40 il inteqrasiya etməkdənsə…

xaqaniquzeyli@gmail.com

Anarın ssenarisi əsasında çəkilmiş, ötən əsrin 70-80-ci illərinin Azərbaycanından bəhs edən “Evləri köndələn yar” tamaşasında mənim üçün ən yadda qalan epizodlardan biri “bazarkom” Nadirlə ilk kitabı çapdan çıxmış gənc şairin görüş səhnəsidir.

“Bazarkom” Nadir şairi təhlükəsizlik komitəsinin əməkdaşı zənn edərək, iki əlini qandalın halqaları arasındakı məsafəyə uyğun tutaraq, ona uzadır. Hər şeyin bitdiyini zənn edən Nadir həbsə hazır olduğunu göstərib, məlum zirzəmiyə könüllü şəkildə getməklə sanki bir az cəzasını yüngülləşdirmək istəyirdi. “Bazarkom” bu jestlərlə  istintaqa da hər şeyi səmimi şəkildə etiraf edəcəyini bir mesaj kimi “KQB-şnik” zənn etdiyi cavan şəxsə çatdırmaq istəyirdi.

Əslində nə baş vermişdi? Evinə iki kilo balıq aparmaq istəyən istedadsız bir şair spekulyant “bazarkom”un “sizə kim lazımdır?” sualına qeyri-adi pıçıltı ilə “siz” cavabını vermişdi.

70-80-ci illərdə adi iş icraçısından (“prorab”-X.Ə.) tutmuş, ali məktəb rektoruna qədər hər bir məmurda oxşar “kompleks” vardı. Aradan 40 il keçib… Və növbəti cümlə o qədər ümummillidir ki, onu mənim yazmağıma ehtiyac yoxdur. Odur ki, mən də sizə qoşuluram.
Bugünlərdə özlərini MTN işçiləri kimi təqdim edən və bir vətəndaşdan (rəsmi məlumatda belə deyilir-X.Ə.) 3 milyon 500 min manat qoparan dəstə ifşa olundu. Vətəndaşı izləyən qrup onu evinin önündə yaxalayır və bir cümlə ilə yuxarıda bəhs etdiyim “bazarkom” Nadirin gününə salır. Vətəndaşa deyirlər ki, “sizdə bizə çatacaq əmanət var”. Vəssalam. Vətəndaş “bazarkom” Nadirdən də əfəl çıxır, deyir ki, “pullar evdədir, qalxaq verim”. Dələduzlar 3 milyon yarımı alandan sonra vətəndaşa deyirlər ki, “sən yaxşı adama oxşayırsan, səni həbs etməyəcəyik və işi burada bağlayacağıq. Amma sənə burada qalmaq olmaz, təcili ölkəni tərk elə”. Vətəndaşı Moskvaya göndərirlər…
Allah xatirinə, özünüz deyin, adi vətəndaşda 3,5 milyon nə  gəzir? Bu ölkədə evindəki seyfindən 3,5 milyon çıxarıb, təhlükəsizlik orqanlarına verə biləcək adamlara “vətəndaş” yox, “məmur” deyirlər. Halal pulu heç kim bu qədər asanlıqla verməz. Heç Azərbaycan gerçəkliyində adi vətəndaşın bu qədər halal pulu da ola bilməz.

Bir-birindən heç fərqlənməyən bu iki dövrün daha bir oxşar cəhəti də var. “Bazarkom” Nadirin dövründə bizə hey təlqin edirdilər ki, hər şey yaxşı olacaq, bircə bu Keçici Bayrağı da alaq, hamı xoşbəxt olacaq. Lakin hər Keçici Bayraqdan sonra insanların beli bir az da bükülürdü.
Yazılarımın birində mən həmin dövrdə kənd təsərrüfatında çalışan əməkçiləri, xüsusən də qadınları dəhşətli Xirosima və Naqasaki faciəsini yaşayan yaponlarla müqayisə etmişdim.  Əlbəttə, bir neçə Sosialist Əməyi Qəhrəmanı və deputatları çıxmaq şərtilə…

Hazırda “seyfində üç milyon yarımı olan sadə vətəndaş” zəmanəsini yaşayırıq. Bu dövrün əsas şüarı məchul olsa da, cəlbedici idi. Hakimiyyətin ağzını açan rəsmisi Azərbaycanın tezliklə sivil dünyaya qovuşacağından dəm vururdu. Beyinlərə yeridilirdi ki, rüşvət, korrupsiya və insan haqlarının tapdanması əbədi deyil, darıxmayın sizi bir gün özümüz bütün bunlardan uzaq olan Avropaya götürəcəyik. Hələlik başımız Qarabağ məsələsinə qarışıb.

Bu prosesə Qərbə inteqrasiya deyirdilər. Hətta belə bir dövlət komissiyası da yaratmışdılar. Keçən ilin avqustunda bir iclas da keçirmişdilər. Bu əhvalatın aparıcı içtirakçılarından biri olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu münasibətlə bir neçə “twit” də atdı. Mesaj verdi ki, hər şey qaydasındadır.

Lakin Azərbaycan xalqının bu xəyalları da suya düşdü. Məlum oldu ki, iqtidar məmurları Avropaya inteqrasiya adı altında orada mal-mülk alır, övladlarını, bəziləri isə ailəsini tam tərkibdə ora yerləşdirirmiş. Yəni loru dildə desək, biz fil qulağında yatmışıq, inteqrasiya məmurlar üçün “yavaş-yavaş aradan çıxmaq” imiş…

Hazırda ölkə prezident Ilham Əliyevin Qərbə inteqrasiya haqqında fikirlərini süzgəcdən keçirməklə məşğuldur. Əslində, məsələ göründüyü qədər mürəkkəb deyil. Məmurların Avropaya yuxarıda göstərdiyim formada “inteqrasiyası” onu narahat etməyə bilməz.
O ki qaldı xalqa, onun üçün inteqrasiya ilə Keçici Bayrağın elə bir fərqi yoxdur.