Zalımın qarşısında, haqlının yanında olmanın qürurunu yaşamaq bilirsiniz, nə qədər xoşdur?!
Dostlar, gerçəkdən də uzun, incə bir yoldayıq. Xalq Cəbhəsi Hərəkatı siyasi marafonunun başlanmasının 26 ili tamam olur. Bu 26 ildə cəbhəçilər nələrdən keçməyiblər? Yox, mən nələrdən keçdiyimizi bir-bir sadalamayacağam. Nəyə görə keçə bilməyimizdən, bizləri güclü, dözümlü, israrlı, inamlı edən qaynaqlarımızdan yazacağam.
Əvvəla, AXC-nin qurucuları bu təşkilatı klassik mənada siyasətlə məşğul olub, hakimiyyətə gəlmək üçün yox, milli istiqlalımızı bərpa etmək, torpaqlarımızı işğalçılardan qorumaq, ölkəmizdə demokratiya və azadlıqları bərqərar etmək üçün – bir sözlə, milli maraqlarımızı qorumaq və onun keşiyində durmaq üçün yaradıblar. Ona görə də xalqın maraqları, milli maraqlar bu təşkilat üçün bütün zamanlarda ən öndə gəlir.
İkincisi, cəbhəçilər üçün yalanla, saxtakarlıqla, yaltaqlıqla, rüşvətlə, korrupsiya ilə, haqsızlıqla, hüquqsuzluqla – bir sözlə, şərlə mübarizə partiya işi, partiya tapşırığı deyil, həyat tərzidir. Hərəmiz olduğumuz yerdə haqsızlıqla ona görə mübarizə aparmırıq ki, bunu bizlərdən partiya tələb edir, əksinə, biz ona görə birləşmişik ki, hər birimiz ayrılıqda azadlıq, ədalət sevərik. Bu 26 illik mübarizə bizi ona görə yormur ki, biz təkcə mübarizə aparmırıq, eyni zamanda bununla yaşayırıq və inanın ki, bütün çətinliklərimizə rəğmən, həm də xeyli dərəcədə xoşbəxt yaşayırıq.
Bizim üçün yaşamaq həm də insanlarımızın inkişafına, xoşbəxt olmasına mane olan pisliklərlə mübarizədir. Güclü, lakin haqsız zalımın qarşısında, gücsüz, lakin haqlı olanın yanında olmanın qürurunu yaşamaq bilirsiniz, nə qədər xoşdur?! Doğru yolda olduğumuzu, millət yolunda, haqq yolunda olduğumuzu dərk etmək bizi özünəinamlı və güclü edən əsas faktordur.
Biz millətimizin inkişafı, rifahı, müasir dünyada normaya çevrilmiş haqq və özgürlüklərdən hər bir soydaşımızın faydalana bilməsi, uşaqlarımızın qayğısız və sağlam böyüməsi, gənclərimizin yüksək təhsil alıb, lazımlı peşələrə yiyələnib, özünü reallaşdıra bilməsi, yaşlılarımızın, əlil vətəndaşlarımızın heç kimə möhtac olmadan, təminatlı həyat yaşamaları uğrunda mübarizə aparırıq. İstəyirik ölkədə elə bir dövlət hakimiyyəti qurulsun ki, insanlar ləyaqətlə yaşayıb, öz zəhmətləri və bacarıqları ilə ucala bilsinlər. Ucalmaq üçün alçalmaq zərurəti hiss etməsinlər.
Xalqımız ədalətlidir, qədirbiləndir. Bilir ki, AXCP üçün xalqın marağından, xoşbəxtliyindən üstün olan başqa heç bir maraq yoxdur. Bilir ki, aldığımız yaralar, verdiyimiz itkilər, yaşadığımız məhrumiyyətlər xalqımıza, ideallarımıza və prinsiplərimizə sadiq olduğumuza görədir. Ona görə də bizə sahib çıxır, xalqın içində yetişən, bacarıqlı, əqidəli, mübariz gənclər sıralarımıza qoşular. Xalqımız söykəndiyimiz arxa, güc və enerji qaynağımız olaraq sıralarımızın seyrəlməsinə imkan vermir.
Bu əlamətdar gündə partiyamızın ilk sədri, Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəy başda olmaqla, dünyasını dəyişmiş bütün xalq hərəkatı fəallarına Allahdan rəhmət diləyirəm. Partiyadaşlarımı, əqidədaşlarımı, bütövlükdə xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edirəm. Qətiyyən şübhə etmirəm ki, Xalq Cəbhəsi Hərəkatının başlatdığı bu siyasi marafon ölkəmizdə demokratiyanın, azadlıqların, gerçək xalq hakimiyyətinin yenidən bərqərar olmasına nail olacaq!




