İlham Əliyevin hədələrinin arxasında nə dayanır?

Mehman Əliyev: «Çıxışda səsləndirilən fikirlər daha çox daxili auditoriyaya hesablanıb»

Dövlət başçısı Ilham Əliyevin son müşavirədə səsləndirdiyi fikirlər, Qərbin ünvanına səsləndirdiyi ittihamlar ciddi situasiya yaradır. Maraqlıdır ki, əgər Azərbaycan hakimiyyəti əvvəllər Qərbdən gələn çağırışlara məhəl qoymasa da, bunu açıq formada ifadə etmirdi.
Demokratiya və insan haqları ilə bağlı istəklərə cavab olaraq onların imitasiyası ilə məşğul olunurdu. Amma bu dəfə dövlət başçısı bir qədər də irəli gedərək beynəlxalq təşkilatların, konkret dövlətlərin Azərbaycanla bağlı qəbul etdiyi sənədləri kağız parçası adlandırdı: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? Inteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa Ittifaqı ilə Assosiasiya Sazişinə qoşulmayıb. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir”.
I.Əliyev Avropaya inteqrasiyanın da özünü doğrultmadığını düşünür: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. Ikincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? Ikinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa, inteqrasiya etmişik. Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da”.
“Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, – Azərbaycan ictimaiyyəti də bilir, – bizə qarşı çox çirkin kampaniya aparılır”, deyən I.Əliyev əslində narahatlıq doğuran açıqlaması ilə ciddi beynəlxalq təzyiqin olduğunu etiraf edib.
Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentinin antiAzərbaycan qətnaməsini müzakirəyə çıxardığını deyən I.Əliyevin növbəti hədəfi Almaniya Bundestaqı olub. Almaniya parlamentininin qəbul etdiyi qətnamənin də ölkə reallıqlarını əks etdirmədiyini iddia edən I.Əliyev vurğulayıb ki, Almaniya bununla Azərbaycanın daxili işlərinə qarışır: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”.
Bəs bu cür təbliğatın davam etməsi hakimiyyətə nə vəd edir? Azərbaycanın xarici siyasət xəttində dünyanın aparıcı təşkilatlarına, dövlətlərinə meydan oxunması hansı fəsadları yarada bilər?
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hazırda Azərbaycanın xarici siyasətində baş verənlər, verilən bəyanatlar təsadüfi deyil. Nüfuzlu beynəlxalq qurumların Azərbaycanda keçiriləcək seçkilərin qeyri-demokratik olacağını gözəl bildiyini deyən M.Əliyev vurğuladı ki, Azərbaycan hakimiyyəti də indidən bəyan edir ki, seçkilər əvvəlki qaydada keçiriləcək: “Azərbaycan hakimiyyəti qabaqlayıcı addımlar atır. Çünki son zamanlar Qərbdən gələn demokratiya istəkləri artmaqda davam edir. Amma hakimiyyət bəyan edir ki, Azərbaycanda azad seçkilərdən söhbət gedə bilməz”.
I.Əliyevin çıxışda səsləndirdiyi fikirlərin daha çox daxili auditoriyaya hesablandığını düşünən M.Əliyev bildirdi ki, ölkə başçısı bir daha daxildə hansı siyasəti yürüdəcəyini bəyan edib. Amma hakimiyyətin bu siyasəti davam edəcəyi təqdirdə beynəlxalq aləmdən də təzyiqlər artacaq. Çünki iqtidar ondan tələb olunan heç bir addımı atmır.

Hikmət