
ABŞ prezidenti Barak Obama nüvə proqramı ilə bağlı İranla «altılıq» ölkələri arasında yekun anlaşmanın əldə olunmasını alqışlayıb. Sazişin Birləşmiş Ştatların milli maraqlarına uyğun olduğunu deyən Obama söz verib ki, Konqresin bu sənədin qüvvəyə minməsinə mane olacaq istənilən qanun layihəsinə «veto» qoyacaq. Lakin Obama xəbərdarlıq edib ki, rəsmi Tehran sazişi pozacağı təqdirdə, sanksiyalar yenidən tətbiq olunacaq. ABŞ prezidenti onu da xatırladıb ki, Vaşinqtonun İranda insan hüquqlarının pozulması ilə bağlı sanksiya qərarı ləğv olunmayacaq.
Obamanın fikrincə, Vyanada əldə edilən anlaşma İranla münasibətlərin istiqamətini dəyişmək üçün şans yaradır: «Ölkələrimiz arasındakı ciddi fərqlər var və biz bu fərqləri diqqətə almaya bilmərik. Amma bu saziş yeni istiqamət üzrə hərəkət etməmizə imkan yaradır. Və biz bu imkandan istifadə etməliyik».
İran prezidenti Həsən Ruhani də bildirib ki, Vyanada əldə olunan anlaşma Tehranın digər ölkələrlə münasibətlərində yeni səhifə açır.
***
İranla nüvə razılaşmasının təfərrüatları məlum olub. Reuters diplomatik mənbələrə istinadən bildirir ki, razılaşmanın şərtlərinə əsasən, İran nüvə proqramı ilə bağlı razılaşmanı pozsa, 65 gün müddətində sanksiyalar bərpa ediləcək.