abs-azerbaycan2

ABŞ-da Azərbaycan müzakirəsi: “Əlaqələr donub”

Avropa İttifaqının ABŞ-dakı nümayəndəsi: “Biz öz dəyərlərimizi – demokratiya, insan hüquqları, söz azadlığını qurban verməyəcəyik”
 

Amerika-Azərbaycan ikitərəfli əlaqələri 1990-cı illərdə, hətta 2000-ci ilin əvvəllərində güclü idi, lakin indi demək olar ki, bu əlaqələr dondurulub.

Contact.az xəbər verir ki, bu fikri Vaşinqtonda Qərbin Cənubi Qafqazda siyasətinə həsr olunan konfransda çıxış edən amerikalı analitiklər səsləndiriblər.

Brukinqs İnstitutunda Mərkəz direktoru Fiona Hill belə hesab edir ki, indiki münasibətlər hər iki tərəfdən özünü doğrultmayan gözləntilərin və məyusluqların nəticəsidir. F.Hill qeyd edib ki, ötən ilin əvvəlində Azərbaycanda vətəndaş cəmiyyəti və qərb institutlarının sıxışdırılması fonunda Bakı və Vaşinqton arasında münasibətlər kəskin pisləşib.

Azərbaycanda yüksək vəzifəli dövlət məmurları Amerika administrasiyasını antiazərbaycan siyasətində, həmçinin antisemitizm və antiislamda ittiham etməyə başlayıblar.

F.Hill hesab edir ki, Cənubi Qafqazda Rusiya, ABŞ və Avropa İttifaqının maraqları toqquşur, onların regionla bağlı yanaşmaları üst-üstə düşmür. “ABŞ, Aİ və Türkiyə ayrı-ayrılıqda yox, bir yerdə işləməlidirlər, diqqəti Ermənistan, Azərbaycan və Gürcüstanın dəstəklənməsinə yönəltməlidirlər”, – deyə o, vurğulayıb.

Aİ-nin ABŞ-dakı nümayəndəsi Klaus Botzet onunla razı olduğunu deyib. Botzet güman edir ki, Aİ Qafqaz ölkələri ilə münasibətlərinə sadiqdir. O, eyni zamanda “Biz öz dəyərlərimizi – demokratiya, insan hüquqları, söz azadlığını qurban verməyəcəyik”, – deyə əlavə edib.

Şərq tərəfdaşlığından danışan Botzet qeyd edib ki, Gürcüstan bu proqramdan artıq faydalanıb. Assosiasiya haqqında sazişdən sonra Gürcüstanın Avropaya ixracı 12%, Moldovanın isə 20% artıb. Moldova artıq vizasız rejimdən istfadə edir. Gürcüstan ilin sonunadək analoji  hüquq əldə edəcək. “Eyni zamanda Avropa tərəfdaşlıq siyasəti dəyizməz qalır və biz Azərbaycanla işi dayandırmayacağıq”, – deyə o, vurğulayıb.

Türkiyənin regiondakı rolundan danışan bu ölkənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz deyib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində anlaşılmazlıq və yanılma olmayıb. “Bu, 2008-ci ildə regionda Türkiyə xarici siyasətinin məntiqi nəticəsi idi”, – deyə o, qeyd edib. Çeviköz bildirib ki, Ankaranın diqqəti hazırda Suriya probleminə yönəlib. Lakin bu o demək deyil ki, Türkiyə Cənubi Qafqazı unutmalıdır.

Tədbirin digər iştirakçıları Qarabağ münaqişəsi səbəbindən gərginliyin artdığını qeyd ediblər. “Bu cür münaqişələri həll edilməmiş saxlamaq təhlükəlidir”, – deyə, ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib.

“Kiçik islahatlar eyni zamanda sülh danışıqları ilə birlikdə davam etdirilməlidir. Vaşinqton dinc nizamlanma yolunun axtarışı məqsədilə Azərbaycanla Ermənistan arasında dialoqun davam etdiriləcəyinə ümid bəsləyir. Hər iki ölkə durumun kəskinləşməsindən qaçmalıdır, çünku münaqişənin hərbi yolla həlli yoxdur”, – deyə, Rubin vurğulayıb (contact.az)