Əliyevin isterik reaksiyasının pərdəarxası

Hər gün Azərbaycanın biraz da quyuya salındığının şahidi oluruq. YAP hakimiyyəti israrla ölkəni dünyadan təcrid edir və Rusiyanın himayəsinə sığınır. Onsuz da ağır sosial-iqtisadi problemlərin məngənəsində sıxılan vətəndaş üçün hakimiyyətin mövcud siyasəti daha ağır təlatümlər vəd edir.
Ilham Əliyevin sonuncu müşavirə zamanı səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycanın xarici siyasəti iflasa uğrayıb və hakimiyyət demokratik islahatlardan imtina edib. Ümumiyyətlə, bu müşavirədə Almaniyanın, Avropa Parlamentinin, AŞ PA-nın əleyhinə sərt fikirlər səsləndirildi və demokratik dünya ilə bütün bağların qırıldığı aydın oldu.
“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onılara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır. Avropada faşizm hökm sürür. Bizim inkişafımıza paxıllıq edirlər. Biz onların dediklərini heç vaxt eləməmişik. Onlara fikir verməmişik və bizim əleyhimizə qəbul olunmuş qətnamələr adi kağız parçasıdır”- deyə Ilham Əliyev bildirib.
Qeyd edək ki, Almaniya Bundestaqının məlum qətnaməsində Azərbaycanın ərazi bütövlüyü tanınıb, Ermənistanın işğalçı olduğu bildirib. Ümumiyyətlə, Almaniya hökuməti Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verən ölkələr sırasındadır. Amma Azərbaycandakı repressiv mühiti, insan haqlarının pozulmasını ifadə etdiyinə görə Almaniya Azərbaycan hakimiyyətinin düşməninə çevrilib. Ən cılız məqam isə Avropanın Azərbaycana paxıllıq etməsini söyləməkdir. Qeyd edək ki, təkcə “BMV” və “Mersedes” firmasının illik dövriyyəsi Azərbaycanın büdcəsindən 20 dəfə çoxdur. Almaniyanın ÜDM-i trilyonlarla ölçülür. ABŞ-ın isə ÜDM-i 17 trilyondur. Görəsən Azərbaycan hansı parametr üzrə Avropanı qabaqlayır ki, bu ölkələr bizə paxıllıq edir? Ilham Əliyevin mindiyi avtomobildən tutmuş, geyindiyi kostyuma qədər Avropa istehsalı deyilmi? Istifadə etdiyimiz kompüterlərdən tutmuş, telefona qədər Qərb istehsalı deyilmi? Ilham Əliyev və məmurları istirahətlərini, müalicələrini, övladlarının təhsilini, bank hesablarını, malikanələrini Avropaya həvalə etməyiblərmi? Əgər Avropada faşizm hökm sürürsə, milyardları niyə Avropaya daşıyırsınız? Bəlkə, müəllimin 150-200 manat maaş almasına, professorun ehtiyac içində yaşamasına, şəhid ailəsinin sığorta pulunu ala bilməməsinə, təhsilin, səhiyyənin, hüquq sisteminin iflic olmasına görə Avropa bizə paxıllıq edir? Yoxsa, 20 ildə 20 qarış torpağı geri qaytara bilməmiyimizə, korrupsiyanın, monopoliyanın at oynatdığına görə bizi qısqanırlar?
Əgər Avropa, ABŞ pisdirsə, niyə bu ölkədəki lobbiçilərinizə milyardlar xərcləyib, özünüzə imic düzəltmək istəyirsiz.  Niyə, Ilham Əliyev Obamaya təbrik məktubunda dəstək istəyir? Niyə Ilham Əliyev Davosdakı çıxışında Qərbin etimadını qazanmaq istəyini ifadə edir? Avropa Oyunlarının açılış və bağlanış mərasimini niyə Avropalı mütəxəssislərə həvalə etdiniz? Niyə, Natiq Əliyev ABŞ səfiri ilə görüşdə “beynəlxalq layihələrin həyata keçməsi üçün ABŞ-ın dəstəyi önəmlidir” söyləyir?
Əslində, Ilham Əliyevin iclasdakı nitqi xarici siyasətin tamam iflasa uğramasının, dünyanın bu hakimiyyətə etimad göstərməməsinin etirafıdır. Deməli, YAP hakimiyyəti şəxsi maraqlar naminə dövlətin və millətin gələcəyini qurban verib. Korrupsiyanın, monopoliyanın, seçki saxtakarlığının davam etməsi üçün Qərbdən imtina etmək zərurətə çevrilir.
Artıq dünya Əliyev hakimiyyətinin kaprizlərinə dözmək istəmir və imitasiyanı qəbul etmir. Bütün dünya hakimiyyətin qırmızı xətti keçdiyini başa düşür və adekvat reaksiya verir. Vəziyyət o həddə çatıb ki, Avropa Parlamentinin, AŞ PA-nın, Almaniya Bundestaqının Qarabağla bağlı müsbət addımları da qiymətləndirilmir. Çünki, bu hakimiyyət üçün ölkənin ərazi bütövlüyünün tanınması yox, şəxslərinə qarşı mədhiyyələr eşitmək önəmlidir.
Ilham Əliyevin nitqi əslində real vəziyyətdən doğan isterikanın və hikkənin ifadəsi idi. Ilham Əliyev başa düşür ki, onun idarə etdiyi gəmi batmaqdadır.
Amma Əliyevin antiAvropa çıxışının əsas səbəbi narahatlıq və qorxudur. Bəli, Ilham Əliyev Avropanı hədələməklə daxili auditoriyaya və komandasına mesaj verirdi. Əliyev başa düşür ki, komanda üzvləri Qərblə münasibətlərin tamam məhv olmasına tərəfdar deyillər. Çünki, iri məmurların Qərblə birbaşa əlaqələri var, bu ölkələrdə biznes imperiyası qurublar və zəruri ehtiyaclarını Qərbdə ödəyirlər. Ona görə də Əliyev komanda üzvlərinə ürək-dirək vermək, narahatlığa səbəb olmadığını çatdırmaq istəyir. Eyni zamanda ölkə ictimaiyyətinə də rejimin qüdrətli olduğunu sübut etmək istəyir.
Beləliklə, cəmiyyət də dərk etməlidir ki, Ilham Əliyevin səsləndirdiyi fikirlər qüdrətli olmağın deyil, zəifliyin göstəricisidir. Məsələ burasındadır ki, “analoqsuz inkişaf”  təbliğatı iflasa uğrayır və hakimiyyətin bu illər ərzində heç bir sahədə inkişafa nail olmadığı üzə çıxır. Görünən odur ki, növbəti dəfə Ilham Əliyev ölkəni Putinə təslim edir və Ermənistanla çiyin-çiyinə ŞƏT-ə gedir.
Sadəcə olaraq bu xəyanəti sığortalamaq üçün bütün günahları Qərbin üstünə atırlar.
Bir sözlə, Ilham Əliyev 12 illik prezidentlikdən sonra   Azərbaycanı dünyadan təcrid etdiyini, avtoritarizmə könül verdiyini və islah olunmayacağını söylədi.

Samir