ABŞ-dan gələn Qarabağ bəyanatının pərdəarxası

Uorlik: «Işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır, bölgəyə sülhməramlılar yerləşdirilməlidir»

Fuad Qəhrəmanlı: «Ilham Əliyev hakimiyyəti yaranmış fürsətləri öz iqtidar maraqları naminə əldən verir»

Son zamanlar Qarabağ problemi ətrafında baş verənlər maraq doğurur. Beynəlxalq təşkilatların problemin sülh yolu ilə həlli istiqamətində səylərinin artdığı müşahidə olunur. Eyni zamanda bu səylərin fonunda Azərbaycanın haqlı mövqeyinin altı cızılır, ölkəmizin ərazi bütövlüyü tanınmaqla yanaşı, Ermənistanın işğal altında olan əraziləri boşaltmalı olduğu vurğulanır. Əslində bu baxımdan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin söylədiklərini məntiqi nəticədə saymaq olar. Amma hər bir halda onun bəyanatı danışıqlar prosesində dönüş sayıla biləcək qədər maraq doğurur.
“Işğal edilmiş ərazilər kompleks tənzimləmə çəçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “Vedomsti” qəzetinə verdiyi müsahibəsində bildirib. “Burada əsas olan bir elementin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq ”siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik", – diplomat deyib.
Onun sözlərinə görə, razılaşdırılan atəşkəsə tam olaraq riayət edilmir.
“Bu, bizdə narahatlıq yaradır. Amma Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə həlli mümkündür”, – o deyib.
Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışarkən, həmsədr hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək haqqı olduğunu vurğulayıb, bununla əlaqədar biz onların niyə silaha ehtiyacları olduğunu və müxtəlif mənbələrdən silah aldıqlarını anlayırıq: “Eyni zamanda, narahatçılıq, əsasən də təmas xəttində, eləcə də Azərbaycan-erməni sərhəddində silahlanmanı gücləndirir. Bizi, eləcə də hərbi tarazlıq məsələsi narahat edir. Iki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur. Ona görə də biz, hərbi qüvvə nisbətində üstünlüyü bu və ya digər ölkənin istifadə etməsinə səbəb olmasını istəmirik”.
Amerikalı həmsədrin bu cür açıqlama ilə çıxış etməsi necə dəyərləndirilməlidir? Azərbaycan tərəfi bu açıqlamadan çıxış edərək hansı addımları atmalıdır?
Özü də belə bir açıqlama Azərbaycan hakimiyyətinin müharibə ritorikasının gücləndiyi, iqtidar mətbuatında “Rusiyanın Azərbaycanın ildırım sürətli müharibəsinə göz yumacağı” ilə bağlı təbliğatının aparıldığı dönəmə təsadüf edir.


Uorlikin bəyanatının çox maraqlı mövqe sərgilənməsi olduğunu deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğuladı ki, indiyə qədər ATƏT həmsədrləri bu cür açıqlama verməyib. F.Qəhrəmanlının sözlərinə görə, nəzərə alanda ki, bu mövqeni ifadə edən ABŞ təmsilçisidir, deməli, Vaşinqtonun Qarabağ münaqişəsində mövqeyi bundan ibarətdir: “ABŞ-dan olan həmsədrin açıqlaması Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarına tam uyğun mövqedir. Bu əslində Azərbaycan diplomatiyası üçün böyük bir imkanlar açır. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti nəinki Azərbaycan torpaqlarının işğaldan azad olunmasına göz yuman, hətta bu işğalı təmin edərək, Ermənistan vasitəsilə Azərbaycan torpaqlarını işğalda saxlayan Rusiyanın himayəsinə sığınıb. Hakimiyyət Rusiyaya sığınaraq, işğaldakı ərazilərin azad olunmasını tələb edən ABŞ və digər Avropa ölkələrinə qarşı sərt ritorika ilə əks-təbliğat kampaniyasına başlayıb. Bundan öncə Bundestaqın Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyi olmuşdu. Baş verənlər onu göstərir ki, Ilham Əliyev hakimiyyəti yaranmış fürsətləri öz iqtidar maraqları naminə əldən verir”.
Hazırda münaqişənin həlli ilə bağlı unikal imkanın yarandığını deyən F.Qəhrəmanlı vurğuladı ki, Uorlikin açıqlamasında diqqəti çəkən məqamlardan biri münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi ilə bağlıdır. F.Qəhrəmanlı hesab edir ki, bu o deməkdir ki, Qərb bu yol ilə Rusiyanın konflikti qızışdırmaq imkanının qarşısını almaq istəyir: “Qərb hərb yolu ilə konfliktə müdaxilə etmək imkanının qarşısını almağa çalışır. Bu da Azərbaycanın dövlət maraqlarına tam uyğundur. Ona görə ABŞ həmsədrinin bu mövqeyi Azərbaycan xarici siyasəti üçün bir fürsətdir. Bu istiqamətdə həm ABŞ, həm də digər Avropa ölkələri ilə fəal diplomatik iş aparılmalıdır. Qarabağ münaqişəsinin həllində onların hazırkı mövqeyindən maksimum istifadə olunmalıdır. Təəssüf ki, Azərbaycan hakimiyyətinin bu gün tutduğu mövqe dövlət maraqlarına böyük zərbə vurur. Nəticədə biz növbəti tarixi şansı əldən vermiş oluruq. Hazırkı Qərb-Rusiya rəqabəti dövründə Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək üçün yaranmış imkanları itirir”.
F.Qəhrəmanlı hesab edir ki, bu baxımdan amerikalı həmsədrin səsləndirdiyi fikir yetərincə ciddi qiymətləndirilməlidir. “Işğal olunmuş ərazilərin boşaldılması Azərbaycanın əsas tələblərindən biridir. Bir halda ki, bu tələbləri ABŞ, Avropa Birliyi, Almaniya müdafiə edir, o halda heç cür bağışlana bilməz ki, Azərbaycan hakimiyyəti bu mövqeyi tələb edən beynəlxalq siyasi güclərə qarşı siyasi savaş açıb. Qərbə qarşı aparılan bu kampaniyanı da vətənpərvərlik şüarları ilə gizlətməyə çalışırlar. Əksinə, bu, Azərbaycanın milli maraqlarının açıq şəkildə qurban verilməsidir”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal