları ayda bir dəfə qəzet oxuyub, proseslərdən xəbərsiz olan adamlara danışsın. Amma xeyli insan bu yaxın tarixi xatırlayır və Milli Şuranın bütün dövrlərdə Rusiya əleyhinə təbliğat apardığının şahididir. Hələ heç bir Milli Şura üzvü Rusiyanın mövqeyini “Yeni Müsavat” qədər müdafiə etməyib. Hətta Putin qondarma erməni soyqırımı abidəsini ziyarət edəndə “Yeni Müsavat” “Putin Sərkisyan qarşısında elə şərt qoydu ki” başlıqlı məqalə dərc edərək Rusiyanın xəyanətini gizlətmək mövqeyi tutdu. Demək istəyirik ki, belə həssas məqamlardan danışanda hərdən arxivinizə də nəzər salın.
Müəllifin Ilham Rəhimovla bağlı fikirlərinə gəlincə, bu da dişsiz müdaxilədir. Biz Ilham Rəhimovun şəxsiyyətini müzakirəyə çıxarmırıq. Onun nə qədər milli və ya qeyri-milli olmasını “Yeni Müsavat” ölçür. Sadəcə olaraq demək istəyirik ki, bu adam Putinin ən yaxın adamıdı və Moskvanın mərkəzini ixtiyarına veriblər. “Yeni Müsavat” da hamıya Rusiya ləkəsi yaxa-yaxa Rusiyanın adamının adamına çevrilib. Bir də ki, “Yeni Müsavat” üçün pul verən hər kəs milli kateqoriyasına daxildir. Müəllif Ilham Rəhimova yarınmaq istəyirsə, bunun üçün başqa bir yazı həsr eləsin. Müəllif arada xatırlatma edir ki, özü də Rusiyada təhsil alıb, amma bu onun Rusiyanın adamı olduğu anlamına gəlmir. Haqlı müqayisədi. Biz də deyirik ki, Rüstəm Ibrahimbəyovun Rusiyada yaşaması da Rusiyanın adamı olduğu anlamına gəlmir. Əslində müəllif öz arqumenti ilə özünü vurmuş olur.
Daha sonra müəllif Azərbyacanın müstəqilliyini, təhlükəsizliyini, suvernliyini qorumaq öhdəliyindən yazır. Utanamsan oynamağa nə var ki. Azərbaycanın sərvətlərini talan edən, vicdanlı insanları şərləyərək həbsə atan, ölkəni bütün dünya ilə düşmən edən, korrupsiyanı dövlət siyasətinə çevirənlər haqqında bir kəlmə yaza bilməyib, prinsipial mübarizə aparanlara çamur atmaqdırmı Azərbaycançılığa xidmət? Görəsən, müəllif və onun çalışdığı qəzet sonuncu dəfə əsl günahkarları nə vaxt ifşa edib? Axırıncı dəfə hakim ailənin və nazirlərin Allahsız əməllərini nə vaxt qələmə alıblar? Yaxşı ki, bu internet var. Hamının fəaliyyətini izləmək olur. Ən böyük Allahsızlıq bu millətə qənim kəsilən, ölkəni uçuruma aparan, milyardları mənasız layihələrə səpələyən adamların qarşısında səcdə etməkdir. Heç olmasa müqəddəs ayda yalan danışmayın. Özünüzdə cəsarət tapıb monopolistlərdən, banklara sahiblik edənlərdən, xaricdə milyonluq villalar alanlardan yaza bilmirsiz, heç olmasa haqqı deyənləri şərləməyin. Ölkəni bu vəziyyətə salanlara əl çalıb, ölkəni bəladan qurtarmaq istəyənlərin əlini baltalamaqdan əl çəkin.
Müəllifin “müstəqil kurs” söhbəti isə, ümumiyyətlə, “şedevr”di. Hamı bilir ki, “Yeni Müsavat” Ilham Əliyevdən, nazirlərdən, komitə sədrlərindən yazmamaqda müstəqildi. Yəni müstəqil şəkildə öhdəlik götürülüb və AXCP-ni, Milli Şuranı istənilən səviyyədə ləkələməkdə də müstəqillik zəmanəti alıb.
Bir sözlə, bu hakimiyyət Rusiyanın projesidir. “Yeni Müsavat” isə çoxdandır bu hakimiyyətin projesinə çevrilib. Daha niyə qışqır-bağır salırsınız? Sabah sifariş gəlsə, Milli Şuranı Afrika proyekti də elan edəcəksiniz, Putinin milli qüvvə olduğunu da yazacaqsınız.
Bu öhdəlik götürmək elə zəhrimar şeydir ki, axıra qədər sədaqət tələb edirlər. Ona görə də kimin əlinin kimin cibində olduğu məlumdur. “Azadlıq”ın və “Yeni Müsavat”ın maddi vəziyyətinə baxanda, bunu aydın görmək olur. “Yeni Müsavat”ın “kurs”una baxanda isə buna əmin olmamaq axmaqlıq hesab edilir.
Hakimiyyətin dəyənəyindən yapışıb, yaxşı oğlan da, yaxşı bəndə də olmaq mümkün deyil. Allah hidayət eləsin.
Akif


