Ölkə başçısının müşavirədəki çıxışında diqqətçəkən iki məqam
Ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çıxışda iki məqam xüsusilə yadda qaldı. Bunlardan biri Ilham Əliyevin Qərbi sərt tənqid edərkən komandasına etdiyi xəbərdarlıq idi: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik.
Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. Ikincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? Ikinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik”
Ilham Əliyevin bu fikirlərindən belə aydın olur ki, onda komandasına inam yoxdur. Ölkə başçısı Avropaya inteqrasiyadan danışan istənilən hakimiyyət təmsilçisinin Qərblə hansısa məxfi əməkdaşlıqda olduğu barədə şübhələrə düşə bilər və görünən odur ki, düşür. Ona görə də Qərblə qarşıdurma olduğu indiki situasiyada hətta Avropaya inteqrasiya barədə fikirlərin də məsləhətləşmədən səsləndirilməsini qadağan edir.
Digər məqam vergilərlə bağlıdır. Ilham Əliyevin bu barədə dediklərinə diqqət edək: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir.
Sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır".
Ilk baxışdan elə görünür ki, Ilham Əliyev Vergilər Nazirliyini tənqid edir. Elə baş nazir olmaq istəyən məmurların nəzarətində olan media qurumları da ölkə başçısının bu fikirlərini vergilər naziri Fazil Məmmədovun “vurulması” kimi təqdim etmişdilər. Əslində ölkə başçısı açıq şəkildə deyir ki, vergilər verilməlidir və heç kim bunun qarşısını almağa cəhd göstərməməlidir. Ilham Əliyevin bu fikirləri elə o müşavirədə iştirak edənlərə xəbərdarlıqdır. Axı Azərbaycanda böyük biznes onların əlindədir. Vergilər Nazirliyi də məhz məmurlara məxsus obyektlərdən vergi toplamaqda çətinlik çəkir. Ilham Əliyev isə bu məsələyə birbaşa özünün nəzarət etdiyini açıqladı. Ölkə başçısının bu məsələyə xüsusi önəm verməsi iqtisadi böhranla bağlıdır.


