Milli Şura vəkillərlə bağlı bəyanat verdi

“Əliyev rejimi vətəndaş cəmiyyətinin son işartılarını da məhv etmək istəyir”

Milli Şura hakimiyyətin fərqli düşünən vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı davam etdirməsini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti nümayəndələrinə, müstəqil düşüncəli insanlara qarşı repressiyaları davam etməkdədir. Ölkədə azad mətbuatı, müstəqil QHT sektorunu, vəkillik institunu sıradan çəxarmağı qarşısına ail məqsəd kimi qoyan Əliyev rejimi bəd niyyətini gerçəkləşdirmək üçün vətəndaş cəmiyyətinin son işartılarını da məhv etmək istəyir.

Bir neçə gün bundan öncə Vəkillər Kollegiyasının iki tanınmış üzvü, həmişə haqqı tapdanan insanların müdafiəsində fəal iştirak edən Əlayif Həsənov və Xalid Bağırov siyasi sifarişlə adı çəkilən qurumun üzvlüyündən çıxarılıb. Hər iki vəkil mülki işlərlə yanaşı daha çox ictimai əhəmiyyət və maraq kəsb edən məsələlərdə, xüsusən siyasi məhbusların hüquqlarının müdafiəsində yaxından iştirak edib, onlara keyfiyyətli hüquqi yardım göstərib.

Milli Şura hesab edir ki, Əlayif Həsənov və Xalid Bağırovun Vəkillər Kollegiyasından qanunsuz şəkildə uzaqlaşdırılması ölkədə müstəqil vəkillik institunun tam sıradan çıxarılmasına, hakimiyyətin basqısına məruz qalan insanları, xüsusən siyasi məhbusları müdafiəsiz qoymağa hesablanıb.

Azad mətbuatı məhv etmiş Əliyev rejimi bununla da kifayətlənməyərək dördüncü hakimiyyətin ayrı- ayrı nümayəndələrinə qarşı çirkin planlarını davam etdirir. Ötən həftə Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun və onun ailə üzvlərinə qarşı həyata keçirilən təzyiq və təhdidlər buna misal ola bilər. Hakimiyyət fərqli düşünən, onu tənqid edən insanları, qələm sahiblərini zor və şantaj yolu ilə susdurmaq istəyir. Anlamaq və başa düşmək istəmir ki, zorla məqsədə çatmaq, hakimiyyəti idarə etmək və əldə saxlamaq dövrü artıq arxada qalıb.

Demokratik Qüvvələrin Milli Şurası tanınmış hüquq müdafiəçiləri Əlayif Həsənov və Xalid Bağırovun Vəkillər Kollegiyasından qanunsuz şəkildə çıxarılmasını, eləcə də Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğluna və onun ailə üzvlərinə qarşı edilən təzyiqləri pisləyir, müstəqil vəkillik institutunun məhv edilməsinə, azad mətbuatın susdurulmasına yönələn addımlara son qoyulmasını tələb edir.