AZAL-ın buraxdığı səhv ölkə başçısını qəzəbləndirib
Ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında AZAL-ı sərt tənqid etməsinin səbəbləri barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatı təqdim etməmişdən əvvəl xatırladaq ki, ölkə başçısı iclasda aviabiletlərin qiymətlərinin süni şəkildə qaldırıldığını deyib:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Ilham Əliyevin baş verənlərdən xəbəri olub və qiymət artımı Cahangir Əsgərovun özfəaliyyəti deyil. Sadəcə AZAL qiymətlərin qaldırılması Avropa Oyunlarına idmançıları pulsuz gətirmələri izah edib. AZAL rəsmisi haqqin.az saytına bildirib ki, qiymət artımı AZAL-ın minlərlə idmançını və onların məşqçilərini havayı gətirmələrilə bağlıdır.
Bu açıqlama ilə bağlı ölkə başçısına məruzə edilib. Ilham Əliyev AZAL-ın bu mövqeyindən hiddətlənib və beləliklə, Cahangir Əsgərov hədəfə gəlib. Qeyd edək ki, oxşar hal ilə baş nazirin müavini Abid Şərifov da üzləşmişdi. O yanan bina ilə bağlı keçirilən iclasda binalardan “penoplast” üzlüklərin sökülməsi prosesinə Avropa Oyunlarından sonra başlamağı təklif etmişdi. Ilham Əliyev isə bundan qəzəblənərək bu məsələnin Avropa Oyunlarına heç bir dəxli olmadığını bildirmişdi.


