və yaxud mən bu cənazə törənində yoxam
Rüstəm Behrudi
Sayqıdəyər dost! Yazmayacağıma söz vermişdim. R. Behrudiyə yox, içimdəki adama yazığım gəldi. R. Behrudi susa bilər, içimdəki adamsa heç vaxt.
Bu gün döndüm Bakıya. Bakıya doyunca uzaqlardan baxdım. Bu şəhərdə hamı nalə çəkir. Səssizcə, pıçıltıyla ah çəkən yoxdu bu şəhərdə. Və ona görə yazdım ki:
Sən-ey dərsini tərs bilən,
Gəl ayır, naləni ahdan;
Nalə-imdad diləməkdi,
Ah-arınmaqdı günahdan…
Bu şəhərdə hamı imdad diləyir, günahdan soyunub haqqını istəyən bir kimsə yoxdu bu şəhərdə.
25 il bundan əvvəl yazdığım kimidi hər şey: – Bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdu!
Əsarətiniz mübarək, bir də mübarək, əfəndilər!
Ordubadda bir də nəyi gördüm, bilisinizmi? Ordubadda “dağlar daha gülümsəmir”di, əfəndilər!
Məsumların və təmizlərin axmaq və abdal, hiyləgərlərin və işbazların ağıllı hesab olunduğu bir məmləkətdə yaşayırıq.
ORDUBADDA DAŞ IDIM
Ordubadda daş idim,
Daşı dağa daşıdım.
Dəli kimi yaşadım,
Məni unudub Bakı.
Adını unutduğum hansısa böyük fransız yazıçısı Nobel mükafatı alarkən söylədiyi nitqində insanın kim olduğunu şərtləndirən üç böyük amildən söz açıb: Insan harda doğulub, hansı şəraitdə böyüyüb və kimlə ailə qurub. Bu fikirləri qəbul eləmək də olar, eləməmək də. Ancaq fakt budur ki, insan ömrünün hansı anında Isa ruh bədənə qayıdan tək doğulduğu yerə can atır. Bu canatma təkcə nostalji hiss deyil məncə. Ilboyu getmədiyim Naxçıvana can atıram.
Naxçıvan mənim üçün təkcə doğulduğum yer deyil. Bəxti kimi əyilən Mömünə xatun türbəsi, Cavidin, Cəlilin dərs aldığı məktəbdi. Ordubadda dağların qoynunda tək-tənha qoyub gəldiyim qardaş qəbridir Ordubad. Böynubükük atamla anamdı Ordubad. Ordubaddan nə qədər boylandsalar da görə bilməzlər məni. Ordan dağlar məni görməyə qoymaz, yağılar Bakını. Kəndbəkənd boşalmış bir türk çadırıdı Ordubad. Bu çadırda üşüyür adam.
Bir çox millətlər üçün tarix bir Vətən tarixidir. Məsələn fransızlar üçün Vətən tarixindən başqa bir tarix yoxdu. Çünki fransızlar üçün millət Fransada yaşayan bir-birinə qarışmış insanların toplusundan başqa bir şey deyil.
Ərəblər üçün tarix millətin tarixidir. Çünki Vətənlərinin sərhəddi zaman-zaman dəyişmiş, dövlət kimi yox olmuş, ancaq milli varlıqlarını qoruyub saxlamışlar.
Ingilislər üçün tarix dövlət tarixidir. Çünki onlar oz varlıqlarını dövlət quruluşunda qoruyub saxlamışlar.
Bizim millətin tarixi ruhumuzun tarixidir. Içində böyüklükdən və o böyüklüyə əlçatmazlıqdan doğan hissin təsiri ilə baş qaldıran üsyan və qiyam yaşadan bir millətin tarixi ruhunun tarixindən başqa bir şey ola bilməz.
…Ordubad Naxçıvana oxşamır. Heç Şahbuza, Culfaya, Şərura da oxşamır. Lal, dinməz, qaraqabaq sirli adam kimidi Ordubad. Adamları da özünə oxşayır. Kasıb və qənaətcil ordubadlının qənaətcilliyi xəsislik həddindədi. Bu əslində bir görünüşdü. Biz Ordubadlılar qədər qonaqpərvər adam tanımıram bu Azərbaycanda. Bizim xəsislik kimi görünən qənaətcilliyimiz də kasıbçılığımızdan irəli gəlir əslində.
Ordubad yeddi məhəllədən ibarətdi. Hər məhəllənin öz çinarı, öz kəhrizi, öz məscidi və hətta öz dəlisi var. Mən Ordubada həmişə nağıl kimi baxmışam. Və mən bu nağılın içindəyəm.
Naxçıvan deyəndə gözlərim önündə yovşan bitən boz çöllər və çılpaq qayalar canlanıb həmişə. Naxçıvan bir möcüzəydi gözəlliyin içində.
Ordubad ölü bir şəhərdi. Günortadan sonra şəhərdə adam gözə dəymir. Çörək dalınca uzaq ellərə gedən kişilərin nə vaxt dönəcəyi də bəlli deyil. Ordubadın dağ kəndlərinin çoxunda heyvan kəsməyə, tabut götürməyə kişi yoxdu. Ordubadda heç ölməyin zamanı deyil!
Mərhum Prezident H.Əliyev bir zamalar Ordubadı Azərbaycanın incisi adlandırıb. Bu incidən əsər-əlamət yoxdu daha. Ordubad ziyalılar şəhəridi.
Əgər Ordubadda kitab mağazası şadlıq evinə çevrilibsə, demək Azərbaycan elminin sonudu. Ordubad qoynundakı 1000 illik çinarların yarpaq gözləriynən Bakıya boylanır. Dağlar bir tərəfdən, yağılar bir tərəfdən kəsib qabağı. Ordubaddan Bakı görsənmir daha.
Əcnövür, Savalan durub üz-üzə,
Bəlkə dərdləşirlər dağlar dilində
Ordubad bir qərib bayatı kimi,
Ağlayan Arazın ağlar dilində.
TƏNHALIQ
Adamlar heç vaxt anlamayacaqlar ki, Tövrat da, Incil də, Quran da Allahı yox, insanı anladır. Çünkü Əsa Musanın, Çarmıx Isanın, Quran da Məhəmmədin tənhalığıdir.
ALLAH VƏ TƏK ADAM
Siz yalnız, tənha, tək adamla Allah arasındakı fərqi görürsünüzmü? Görə bilməzsiniz, çünkü o fərq yoxdu! Allahın özü görünmür. Tənha adamları isə heç kim görmür və yaxud görmək istəmir. Ona görə də, yazmışam ki:
Sənə niyə çatmır dualarımız?
Görün, bircə dəfə üzə çıx,
Allah!
Allah da görünmür,
tənha adam da,
Elə Allahlıqdı tənhalıq,
Allah!
Və sonra da yazmışam ki, Allahım, sən yabançı bir çiçəksən, mən sənin bitdiyin daş. O çiçək o daşın qəlbidi… Çiçəyin bitdiyi daşdan xəbəri yox!
Əgər çiçəyin (allahın) bitdiyi daşdan (adamdan) xəbəri yoxdusa, qiyamət çox yaxındı. Və mən bəndələri ona hazır olmağa çağırıram.
ÜMID YOXDU HEÇ NƏYƏ
Içimdə əbədiyyət və ölüm qorxusu, sevda və unudulmaq əzabı bir-birinə qarışıb. Adam olduğumu unutmuşam daha.
Ah, uzaqlar, birdə biz,
Niyə girdik günaha?!
Ömür bitir deyəsən,
Uzaqlar görsəmmir daha.
Qan içində;- Geydiyim
Köynəyə bax, köynəyə.
Mən varam, birdə kölgəm,
Ümüd yoxdu heçnəyə.
GÖZ DAĞIDI PƏNCƏRƏM
Bir gün gəldi, anladım ki:
Ömrü sovurub, sovub,
Bəxti qapıdan qovub,
Çətindir, göyü sevib,
Qayıdıb yerin olmaq.
Və istədim ki:
Gözümü yoldan yığım,
Dönüm bir sözə sığım…
Ən böyük azadlığım?
Sənin əsirin olmaq.
Düşündüm ki, feysbukda dostluğumdan hamını pozub, cəmi 57 adam saxlayım. Ilə bir adam. Həyatda bir dənə də dostu olmayan bir adamın burda 5-10 min dostda nə ehtiyacı var axı?!
Çünkü, illərcə:
Yüz tilsimə baş vurdum,
Qayıdıb səndə durdum,
Bu olumla nə buldum?!
Olmamaqdı bu olmaq.
Bilirsinizmi bunları niyə yazdım?
Yorulmuşam, ilahi,
Məndən bezib bu can da…
Dadı qaçıb, şirindi
Çəkdiyim acının da.
Bombozdu hər şey, bomboz. Adamlar da, ömür də. Daha baxıb görürəm ki:
Göz dağıdı pəncərəm,
Qapı deyil qapım da;
Kimim var ki, itirim,
Nəyim var ki, tapım da.
Bilmirəm nədənsə 25 il bundan əvvəl yazdığım bir yazını xatırladım- “Azərbaycan ortada qalmış ana tabutudur”.
MƏN BU CƏNAZƏ TÖRƏNINDƏ YOXAM!
Heçnə olduğu kimi anladılmayacaq heç vaxt! Sözlər məni anlatmaq gücündə deyil.
Bu məmləkətdə hamıda öz tabutuna uzaqdan baxan adamın qorxusu var, məndə daşıyacağım cənazənin ağırlığından doğan əzab və iztirab.
Mən bu cənazə törənində yoxam!
YUXU
Kənddə hər gecə Bakı yuxularıma girirdi. O yanan binasıynan, o binada yanan o balaca qızcığazıynan girirdi yuxuma Bakı. Mən yuxumda o alovların içində, o qızcığazıynan birlikdə yanırdım:
O ölən qızcığazın,
Qəbrini dərin qazın.
Məni də şəhid yazın,
Qoy rahat olsun Bakı.
Və mən öz cənazə mərasimimdə yox idim.
IÇIMDƏN GƏLƏN SƏSLƏR
Bu dünyada hamı Tanrının adsız bəndələrinə Allahdan, yerdən, göydən, ağacdan, otdan, çiçəkdən, küləkdən danışdı. Ancaq heç kim insana insandan, yəni insanın özündən danışmaq cəhdində bulunmadı. Çünki insana insandan danışmaq cəhdi sirr içində sirri faş eləməkdi. Faş olan da artıq sirr deyil. Insanı sirr pərdəsinə bürümək cəhdi onu, yəni insanı asan idarə eləmək istəyinə hesablanmış riyakarlıqdı.
Insanın yaratdığı (bəlkə də uydurduğu) bəşəri dəyərlər, işlədiyi cinayət və günahlara haqq qazandırmaq və özünü qorumaq cəhdindən başqa bir şey deyil.
Mən insanın üstündəki sirr pərdəsini qaldırmağın, yəni insana insandan danışmağın tərəfindəyəm. Sən ey Tanrının adsız bəndəsi:
Kim nə bilir, ruhundakı
Sevda nədi, mən danışım.
Burax yeri, burax göyü,
Mən sənə səndən danışım.
Bəllidimi yoldu sənə,
Hansı iman, hansı dinə?
Göyün yerə endiyinə
O sübut gündən danışım.
Nə dərviş, nə sufi, nə dədə,
Haqqı bulmadı heç vədə.
Musa, Isa, Məhəmmədə
Sirr qalan dindən danışım.
Kim danışsa haqq adından,
Demək indi çıxıb qandan.
Mələklərin qanadından
Süzülən qandan danışım.
Mən boş tabutam, göyə çək,
Ey qana batmamış mələk.
Qiyamət min il çəkəcək,
Mən sənə andan danışım.
Haqq özü yoldu. Bir oyun-
Kim desə haqqa yol qoyun.
Məndə Iblislə qol-boyun
Bədəndə candan danışım.
Mənə qulaq asan yoxdu
Deyim nə haqq, nə nahaqdı.
Sözlərimdən Allah baxdı,
Duyan yoxdu, qoy danışım.
P.S. Və mən sonradan anladım ki, sən demə:
Araz Ordubadda
dağ-daşdan deyil,
Axıb adamların içindən keçir.