Baxdım ki, İlham Əliyevin Almaniya ilə bağlı açıqlamalarına sosial şəbəkələrdə çoxları ironiya, satira, yumorla yanaşıblar. Başa düşüləndir. Belə bir absurdu ciddi-ciddi təhlil etmək çox çətindir. Amma xalqın məlumatı olmalıdır ki, “lazım gəlsə”, kimlərlə baş-başa gələcək.
Beləliklə, Avropa, Qərb bugünlərdə çox ciddi uğurlara imza atır. İranla nəhayət, razılaşma əldə olundu. İran reallıqla barışdı, nüvə ambisiyalarından imtina etdi və ona qarşı tətbiq olunan sanksiyaların ləğvinə nail oldu. Yeri gəlmişkən, sanksiyaların çox ciddi təzyiq vasitəsi olduğu təsdiqini tapdı. 2012-ci ildə İrana qarşı sanksiyalar sərtləşdikdən sonra 2013-cü ildə İranın ÜDM-i 5 faiz azalmışdı, sanksiyalar nəticəsində dəyən ziyan isə yalnız 1 ilin ərzində 70 milyard dollar olmuşdu. Bu gün son onilliklərin ən böyük qarşıdurmalarından biri öz həllini tapdı.
Avropa Birliyi Yunanıstanı da xilas edir. O Yunanıstanı ki, 320 milyard dollar xarici borcu var idi. Belə bir ölkəyə AB əlavə olaraq 90 milyard dollar da kredit verəcək ki, ölkə nəhayət, ciddi islahatlardan sonra ayağa qalxa bilsin. Bugünlərdə “Yunanıstanı vəziyyətdən çıxarmaq üçün kömək edə bilərsinizmi?” sualına Rusiya prezidenti Putin bilirsiniz necə cavab verdi? Dedi ki, orada çox böyük məbləğlərdən söhbət gedir. Az qalmışdı, ardını da desin ki, belə böyük məbləğlər bizlik deyil, özünü saxladı. Amma o deməsə də, hamı başa düşür ki, bu cür bahalı xilas əməliyyatı, istəsə belə, artıq Rusiyalıq deyil.
Bəli, etiraf etmək lazımdır ki, “rəqib” çox güclüdür. Amma fikir etməyə dəyməz. Bizim hökumətin də hər gün bir rayon ala biləcək onlarla saytı var. Elə eləməsinlər ki, “könüllülər” növbəti paradı düz Berlində keçirsinlər.


