AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təşkilatın 26-cı ildönümü ilə bağlı facebook səhifəsində maraqlı yazı paylaşıb. O, Xalq Cəbhəsinin ilk sədri, mərhum eks=prezident Əbülfəz Elçibəylə indiki sədr Əli Kərimli arasında paralellər aparıb:
Xalq Cəbhəsi 26 yaşına iki liderin rəhbərliyi ilə qədəm qoyub. Bu liderləri birləşdirən qırılmaz ortaq bağlar olduğu kimi, fərqləndirən cəhətlər də qabarıqdır:
– Əbülfəz bəy də, Əli bəy də siyasətdə əxlaq və prinsiplərə hər zaman bağlı olublar.
– Hər iki lider üçün ümumi maraqlar partiya maraqlarından həmişə üstün sayılıb.
– Onlar hər zaman demokratik qüvvələri bir araya gətirməyə, parçalanmışı bütövləşdirməyə çalışıblar.
– İkisi də, yaş fərqlərinə baxmayaraq, siyasətdə hər zaman gənclərə yol açmağa, yeni siyasətçi nəsli yetişdirməyə çalışıb.
– Hər iki lider hər zaman ətrafındakılara qarşı elə davranıb ki, onlardan üz döndərənlər bəhanə tapmaqda çətinlik çəkiblər, haqsız durmda qalıblar.
– Onların rəsmi statusları partiya sədri olsa da, biri milli azadlıq mübarizəsinin, o biri isə milli demokratik hərakatın lideri kimi qəbul edilir.
İki liderin fərqləri də kifayət qədərdir:
– Əbülfəz bəy siyasiətdə marağa deyil, sevgiyiə istinad edirdi. Əli bəy isə siyasətdə hər cür avantüranı inkar edərək, rasionalizmi öz dəsti-xəttinə çevirib.
– Əbülfəz bəy böyük milli hədəf göstərən lider idi, Əli bəy isə millətin qarşısında duran hədəflərə gedən yolun bələdçisidir.
– Əbülfəz bəy duyğulara xitab edərək, insanların qəlbini ələ alırdı, Əli bəy isə fərqli düşüncəli insanları bir ideya və məqsəd istiqmətində təşkilatlandıraraq, sistem quran liderdir.
– Əbülfəz bəy siyasətdə uzlaşdırmağı, harmoniya yaratmağı xoşlayırdı, Əli bəy fəaliyyətində hesabatlı və planlı idarəetməyə önəm verir.