Nəqliyyat nazirinin gördüyü işləri ictimaləşdirməsi hansı zərurətdən doğub?
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC 2015-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında məlumat yayıb.
"Azəryolservis" ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 114,4 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub.
Onlardan 44,6 kilometri respublika əhəmiyyətli, 69,8 kilometr yol isə yerli əhəmiyyətlidir.
Göstərilən müddət ərzində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12 ədəddir. Körpülərdən 10-u yeni tikilib, 2-i isə təmir olunub.
Cavid Qurbanov "Azəryolservis"in rəhbəri olduğu müddətdə bu qurumun görülən işlər barədə nə zamansa hesabat verdiyini xatırlayan yəqin ki, olmaz. Bəs indi nə baş verdi ki, nəqliyyat naziri Ziya Məmmədov "Azəryolservis"in gördüyü işlərlə ictimaiyyəti tanış etmək zərurəti duydu?
Bəzi mülahizələrə görə, bu "Azəryolservis"i sədr əvəzi Saleh Məmmədovun qurumun rəhbərliyinə təsdiq etdirmək cəhdlərindən biridir. Məsələ burasındadır ki, Saleh Məmmədov cari ilin fevral ayının 10-da qurumun müvəqqəti sədri vəzifəsinə təyin olunub. Artıq 6 aydır ki, Ziya Məmmədov onu sədr təyin etdirə bilmir. Mümkündür ki, nazir məqsədinə nail olmaq üçün "Azəryolservis"in bu müddət ərzində gördüyü işləri reklam etməyi məqsədəuyğun sayır.
Başqa mülahizələrə görə, məsələ elə Ziya Məmmədovun özü ilə bağlıdır. Avropa Oyunlarında avtobus qəzası, məmurların övladlarının, qohumlarının harınlığının artıq ölkə başçısı səviyyəsində tənqid edildiyi bir vaxtda Ziya Məmmədovun qardaşı ətrafında baş verənlər (Qusarda güllələnmə olayı), oğlu Anar Məmmədovun ABŞ-da apardığı işin iflasa uğraması naziri hədəfə gətirib. Son günlər mətbuatda da Ziya Məmmədovun "vurulacağı" barədə məlumatlar yayılır. Ona görə də ehtimal etmək olar ki, nazir bu hesabatlarla vəziyyətdən çıxmaq istəyir.


