Əliyev hansı vədini yerinə yetirib?

Ölkə başçısı 12 ildir müşavirələrdə tapşırıq verir

Artıq Ilham Əliyevin müşavirələrdəki çıxışları ironiya obyektinə çevrilib. Hökumət mətbuatı və telekanallardan başqa heç kim bu çıxışları ciddi qəbul etmir. Çünki, Ilham Əliyev 12 illik prezidentliyi dövründə saysız-hesabsız vədlər verib, neqativ halların qarşısının alınacağını söyləyib. Nəticə isə nəticəsizliklə müşahidə olunb. Gəlin, Ilham Əliyevin bugünə qədər olan çıxışlarından bir neçəsini xatırlamağa çalışaq.
“O plyonkalı maşınlar. Onları və onların arxasında duranları cəzalandıracam” (22 oktyabr 2007).
“Yumurtanın qiymətini süni şəkildə qaldıranlar cinayət məsuliyyətinə cəlb olunsunlar” (10 mart 2011).
“Təmtəraqlı toylar, bahalı hədiyyələr, ad günləri yubileylər… Bunu yığışdırın. Bəsdirin” (13 fevral 2013).
“Şəhərin küçələrini yarış meydanına çevirənlər həbs olunancaq” (13 fevral 2013).
“Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxır. Onları saymırlar, təhqir edirlər. Qudurğanlıq edirlər (13 fevral 2013).
“Süni şəkildə qiymət artımları edənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək” (24 fevral 2015).
“Bu faciəli yanğın hadisəsinə görə məsuliyyət daşıyanlar ciddi cəzalandırılacaq. Heç kim qanunun əlindən canını qurtara bilməyəcək və heç bir günahkara güzəşt olunmayacaq” (21 may 2015).
Təbii ki, belə xatirələr yüzlərlədi. Amma qanunsuz tikililərin sənədləşdirilməsindən tutmuş, korrupsiyaya qarşı mübarizəyə qədər bütün sahələrdəki vədlər elə söz olaraq da qalıb.
Prezidentin bugünə qədər nail olduğu yeganə iş yumurtanın qiymətinin endirilməsi olmuşdu. Bu da hamının yaddaşında  “yumurta müşavirəsi” kimi qalmışdı. Amma sonradan yumurtanın qiymətində qalxıb-enmələr yenə də müşahidə olundu. Bugünlərdə isə yumurtanın qiymətinin yenidən qalxması xəbəri yayıldı. Günahkarlara gəlincə, cəzalananlar haqqında heç bir məlumat olmadı.
Ilham Əliyev sonuncu müşavirədə yenə də böyük vədlər verdi. Təbii ki, prezident əhalinin həssas nöqtələrini yaxşı bilir. Ona görə də AZAL-ın biletlərinin baha olmasını, keyfiyyətsiz dərmanların satılmasını, hotellərin bahalı xidmət göstərməsini, sahibkarla əlavə vergilər yüklənməsini, ipoteka kreditlərinin verilməsini gündəmə gətirdi. Məlum oldu ki, ölkə başçısı həkimlərin xəstəyə resept yazıb özünün istədiyi aptekə yönəltməsindən də xəbərdardı.
O da məlum oldu ki, bu sadalanan sahələrdə problemlərin olduğunu ölkə başçısı çoxdan bilirmiş. Sadəcə olaraq hələ bu məqamlara toxunmağı lazım bilmirmiş.
Bu ölkədə dərman preparatlarının kimin inhisarında olması, hotellər şəbəkəsinin kimlərə məxsus olması, sahibkarlardan yığılan verginin hara cəmlənməsi, AZAL-ın əsas payçısının kim olduğu hamıya məlumdur. Yəni bu şəbəkələr birbaşa hakim ailə və iri məmurlara məxsusdur. Görəsən, prezident bu adamları necə cəzalandıracaq? Əslində, prezidentin irad bildirəcəyi adamların əksəriyyəti müşavirə zalında əyləşmişdi. Niyə ölkə başçısı 42 villanı musiqi sədaları altında sökdürə bilir, 72 oliqarxı “Bandotdel”ə yığa bilir, amma bu həssas məsələlərlə bağlı yalnız vədlərlə kifayətlənir?
Bu ölkədə yuxarının icazəsi olmadan sahibkarlardan milyonlarla vəsaiti kim ala bilər? Yaxud aviabiletləri 2 dəfə baha kim sata bilər?
Maraqlı məqam həm də burasındadır ki, ölkə başçısı bank faizlərinin yüksək olması məsələsinə toxunmadı. Ona görə ki, bankların əksəriyyəti hakim ailəyə məxsusdur. Yaxud rayonlardakı hotelləri ona görə hədəf seçdi ki, həmin hotellər birbaşa ailəyə məxsus deyil.
Yuxarıda da qeyd etdiyimiz kimi, 12 ildir eyni vədləri eşidirik, məmurlara barmaq silkələndiyini müşahidə edirik və s. Amma nəticə onu göstərir ki, bütün günahkarların cəzası “Şərəf” və “Şöhrət” ordeni olur.
22 illik analoqsuz inkişafın nəticəsində rərman preparatlarından tutmuş, aviabiletlərə qədər bütün sahələrdə xaos hökm sürür.
Növbəti müşavirəni gözləyək. Əgər beynəlxalq aləmin təzyiqləri daha da artsa və əhalinin narazılığı yüksəlsə, yeni vədlər qaçılmaz olacaq. Ilin sonunda “dəfələrlə tapşırmışam”, “bu hallar yolverilməzdir” kimi maraqlı fikirləri yenə də eşidəcəyik.
Hökumət düşünür ki, əhaliyə quru təsəlli verib, ənənəvi siyasəti davam etdirmək olar. Amma cəmiyyət də ayıq olmalıdır və müşavirədəki fikirlərin sadəcə söz xatirinə deyildiyini bilməlidir.

Samir