
Hesablama Palatası Baş Prokurorluğa dosye göndərir; Keçmiş səfirdən məsələyə sərt reaksiya
"Bunlar Prezident Administrasiyasından gələn sifarişdir; Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram"
Hesablama Palatası Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir, hazırda hakimiyyətə yönəlik tənqidləri ilə məşhur olan Arif Məmmədov barəsində Baş Prokurorluğa müraciət edib. Hesablama Palatası yaydığı açıqlamada bildirir ki, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına (Həmin müddətdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov olub) büdcədən ayrılan vəsaitlərin istifadəsi zamanı qanunsuz xərcləmələr, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması halları aşkarlanıb. Palatanın kollegiyası iyulun 15-də qərar alıb ki, müvafiq yoxlama materialları qanunun tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilsin.
***
Arif Məmmədov məsələ ilə bağlı "Azadlıq" qəzetinə açıqlama verib. O, Hesablama Palatasının qərarını gülünc adlandırıb:
"Hesablama Palatası mənim dövlət sirrini qorumadığımı necə hesablaya bilər, başa düşmürəm. Aydındır ki, bunlar Prezident Administrasiyasından gələn sifarişdir. O ki, qaldı maliyyə xərclərinin yoxlanmasına, mən səfirlikdə işlədiyim bütün müddət ərzində dəfələrlə tələb etmişəm ki, maliyyə yoxlaması göndərilsin. Səfirliyi təhvil götürəndə də, təhvil verəndə də. Aydındır ki, orada hər hansı israfçılıq, yeyinti-filan olsaydı, mən bunu etməzdim. Heç bir xüsusi xərclərdən də söhbət gedə bilməz. Xüsusi xərcləri səfirliklərə verirlər ki, Heydərizmi təbliğ etmək mümkün olsun, o cümlədən heykəllər, büstlər qoyulsun. Amma mən bu məsələlərlə məşğul olmamışam və təbii ki, belə xərcləri də heç kim mənim ayağıma yaza bilməz. Bunlar boş şeylərdir və sadəcə, istəyirlər ki, mənim başımı bu cür söhbətlərlə qatsınlar və ciddi fəaliyyət qura bilməyim. Amma təbii ki, mən bunların təşviş və həyəcanlarını görürəm. Hətta İlham Əliyevin son müşavirəsində də danışdığı söhbətləri panikanın göstəricisi sayıram və Hesablama Palatasının, yaxud başqa buna bənzər sifariş yerinə yetirən qurumların mənasız ittihamlarına cavab vermək üçün xüsusi vaxt ayırmaq fikrində deyiləm. Amma ola bilsin, vaxt tapıb, Azərbaycan hökumətinin səfirliklərə hansı mənasız məqsədlər üçün nə qədər pullar ayırdığı ilə bağlı bir arayış tərtib etdim".
Aydındır ki, Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edilməsi həm də onu həbs təhlükəsilə hədələmək kimi yozula bilər. Bəs keçmiş səfirin özü bunu necə qiymətləndirir və həbs təhlükəsini real sayırmı?
"Onlar əlbəttə, məni zərərsizləşdirmək, hərəkət və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, eyni zamanda hətta həbsimə nail olmaq istəyərlər. Amma bu, onlara nəsib olmayacaq və biz fəaliyyətimizi davam etdirəcəyik", – deyə diplomat suala cavab verib.
***
Arif Məmmədov Hesablama Palatasının Baş Prokurorluğa müraciəti ilə bağlı "Amerikanın səsi" radiosunun suallarına da cavab verib. Keçmiş səfir xatırladıb ki, bir müddət əvvəl mətbuata açıqlamasında ona qarşı "çirkin kampaniyanın" dayanmadığını bildirmişdi.
"Bir müddət öncə Azərbaycanda mənimlə bağlı nəsə tapmağa çalışsalar da, fotomontajdan başqa ortaya heç nə qoya bilmədilər. Mənimlə bağlı yoxlamaların getdiyindən xəbərdar idim. Gözəl anlayıram ki, məqsəd mənim gələcək siyasi fəaliyyətimi məhdudlaşdırmaqdır. Azərbaycanda hal-hazırda Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılın məhkəmələri onu göstərir ki, bunlar hamısı sifarişlə icra edilir. Prezident Administrasiyasından birbaşa sifariş gələndən sonra sistem insana qarşı müxtəlif yollarla çirkin ittihamlar irəli sürməklə məşğul olur. Mən siyasi platformamla və gələcək planlarımla bağlı mətbuata açıqlamalar verdikdən sonra onların müxtəlif addımlarla mənim mümkün siyasi fəaliyyətimi məhdudlaşdırmaq məqsədilə kampaniya başlayacaqlarını anlayırdım və son hadisələr mənim üçün gözlənilən idi", – deyə o, qeyd edib.
Arif Məmmədov guya dövlət sirrini yayması haqda ittihama da cavab verib. Bildirib ki, Hesablama Palatası onun səlahiyyətlərinə daxil olmayan belə bir məsələ ilə bağlı ittiham irəli sürməklə, əslində sifariş yerinə yetirdiyini sübut edib. Keçmiş səfir bu ittihamı gülünc adlandırıb. "Mən mətbuatda da demişdim ki, Avropa Şurasında işləyən vaxtlar Azərbaycanda olan haqsız həbslərin müzakirəsi zamanı çalışırdım, avropalıları daha düzgün məlumatlandırm. Bu da yəqin onlar üçün dövlət sirri sayılır. Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram", – deyə keçmiş bildirib.
***
Qeyd edək ki, Arif Məmmədov Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı "Facebook" səhifəsində yazdığı statusdan sonra hədəfə gəlib. Arif Məmmədov həmin statusda məmurları ittiham edib. Keçmiş səfirin fikirləri hakimiyyət düşərgəsi tərəfindən sərt təpki ilə qarşılanıb. İqtidarın nəzarətində olan media qurumları isə baş verənləri "səfirlərin qiyamı" kimi təqdim ediblər. Arif Məmmədov bu ittihamları cavabsız qoymayaraq hakimiyyəti sərt tənqid edib. Bununla da keçmiş səfirlə iqtidar arasında uçurum yaranıb. Daha sonra Arif Məmmədov müxalifətə keçdiyini bəyan edərək vəzifəsindən istefa verib.