«Dövlət büdcəsinin indiki göstəriciləri sırf neft amili ilə bağlıdır»
Qadir Ibrahimli: «Neftdən asılı olan iqtisadiyyatın çöküşü bu cür olmalı idi»
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3,346 milyard manat vəsait daxil olub. “Trend” bu barədə nazirliyə istinadən xəbər verir.
Proqnoz tapşırığına 100,8 faiz əməl edilib. Bu dövr ərzində qeyri-neft sektoru üzrə büdcəyə 2,289 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.
Hesablamalara görə Azərbaycanın 20 milyardlıq büdcəsinin təxminən 10 milyardı Neft Fondundan transfertlər hesabına formalaşır. Yerdə qalan 10 milyardın cəmi 7 milyardı vergilər hesabına formalaşır. Amma o da nəzərə alınmalıdır ki, 7 milyardlıq vergi yığımının 32 faizini də neft sektorundan cəlb olunan vergi təşkil edir. Bu isə o deməkdir ki, təxminən 2.2 milyard vəsait neft sektorundan gələn vergilərdir. Bütün bu hesablamalar onu ortaya qoyur ki, neftsiz dövlət büdcəsi 5-7 milyard arasında formalaşmalıdır. Bu da neftsiz Azərbaycan büdcəsi ən kasıb dövlətin sahib ola biləcəyi büdcə səviyyəsində olardı anlamına gəlir. Neft pulları hesabına kəskin şəkildə artırılan dövlət büdcəsi son nəticədə korrupsiya qurbanı olur və neft pullarından səmərəli istifadə olunmur.
Iqtisadçı ekspert Qadir Ibrahimli hesab edir ki, büdcə daxilolmalarının 70 faizi çıxılarsa, yerdə qalan məbləğ Azərbaycanın real vergi daxilolmaları sayıla bilər. Azərbaycanın neft resursu olmasaydı belə ölkəmizin Cənub Qafqazın iqtisadi baxımdan güclü dövləti ola biləcəyini düşünən Q.Ibrahimli bildirdi ki, bu sırf təbii resurslarla, ölkənin tranzit mövqeyi ilə bağlı bir məsələdir: “Azərbaycanın təbii resursları imkan verir ki, neft resursları istisna olmaqla ölkəmiz regionun iqtisadi baxımdan aparıcı dövləti olsun. Amma dövlət büdcəsinin indiki göstəriciləri sırf neft amili ilə bağlı olan məsələdir. Yəni neft gəlirləri azaldıqca Azərbaycanın gəlirləri də azalacaq. Neftdən asılı olan iqtisadiyyatın çöküş mərhələsi də bu cür olmalı idi”.
Xəyal


